Azərbaycanla Tacikistan arasında İKT sahəsində əməkdaşlıq müzakirə edilib
Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycanla bu ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığın inkişafı və iş adamları arasında əlaqələrin gücləndirilməsi müzakirə edilib. Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasında İKT ilə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi və s. sahələrdə əməkdaşlıq da əsas müzakirə mövzusu olub. "İCTnews" elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, iclasda Azərbaycanı iqtisadi inkişaf naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Nəqliyyat, Sənaye və Energetika, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Neft Şirkətinin, "Det-Al" Alüminium Kompleksinin əməkdaşları daxil olub. Tacikistan tərəfdən isə iclasda bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Şarif Rahimzodanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Ş.Mustafayev Azərbaycanda xarici ölkələrlə, o cümlədən Tacikistanla əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini qeyd edib. Nazir ölkələrimiz arasında bütün sahələri əhatə edən 20-dən çox sənəd imzalandığını, iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm müqavilə - hüquqi bazanın yaradıldığını, mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Ş.Rahimzoda ölkəsində Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verildiyini, əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. İclasın sonunda Azərbaycanla Tacikistan arasında Ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının birinci iclasının yekunlarına dair Protokol imzalanıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL