waplog

Dünyanın ən böyük e-nəşriyyatının türkiyəli meneceri AMEA İTİ-də olub


AMEA İnformasiya Texnologiyaları İnstitutunda dünyanın ən böyük e-nəşriyyatlarından olan ELSEVIER-in Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə maliyyə meneceri Ayhan Akanay Saracoğlu ilə görüş keçirilib. Məqsəd Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayan elmi məqalələrin dünyanın nüfuzlu e-nəşriyyatlarında dərci, bu işlərin yüksək səviyyədə təşkili məsələlərinin müzakirəsi idi.
 
Öncə qonaq ELSEVIER-in fəaliyyəti haqqında ətraflı məlumat verdi. 1580-ci ildə yaradılan qlobal korporasiyanın dünyanın ən qədim nəşriyyatlarından biri olduğunu söyləyən A.Saracoğlu 432 yaşlı ELSEVIER-in bu gün 25 ölkədə 74 ofisinin fəaliyyət göstərdiyini bildirib.

Hazırda qlobal şirkətin mənzil-qərargahının Amsterdamda yerləşdiyini, 7,5 mindən çox əməkdaşının 180-ə yaxın ölkədə 30 milyon alim və mütəxəssis, o cümlədən tələbələrə xidmət etdiyini, elmi məqalə və jurnalların satışı, onlara əlyetərliyi təmin etdiyini qeyd edib. A.Saracoğlu ELSEVIER-in səmərəli elmi-tədqiqat işləri üçün ən yaxşı informasiya resurslarını təklif etdiyini, yeni innovativ təfəkkürün tələbi olduğunu bildirib.

O, nəşriyyatın innovativ bilikləri əhatə edən verilənlər bazası olduğunu bildirərək dünyada dərc edilən jurnalların 26%-inin ELSEVIER-in payına düşdüyünü söyləyib. ELSEVIER-də hər gün 300 min məqalənin nəşr olunduğunu, il ərzində isə milyondan artıq məqalənin ingilis dilinə tərcümə olunaraq sayta yerləşdirildiyini bildirib.
 
ELSEVIER-in 1990-cı ildə ScienceDirect platformasının yaradılmasına böyük sərmayə yatırdığını söyləyən qonaq bu "flaqman" məhsulun informasiyaya çıxış üçün yeni eranın başlanmasına rəvac verdiyini bildirib. O, dünyada 11 milyondan artıq tədqiqatçının ScienceDirect-ə çıxışı olduğunu vurğulayıb.

Türkiyədə 331 elm və təhsil müəssisəsinin bu qlobal şirkətə abunə olduğunu söyləyən qonaq Malayziya, Pakistan, Kolumbiya və s. kimi ölkələrdə bu sahədə görülən işlər haqqında da məlumat verib.
 
Sonra Azərbaycanda bu sahədə mövcud vəziyyətlə bağlı geniş fikir mübadiləsi, müzakirələr aparılıb. Ölkəmizdə bu sahədə mühüm işlərin görülməli olduğu bildilib, Azərbaycanın elmi məqalələrinin dünyada tanıdılması, həmçinin tam mətnli (full text) məqalələrə əlyetərliyin təmin olunmasının mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğu qeyd edilib.

Elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu kimi bazaların üstünlüklərindən, yaratdığı geniş imkanlardan söhbət açılıb. Bildirilib ki, bu kimi işlərin yüksək səviyyədə təşkili Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından da mühüm əhəmiyyət kəsb edir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL