Müəllimlərin elektron işə qəbulu mexanizmi təkmilləşdiriləcək
Müəllimlərin işə qəbulunda istifadə olunan elektron mexanizm beynəlxalq təcrübəyə uyğun təkmilləşdiriləcək.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ölkə üzrə pedaqoji kadrların seçilib yerləşdirilməsində obyektivliyi, şəffaflığı və keyfiyyəti təmin etmək məqsədilə 2008-ci ildən etibarən müəllimlərin işə qəbulu beynəlxalq təcrübə nəzərə alınaraq və müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada İKT tətbiq edilməklə həyata keçirilməyə başlanılıb: ”2011-2012-ci dərs ilində mexanizm daha da təkmilləşdirilib, elektron ərizə, elektron imtahan, elektron yerləşdirmə tətbiq edilməklə prosesə təsir və müdaxilələr tam aradan qaldırılıb.
Ümumtəhsil məktəblərində vakant olan 1000-dən çox yerə 9850 nəfər müəllim elektron ərizə verib. Müsabiqədə 10 minədək müəllimin iştirak etməsinə, onların yalnız 10 faizinin işə qəbul olunmasına baxmayaraq, bu günədək heç bir şikayət daxil olmayıb”.
Bu tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik “Kadr təminatı və təlim mərkəzi”nin yaradılması nəzərdə tutulur. Nazirlik Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçün məqsədli yenidənhazırlanma təhsilinin təşkilinin də icrasına başlayıb. Bundan başqa, müəllimlərin işə qəbulunun proqram təminatı daha da təkmilləşdiriləcək.
Ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməsi də nəzərdə tutulur. Həmçinin, müsabiqədə iştirak üçün elektron ərizədəki “şəxsiyyət vəsiqəsinin nömrəsi” Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulacaq.
Proqram təminatına daha iki modul - müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu modulu və vakant qalan yerlərə əlavə yerləşdirmə modulu əlavə ediləcək. İşə qəbulla bağlı nəzərdə tutulan digər vəzifələr ali məktəblərdə qoşaixtisaslı müəllim kadrlarının hazırlanması işinin təşkili, orta ixtisas təhsili bazasında pedaqoji kadr hazırlığının dayandırılmasıdır. Bundan başqa, müəllimlərin işə qəbulu üzrə Qaydalar Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək.
Əsassız yerdəyişmələrin qarşısını almaq üçün isə qaydalarda işə qəbul olunmuş müəllimlər üçün məcburi çalışma müddəti üç il müəyyənləşdiriləcək. Nazirliyin qarşıdakı hədəfləri sırasında pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsidir. Eyni zamanda, mərkəzləşdirilmiş müsabiqənin regionlar üzrə keçirilməsi də nəzərdə tutulur.
Onu da qeyd edək ki, nazirliyin araşdırmaları müəllimlərin elektron qaydada işə qəbulunun bir sıra üstünlüklərə malik olduğunu göstərir. Belə ki, prosesdə elektron vasitələr tətbiq edilir, şəffaflıq və obyektivlik təmin olunur, imtahanın sonunda hər bir müəllim öz nəticəsini bilir. Bundan başqa, qiymətləndirmə insan amili olmadan aparılır, vakant yerlərə yerləşdirilmə proqram təminatı vasitəsilə aparılır və həmin anda müsabiqənin nəticələri barədə məlumat hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL