Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətlər göstərilməsi məqsədi ilə banner yaradıb
Kənd Təsərrüfatı Nazirliyi (KTN) elektron xidmətlər göstərilməsi məqsədi ilə nazirliyin rəsmi internet saytında (www.agro.gov.az) “Elektron xidmətlər” banneri yaradıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə KTN-in mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
O bildirib ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 4-cü və bu Fərmanın icrasının təmin olunmasına dair Nazirlər Kabinetinin 7 iyun 2011-ci il tarixli 147s nömrəli Sərəncamının 3-cü bəndlərinə əsasən adıçəkilən Fərmanın 2-ci bəndində nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir sıra işlər görülüb.
Belə ki, Fərmana uyğun olaraq tapşırıqların vaxtında və səmərəli icrasının təmin olunması məqsədi ilə həyata keçiriləcək kompleks işlər müəyyən olunub, cari vəziyyət araşdırılıb, nazirliyin tərkibinə daxil olan qurumlar tərəfindən göstəriləcək elektron xidmət növlərinin siyahısı tərtib edilib, növləri dəqiqləşdirilib, elektron xidmətlər göstərilməsinin təşkili üçün tələb olunan vəsaitin məbləği müəyyənləşdirilib və bununla bağlı digər zəruri məsələlər təhlil olunub.
Onun sözlərinə görə, Fərmanın 2.1 bəndinə uyğun olaraq yaradılan bannerdə lisenziyalaşdırma sahəsində mövcud qanunvericiliyə əsasən etil (yeyinti) spirti, alkoqollu içkilər, tütün məmulatı istehsalı və idxalı, özəl baytarlıq təbabəti, baytarlıq preparatlarının istehsalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya), özəl toxumçuluq fəaliyyətinə şəhadətnamə verilməsi qaydaları və bu xidmətlərin göstərilməsi üçün tələb olunan zəruri sənədlərin dəqiq siyahısı göstərilib, müvafiq sənədlərin (ərizə və digər) elektron variantı yerləşdirilib və şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib.
Hazırda “elektron hökumət”, “elektron imza”nın yaradılması istiqamətində işlərin davam etdirildiyini önə çəkən M.Hacıyev əlavə edib ki, nazirliyin internet saytı vasitəsilə «qaynar xətt» yaradılıb, fermer və sahibkarlar üçün məsləhət guşəsi açılıb, ərizə və şikayətlərə baxılıb, müvafiq sahə şöbələri tərəfindən gün ərzində lazımi məlumatın verilməsi təmin olunub: «Digər tərəfdən vətəndaşların müraciətlərinin nazirlikdə baxılması məsələlərini asanlaşdırmaq məqsədilə nazirliyin rəsmi internet saytının baş səhifəsinin əsas sətrində “Məktub yazmaq”, “Qəbul günləri” və “Əlaqə” xanaları yaradılaraq işlək vəziyyətə gətirilib və zərurət yarandığı hallarda yeniləşdirilir, “Əlaqə” xanasında nazirliyin ünvanı, əlaqə telefonları və email ünvanları yerləşdirilib. Nazirliyin tabeliyində olan qurumların (Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, “AqroLizinq” Açıq tipli Səhmdar Cəmiyyəti, Aqrar Elm Mərkəzi) da rəsmi veb-saytları yaradılıb və “Elektron xidmətlər” bölmələri fəaliyyət göstərir».
Seymur QASIMBƏYLİ
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL