waplog

2012-ci ildə təxminən 290-300 milyon kompyuter sıradan çıxacaq


Sürətlə dəyişən texnologiyalar erasında istifadəçilər üçün bu templə uyğunlaşmaq heç də asan deyil. Daim yeniləşən, təkmilləşən texnologiyaların artımı sayəsində kompyuterlər, noutbuklar da özlərindən əvvəlki avadanlıqları bir an içində geridə qoydu. Bu tendensiya sayəsində ortaya bir sıra problemlər çıxır. AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) baş mühəndisi, texnika elmləri doktoru Rəşid Ələkbərovun sözlərinə görə, son illərdə dünyada İKT-nin çox böyük sürətlə və davamlı inkişafı kompyuter texnikasının daim yenilənməsinə gətirib çıxarır: ”Bu isə o deməkdir ki, kompyuter texnikası vasitələri hansı sürətlə yenilənirsə, istismarda olan kompyuterlər də həmin sürətlə köhnəlir, istifadəçilərin artan tələbatına cavab verə bilmir”.

18 aydan bir kompyuterlərin məhsuldarlığı 2 dəfə artır, qiyməti 2 dəfə ucuzlaşır


Baş mühəndis hesablama texnikasının inkişafının ilkin mərhələlərində kompyuterlərdən əsasən, dövlət təşkilatlarında, təhsildə və elmin bir çox sahələrində geniş istifadə olunduğunu deyir. Amma onların fiziki ölçülərinin çox böyük və qiymətinin yüksək olması bir sıra məhdudiyyətlər yaradırdı. B

elə ki, məhz bu səbəblərdən vətəndaşlar onları əldə edərək fərdi qaydada istifadə edə bilmirdilər: ”1960-cı illərdə inteqral sxemlərin meydana gəlməsindən sonra kompyuter texnikası böyük sürətlə inkişaf etməyə başladı. Hələ 1965-ci ildə “İntel” firmasının yaradıcısı Qordon Mur empirik olaraq göstərirdi ki, inteqral sxemlərdə yerləşən tranzistorların sayı hər 18 aydan bir iki dəfə artır. Bu isə öz növbəsində hər 18 aydan bir kompyuterlərin məhsuldarlığının 2 dəfə artmasına və qiymətinin 2 dəfə ucuzlaşmasına səbəb olur. İlk olaraq fərdi kompyuterlərin kütləvi istehsalına 1976-cı ildə “Apple” firması başlayır və bir necə il ərzində 2 milyona yaxın fərdi kompyuterlərin satılmasına nail olur. 1981-ci ildən isə “IBM” firması “IBM/PC” tipli fərdi kompyuterlərin istehsalına başladı”. Kompyuterə artan tələbat nəticəsində 2010-cu ildə təxminən 366 milyon kompyuterin istehsalı proqnozlaşdırılmışdısa, 2011-ci ildə təxminən 274 milyona yaxın fərdi kompyuter istehsal edilib.

Köhnə kompyuterlərin yeni probleminə iki yanaşma

R. Ələkbərov deyir ki, 4-5 il müddətində istifadədə olan kompyuterlərin hesablama və yaddaş resursları yeni yaradılan proqram məhsullarının tələblərinə tam cavab vermir, bəzi hallarda onları dəstəkləmir. Ancaq bu da köhnə kompyuterlərin dəyərlərini tam itirməsi anlamına gəlməməlidir. B

elə ki, hər hansı məsələnin həlli üçün yararlı olmayan kompyuter, digər məsələlərin, məsələn, “Microsoft Office” proqramlarında işləmə, internetə çıxış və s. zamanı yararlı ola bilər: ”Son illərin statistikası göstərir ki, hər il Almaniyada 2,2 milyon, ABŞ-da 30 milyon kompyuter fiziki və mənəvi cəhətdən köhnəldiyindən gündəlik istifadədən çıxarılır. Bu ölkələrdə orta səviyyəli vətəndaşlar kompyuterlərini 2-3 ildən bir yenisi ilə əvəz edir. ABŞ-da yerləşən “Ərtaf mühitin təhlükəsizliyi üzrə Milli qurum”un proqnozlarına görə, 2010-cu ildə dünyada 250 milyon köhnəlmiş kompyuter olub. Təxminən hər il bazara onun 10 faizinə yaxın həcmində sıradan çıxmış kompyuter daxil olur. 2011-ci ildə köhnə kompyuterlərin sayı 270 milyona çatıb. 2012-ci ildə isə təxminən 290-300 milyon sıradan çıxmış kompyuterlər olacaq”. B

aş mühəndisin sözlərinə görə, bu proses bütün ölkələrdə getdiyi üçün köhnəlmiş kompyuterlərdən necə istifadə edilməsi müasir dövrün əsas problemlərindən birinə çevrilir: ”ABŞ, Yaponiya və Avropa Birliyi ölkələrində köhnəlmiş kompyuterlərdən əsasən iki istiqamətdə istifadə edilir. Belə ki, mənəvi cəhətdən köhnəlmiş kompyuterlər maliyyə imkanları az olan sosial qruplar tərəfindən yenidən istifadəyə verilir. İkinci yol isə istifadəyə yararsız vəziyyətdə olan kompyuterlərin məhv edilməsi, yəni utilizasiyasıdır”.

Birinci variantdan dünyanın əksər ölkələrində geniş istifadə edilir. Məsələn, 1993-cü ildən Kanadanın bir çox şəhərlərində köhnə kompyuterlərin qəbul edilməsi üçün çoxsaylı qəbul məntəqələri açılıb. Bu qurum əhalidən köhnə kompyuterləri ucuz qiymətə toplayır, onlar kimyəvi vasitələrlə təmizlənir və lazımi konfiqurasiya bərpa olunur. ”Microsoft” firması ilə bağlanmış müqaviləyə əsasən, lisenziyalı “Windows” əməliyyat sistemi, “Microsoft Office” proqram məhsulları pulsuz olaraq instalizasiya edilir və çox ucuz qiymətə satışa çıxarılır.

Belə kompyuterlərin bir hissəsi müxtəlif xeyriyyə fondlarının köməyi ilə az təminatlı vətəndaşlara, immiqrantlara, kompyuterdə işləmək vərdişlərini öyrədən tədris mərkəzlərinə, valideyn himayəsindən məhrum olan uşaqlara, əlillərə təmənnasız paylanılır: ”İngiltərədə fəaliyyət göstərən “Beynəlxalq Kompyuter Yardımı” xeyriyyə təşkilatı da köhnə kompyuterləri zəif inkişaf etmiş ölkələrə göndərməklə yoxsulluğun, eləcə də rəqəmsal fərqin aradan qaldırılması problemlərinin həllinə kömək edir. B

elə ki, son dövrlərdə bu təşkilat Afrika və Cənubi Amerikanın bir sıra ölkələrinə 200 minə yaxın köhnə kompyuter göndərib. ABŞ-da köhnəlmiş kompyuterlərin, onların hissələrinin “Second Hand” mağaza şəbəkələrinin köməyi ilə alqı-satqısı təşkil olunur. İqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə vətəndaşlar bu kompyuterləri ucuz qiymətə əldə etməklə rəqəmsal geriliyi aradan qaldırmış olurlar”.

Bir kompyuteri qeydiyyatdan silmək üçün 6-7, yoxsa 4 il sərfəlidir?

Amma Azərbaycanda, eləcə də MDB ölkələrində köhnə kompyuterlərdən yenidən istifadə edilməsi problem olaraq qalır: ”Problemin əsas səbəbi odur ki, mövcud qanunvericiliyə görə, dövlət sektorunda fəaliyyət göstərən təşkilat və müəssisələrə məxsus olan fərdi kompyuterlər mühasibatlıqda əsas vəsait kimi qeydiyyata alınır. Bu kompyuteri qeydiyyatdan silmək üçün ən azı 6-7 il vaxt lazımdır. Halbuki Avropa ölkələrində 4 ilə kompyuterlər mənəvi cəhətdən köhnəldiyindən onları satışa çıxarıb satırlar. A

mma bizdə kompyuterlərin əsas hissəsi nazirliklərdə, universitetlərdə, digər dövlət təşkilatlarında olduğuna görə onların hesabdan silinməsinə ən azı 6-7 il vaxt lazım olur. Halbuki bu müddətdən sonra verilən kompyuterlər artıq heç kimə lazım olmaya bilər. Ona görə də yaxşı olardı ki, Azərbaycanda da 4 il müddətinə kompyuterlər hesabdan silinərək, kompyuteri olmayan təhsil müəssisələrinə, qaçqınlar və məcburi köçkün məktəbləri, valideyn himayəsindən məhrum olan uşaqlar, əlillər və sağlamlıq imkanları məhdud vətəndaşlara verilsin və onlarda da kompyuterlə işləmə bacarıqları formalaşdırılsın”.

Köhnə kompyuterlərin əhalidən toplanması üçün xüsusi təşkilat yaradılmalıdır

R.Ələkbərovun sözlərinə görə, əvvəlki illərdə Azərbaycanda kompyuterlərin qiyməti baha olduğundan insanlar bir kompyuteri 7-8 il işlədirdi: ”Amma son illərdə ölkənin iqtisadi vəziyyətinin yüksəlməsi, eləcə də texnologiyaların sürətli inkişafı həm planşet, həm fərdi kompyuterlərin qiymətlərinin ucuzlaşmasına, əhalinin hər 2-3 ildən bir kompyuterini dəyişməsinə imkan yaradıb. Yeniləri alındıqca isə köhnə kompyuterlər yığılıb qalır. Ona görə də yaxşı olar ki, ya dövlət, ya da qeyri-hökumət təşkilatları səviyyəsində köhnə kompyuterlərin toplanması ilə məşğul olan təşkilat yaradılmalıdır.

Bu təşkilat kompyuterləri ucuz qiymətə alıb onların kimyəvi təmizlənməsindən, müvafiq proqram təminatlarının yazılmasından sonra ehtiyacı olan müəssisələr verə bilər. Amma hazırda biz belə sosial layihələr həyata keçirə bilmirik”.


Utilizasiya xərcləri kompyuterlərin yenidən emalından gələn gəlirləri üstələyir


Texnologiyalar əsrinin qloballaşan problemlərindən biri də yararsız kompyuterlərdir. Çünki kompyuterlərin qovşaq və hissələrində xrom, sink, barium, berilium, civə, qurğuşun və s. kimi kimyəvi elementlər var.

R.Ələkbərov deyir ki, onlar açıq havada, zibilxanalarda qaldıqda ətraf mühitin - günəşin, suyun təsirindən erroziyaya uğrayır və ekoloji problemlər yaradır: ”Ona görə də dünyanın inkişaf etmiş ölkələrində kompyuterlərin zibilxanalara və ya təsadüfi yerlərə atılması qəti qadağandır və bu qadağaya məhəl qoymayanlar üçün yüksək cərimələr nəzərdə tutulur. Bundan başqa, fiziki cəhətdən köhnəlmiş kompyuterlərin yenidən emalı üçün bəzi inkişaf etmiş ölkələrdə təkrar emal zavodları tikirlər. Kompyuterlərin özündə yararsız metallarla yanaşı, əlvan, qiymətli metallar da var. Köhnə kompyuterlər bu zavodlarda emal olunur, qiymətli və əlvan metallar, zəhərli maddələr ayrılır və təyinatları üzrə istifadə edilir. Amma qiymətli metalları çıxarmaqla onların utilizasiyasına sərf edilən xərclər, kompyuterlərin yenidən emal edilməsindən əldə edilən gəlirlərdən çox olur”.

Yararsız kompyuterlərdən zəif ölkələrin hesabına can qurtarmaq yeganə çıxış yoludur?

Ümumiyyətlə, kompyuterlərin emalı səmərəli proses hesab olunmur. Bu səbəbdən, aparılan tədqiqatlar da göstərir ki, inkişaf etmiş ölkələr toplanmış elektron tullantıları öz ölkələrində emal etmirlər: ”Əslində, dünyada bu problemin də tənzimlənməsi mümkündür. 1989-cu ildə martın 22-də BMT tərəfindən “Təhlükəli tullantıların transsərhəd daşınmasına və onların məhv edilməsinə nəzarət haqqında” Bazel Konvensiyası qəbul edilib. Bu konvensiyaya görə, heç bir ölkə bu tullantıları digər ölkələrə keçirə bilməzlər. Amma bütün qadağalara baxmayaraq, gizli yollarla tullantılar zəif inkişaf etmiş ölkələrə göndərilir. İnkişaf etmiş dövlətlərdə təxminən tullantıların 30 faizi öz ölkələrində emal edilir. Qalan 75 faizi isə başqa ölkələrdə utilizasiya olunur. Bu tullantılar Cənubi Afrika, Cənubi Asiyanın zəif inkişaf etmiş ölkələrinə göndərilir və burada kimyəvi üsulla emal edilir. Amma nə qədər emal olunsa da, orada zəhərli tullantılar ətraf mühiti çirkləndirir”. B

u yolu seçməyənlər də var. Məsələn, Yaponiya kimi ölkələrdə köhnə kompyuterlər zibilxanalara atılmır, onlar poçt şöbələri vasitəsilə qəbul olunaraq, emal zavodlarına göndərilir: ”Köhnəlmiş kompyuterlərin ətraf mühitə ziyan vurmasının qarşısını almaq üçün nəhəng kompyuter istehsalçıları olan “Dell”, “HP”, “Apple” və s. şəbəkə strukturları yaradır. Bu şirkətlər istifadəçilərdən köhnə kompyuterləri toplayaraq onların sahiblərinə müəyyən talonlar verir və istifadəçilər də bu talonlardan istifadə etməklə, ucuz qiymətə yeni kompyuterlər ala bilirlər”.

Baş mühəndisin sözlərinə görə, Azərbaycanda da köhnə kompyuterlərin utilizasiyası problem olaraq qalır: ”Çünki bizdə də hələlik elektron avadanlıqların utilizasiyası ilə məşğul olan emal müəssisələri, zavodları yoxdur. Amma Azərbaycanda tullantıların utilizasiyası üçün hazırda nəhəng zavodun tikintisinə başlanılıb. Bu zavod yaxın illərdə işə salınmalıdır. Hesab edirik ki, işə salındıqdan sonra elektron tullantılar da bu zavodlarda emal olunub ekologiyanın təmizliyinə şərait yaradacaq”.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL