waplog

İnformatika fənni üzrə şagird nailiyyətləri 4 istiqamətli standartlar üzrə qiymətləndiriləcək


Təhsil Problemləri İnstitutu (TPİ) bu tədris ilində ümumi təhsildə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi, onların “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları” əsasında tətbiqi məsələlərinin öyrənilməsini həyata keçirir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Problemləri İnstitutunda Tətbiqi Tədqiqatlar Mərkəzində Tədqiqatların İKT təminatı şöbəsinin müdiri Ruhiyyə Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin sifarişi ilə aparılan bu tədqiqatlarda sözügedən şöbə verilənlər bazası ilə məşğuldur: ”Tədqiqatların İKT təminatı şöbəsi fənlər üzrə kurrikulumlar, eyni zamanda da bütün fənlər üzrə 5-9-cü siniflər üçün qiymətləndirmə standartları hazırlayır. Artıq 1-4-cü siniflərin qiymətləndirmə standartları hazırdır və kitab halında dərc edilib. Ümumiyyətlə, bu ilin aprel ayından dekabra qədər 5-9-cu siniflərin qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və müəllimlər üçün təlimatların hazırlanması ilə bağlı nazirliyin sifarişi ilə tender elan olundu.

Burada informatika fənni üzrə mən milli məsləhətçi kimi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev isə sədr olaraq çalışır. Tədqiqatların İKT təminatı şöbəsinin də cəlb olunduğu bu prosesdə 5-9-cu siniflərdə informatika fənni üzrə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi işləri həyata keçirilir”.

R.Mehdiyeva qiymətləndirmə standartlarının davamlı təkmilləşdirilməsinin vacib olduğunu da deyir: ”Kurrikulumlar və qiymətləndirmə standartları hazır idi. Amma onun ildən-ilə təkmilləşdirilməsi vacib olduğundan nazirliyin sifarişi ilə bütün fənlər, o cümlədən də informatika fənni üzrə standartların hazırlanması üçün İşçi Qrup yaradıldı”. Belə ki, informatika fənni üzrə standartlarda “İnformasiya və informasiya prosesləri”, “Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə  və proqramlaşdırma”, “Kompyuter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri”, “Cəmiyyətin informasiyalaşdırılması” kimi hər istiqamət üzrə ayrıca məzmun və ona uyğun qiymətləndirmə standartları müəyyənləşdirilib.

Məsələn, İnformatika fənni üzrə IX siniflərdə birinci istiqamətə əsasən şagird informasiyanın kodlaşdırılması haqqında, informasiya və informasiyanın emalı haqqında biliklərini nümayiş etdirir. “Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə  və proqramlaşdırma” istiqaməti üzrə isə şagirdlər obyektin informasiya modelinin yaradılmasına dair, eləcə də,  alqoritmləşdirmə və sadə proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini nümayiş etdirir.

Növbəti məzmun standartları üzrə öyrənənlər kompyuterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair və tətbiqi proqramlarla işləmək bacarıqlarını, eləcə də informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarını nümayiş etdirir. Sonuncu məzmun standartında isə şagird  informasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklərini nümayiş etdirir. Hazırlanan meyarlarda “İnformasiya və informasiya prosesləri” istiqaməti üzrə qiymətləndirmə standartında informasiyanın kodlaşdırılması haqqında biliklərə, eləcə də informasiya və informasiya emalı haqqında biliklərə dair qiymətləndirmə sxemləri əks olunub.

“Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə  və proqramlaşdırma” üzrə isə obyektin informasiya modelinin yaradılması, həmçinin alqoritmləşdirmə, sadə proqramlaşdırma  bacarıqlarına dair qiymətləndirmə sxemləri hazırlanıb.

Bundan başqa, “Kompyuter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri” istiqaməti üzrə qiymətləndirmə standartında kompyuterin, sistem proqramlarının ümumi iş prinsipləri bacarıqları, tətbiqi proqramlarla işləmək və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına dair  qiymətləndirmə sxemi yer alıb. Sonuncu - “Cəmiyyətin informasiyalaşdırılması” istiqamətində isə qiymətləndirmə standartı olaraq informasiya cəmiyyətinin formalaşdırılması biliklərinə dair qiymətləndirmə sxemi hazırlanıb: ”Şagird nailiyyətlərinin müəyyənləşdirilməsində hazırda əsas standartlarda mövzular və məzmun xətləri üzrə dörd səviyyədə qiymətləndirilmə aparılır.

Əvvəllər sırf biliyə görə qiymətləndirilmə aparılırdı. Şagird dərsini danışırdı, amma bu biliyi praktikada tətbiq edib-etməməsi əhəmiyyət daşımırdı. Yeni qiymətləndirmə standartlarında isə artıq bilik, bacarıq və fərdi iş əsas götürülür. Müasir təhsil sisteminə görə, şagirdlər mütləq bu bacarıqlara uyğunlaşmalıdır. Ona görə  hazırda onlara verilən qiymətlər də yeni hazırlanan bu standartlara əsaslanmalıdır. Tezliklə bu standartlar müəllimlərdə də olacaq və bundan sonra standartlara uyğun olaraq şagird nailiyyətləri “əla”, “yaxşı”, “orta” və “kafi” kimi qiymətləndiriləcək”.
 
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL