Daşınmaz əmlakın e-qeydiyyatı bu sahədə “bir pəncərə” prinsipinin tətbiqinə tam imkan verəcək
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına, eləcə də "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin göstərilməsinə başlayır.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, mart ayının 15-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sisteminin təqdimatı keçirilib.
Belə ki, Elektron Qeydiyyat İnformasiya Sisteminin yaradılması və tətbiqi məqsədi ilə bağlı "NETCAD" və "Saybernet" şirkətləri ilə müvafiq müqavilə imzalanıb.
Artıq yaxın zamanlarda tətbiqinə başlanılacaq Elektron Qeydiyyat İnformasiya Sistemi daşınmaz əmlakın qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsinə imkan verəcək ki, bu da qeydiyyat prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə yanaşı, bu sahədə şəffaflığı və etibarlılığı daha da artıracaq.
Təqdimat mərasimində məqsəd müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslərə Elektron Qeydiyyat İnformasiya Sisteminin mahiyyəti, iş prinsipi və ondan istifadə imkanları barədə məlumat vermək, bu sahədə müvafiq izahat işləri aparılmasıdır.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, Dünya Bankı və "KfW" bankın, "NETCAD", "Saybernet", Koreya Respublikasının "SK C & C Co.LTD", Sumqayıt Kadastr layihəsi üzrə podratçı şirkətinin, əmlak bazarında fəaliyyət göstərən QHT-lərin və özəl şirkətlərin nümayəndələri iştirak etmişlər.
Tədbirdə bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzərində hüquqların elektron qeydiyyatına keçidlə bağlı artıq müvafiq işlər görür. Belə ki, ƏMDK və onun yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin internet saytlarında elektron xidmətlər bölməsi yaradılıb.
Bu bölmələrdə elektron xidmətlərin göstərilməsi qaydaları, qeydiyyat üçün müraciət (ərizə) formaları və tələb olunan sənədlərin siyahısı, qeydiyyat üçün tələb olunan dövlət rüsumu və xidmət haqları – bir sözlə elektron xidmətlərdən istifadə etmək üçün tələb olunan məlumatlar yerləşdirilib.
Qeyd edək ki, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Elektron arxivin yaradılması, yəni qeydiyyat sənədlərinin elektron formata köçürülməsi nəticəsində, qeydiyyat prosesi zamanı bu sənədlərin axtarılmasına vaxt itirilmir.
Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində vaxt itkisini aradan qaldırmağa, operativliyi dəfələrdə artırmağa imkan verir.
Bununla əlaqədar olaraq komitə tərəfindən elektron arxivin yaradılması istiqamətində də mühüm addımlar atılmışdır.
Belə ki, "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi çərçivəsində komitənin regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 190 mindən artıq əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdə olan mətn məlumatları elektronlaşdırılaraq Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib.
Elektron xidmətlərə keçidlə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Milli Qeydiyyat Sisteminin vahid məlumat bazasının yaradılması və onun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xidmətin korporativ şəbəkəsi ən müasir avadanlıqlarla təchiz olunmaqla yenidən qurulub.
Korporativ şəbəkənin yenidən qurulması və vahid mərkəzdən idarə olunması nəticəsində komitənin daşınmaz əmlakın qeydiyyatını həyata keçirən 18 regional ofisinin məlumat bazası vahid məlumat bazasında birləşdirilib. Artıq fevral ayının 1-dən etibarən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bütün yerli ofisləri bu bazadan istifadə etməklə fəaliyyət göstərir. Elektron xidmətin təşkili ilə bağlı proqram təminatının hazırlanması başa çatmaq üzrədir.
Tədbirdə bildirilib ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər iki mərhələdə tətbiq ediləcək ki, bunun da 1-ci mərhələsinə artıq mart ayının 1-dən başlanıb.
1-ci mərhələdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların və məhdudiyyət (yüklülük) arayışlarının alınması üçün vətəndaşlardan müraciətlərin elektron qaydada qəbulu nəzərdə tutulur. Bu xidmətin sayəsində hazırda fiziki və hüquqi şəxslər DƏDRX-in internet səhifəsindəki (http://emdkdedrx.gov.az/) «Elektron xidmət» bölməsinə daxil olmaqla ərizələrin qəbulu üçün elektron müraciət edə bilərlər.
Artıq bu bölmədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların və məhdudiyyət (yüklülük ) arayışlarının alınması üçün elektron müraciətlərin qəbuluna başlanıb.
Bu müraciətlərə komitənin yerli qeydiyyat ofislərində operativ qaydada baxılır və müraciət edənlərə yerli ofislərə hansı tarixdə və hansı vaxtda müraciət etməsi barədə elektron bildiriş göndərilir.
May ayının 1-dən etibarən isə elektron xidmətlərin 2-ci mərhələsi başlayacaq.
Bu mərhələ çərçivəsində daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi üçün müraciətlərlə yanaşı, tələb olunan sənədlərin də elektron və ya skan edilmiş formatda rəsmi qəbuluna başlanacaq.
Başqa sözlə, elektron xidmətlərin 1-ci mərhələsində şəxslər əmlakın qeydiyyatı üçün müraciəti elektron formada edib, bunun üçün tələb olunan sənədləri DƏDRX-in yerli ofislərinə adi qaydada təqdim etməli idilərsə, 2-ci mərhələdə tələb olunan sənədlər də yerli ofislərə elektron qaydada – internet vasitəsilə göndərilə biləcək. Bununla da hüquqi və fiziki şəxslər komitənin yerli qeydiyyat ofislərinə getməli və bunun üçün vaxt itirməli olmayacaq.
Yaradılacaq internet portalı fasiləsiz olaraq - həftədə 7 gün 24 saat işləyərək müraciətləri komitənin yerli ofislərinə çatdıracaqdır. Müraciətlər portal vasitəsi ilə qeyri-iş günləri və ya iş günü başa çatdıqdan sonra daxil edildikdə, həmin müraciətlərin qeydiyyatı müvafiq olaraq qeyri-iş günündən sonrakı ilk iş gününün başlanğıcından hesablanacaq. Elektron xidmət istifadəçiləri istədiyi zaman, istədiyi yerdən internet vasitəsilə öz müraciətini göndərə biləcəklər.
Tədbirdə elektron xidmətlərə keçidin daşınmaz əmlakın qeydiyyatı sisteminin şəffaflıq və səmərəliliyini artıracağı və daşınmaz əmlak bazarının dinamik inkişafı üçün zəmin yaradacağı vurğulanaraq, bu istiqamətdə müzakirələr aparılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL