RİTN-in dəstəyi ilə ADNA-da yeni kompyuter otağı istifadəyə verilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) müasir texnologiyalara əsaslanan tədris üçün yeni auditoriya yaradılıb. Akademiyanın İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin 630 nömrəli auditoriyası müasir standartlara uyğun olaraq təmir olunub. Auditoriya lazımi ləvazimatlarla təchiz edilib.
Auditoriyada tələbələrin istifadəsi üçün 24 ədəd yeni kompyuter quraşdırılıb. Tələbələrin internetə rahat şəkildə daxil olması üçün auditoriya yüksəksürətli internetlə təmin olunub. Bundan əlavə, auditoriyaya iki kamera quraşdırılıb ki, bunun vasitəsi ilə də tədris prosesi fakültənin dekanı tərəfindən izlənilə biləcək.
Bu gün ADNA-da 630 nömrəli auditoriyanın açılışı keçirilib. Tədbirdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, universitetin prorektoru Vaqif Qurbanov, fakültənin dekanı və eləcə də bu təhsil ocağının müəllim və professor heyəti iştirak edib.
Prorektor Vaqif Qurbanov bildirib ki, akademiya Amerika, Qərb və MDB ölkələrinin universitetləri ilə sıx əlaqə saxlayır və təcrübə mübadiləsi aparır. Açılan yeni auditoriyanın tələbələr üçün töhfə olduğunu vurğulayan prorektor deyib ki, bu, universitet kollektivinə əsl Novruz bayramı hədiyyəsi olub.
Onun sözlərinə görə, hazırda mükəmməl təhsili informasiya kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil: «Bu baxımdan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılan bu auditoriya tələbələrin kamil mütəxəssis kimi yetişdirilməsində böyük əhəmiyyət daşıyır».
Rabitə bə İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirən prorektor bundan sonra da nazirliklə universitet arasındakı əlaqələrin daha da genişləndiriləcəyini qeyd edib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə çıxış edərək bildirib ki, belə bir auditoriyanın yaradılması ilə bağlı akademiya rəhbərliyi tərəfindən irəli sürülən təşəbbüs RİTN tərəfindən dəstəklənib. Nazir müavini qeyd edib ki, Azərbaycan Dövlət Neft Akademiyasının böyük tarixi var: «Azərbaycanda mütəxəssislərin və savadlı kadrların hazırlanmasında ADNA-nın çox böyük rolu var. Mən özüm də bu ali təhsil ocağının məzunu olmuşam».
Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsinin gündən-günə inkişaf etdiyini vurğulayan nazir müavini bildirib ki, yeni iş yerlərinin açılması ilə yerli mütəxəssislərə ehtiyac yaranır. Onun sözlərinə görə, bu gün tələbələr öz sahələrini daha dərindən öyrənməlidirlər ki, gələcəkdə elmimizin daha da inkişaf etdirilməsi istiqamətində öz töhfələrini verə bilsinlər: «Azərbaycan orbitə peykini qaldıracaq.
Çox sevindirici haldır ki, bununla bağlı işə qəbul olunanların hamısı azərbaycanlı kadrlardır. Bu günün tələbələrinə də sabah ehtiyac yaranacaq. Çünki İKT sahəsi durmadan inkişaf edir və ölkədə yeni-yeni imkanlar açır. Ona görə də tələbələrimizin yüksək texnologiyalara yiyələnməsi böyük əhəmiyyət daşıyır».
Seymur QASIMBƏYLİ
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL