Abşeronluların telefon problemi həll olunur
Abşeronun bir çox yaşayış massivində telefon çəkdirmək problemi birdəfəlik həll edilir. Artıq bundan sonra istənilən vətəndaş evinə telefon çəkdirə biləcək. Bu sözləri bir neçə il əvvəl demək mümkün deyildi.
Problemin həlli
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məsələnin birdəfəlik həll edilməsi məqsədilə bütün yaşayış məntəqələrində telefona olan tələbatın ödənilməsi məqsədilə monitorinqlər keçirdi. Qısa zaman ərzində həyata keçirilən monitorinqlər nəticəsində məlum oldu ki, hər gün, hər saat evlərin sayının artdığı Abşeronda telefona və internetə tələbat böyükdür. Yeni salınan yaşayış məntəqələrində isə problem daha da dərindir.
Əhaliyə təklif edilən simsiz rabitə vəziyyətdən çıxış üçün məqbul variant sayılsa da, internet xidmətlərinə çıxış və istifadə tariflərinə görə stasionar telefonlara tələbat daha böyükdür. Abşeron TKQ-nın rəisi Əyyub İsmayılovun sözlərinə görə, “Aztelekom” İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində qısa vaxt ərzində problemin həlli istiqamətində böyük addımlar atılıb.
Ə.İsmayılovun sözlərinə görə, rayon ərazisində ən böyük yaşayış massivi kimi tanınan “Qurtuluş-93” yaşayış massivində 3008 nömrəlik 960 ADSL portlu yeni EATS-in montaj işləri başa çatıb. “Stansiya istismar üçün tam hazırdır. Burada “Aztelekom” İB şəbəkəsində ilk dəfə olaraq GPON (Gigabit tutumlu passiv optik şəbəkə) pilot layihəsi həyata keçirilib.
Belə ki, yaşayış sahəsindəki 14 ədəd 4 və 5 mərtəbəli bina üzrə 305 mənzilə fiber-optik liflərin qoşulması üçün fiber-optik paylayıcı qutuların və paylayıcı kanalların quraşdırılması işləri həyata keçirilib”.
Bundan başqa Masazır qəsəbəsinin “Atçılıq” yaşayış sahəsində də telefon problemi arxada qalıb.
Qəsəbədə 1024 nömrəlik , 192 ADSL portlu yeni EATS avadanlığının montaj-quraşdırma işləri başa çatıb. Yeni EATS-in 1600 metrəlik fiber-optik xətt şəbəkəsinin tikintisi üzrə 900 metrə məsafədə 4 kanallıq telefon kanalizasiyasının tikintisi tamamlanıb və qalan 700 metrə məsafədə işlər davam edir. Bu ayın sonuna kimi EATS-in istismara buraxılması nəzərdə tutulub.
1000 ailənin 150 telefonu
Abşeronun ən böyük qəsəbələrindən olan Hökməlidə vətəndaşlar arasında aparılan sorğu nəticəsində məlum olmuşdu ki, burada 1000-dən yuxarı ailə yaşasa da, Xırdalan 341/342 saylı mərkəzi EATS-dən çəkilən 150 ədəd xətt telefonu işləyir. Bu da tələbatı ödəməməklə yanaşı, vətəndaşların müasir telefon rabitəsi və internet xidmətlərindən istifadəsi üçün yetərli deyildi.
Buna görə Abşeron TKQ ərazidə xətt telefonuna olan tələbatı nəzərə alaraq yeni EATS binası inşa edib. Hökməli qəsəbəsində yeni 1024 nömrəlik 192 ADSL portlu EATS-in montaj-quraşdırma işlərinə başlanılıb.
Abşeronun Qaradağ rayonu ilə sərhədləri tamamilə itib. Söhbət Qobu qəsəbəsində salınan yeni yaşayış massivindən gedir. Burada əlçatmaz boz çöllüklərdə tikilən evlərin telefonlaşdırılması o qədər də asan başa gələn bir məsələ deyil. Ərazinin relyefinin qənaətbəxş olmaması, evlərin pərakəndə tikilməsi problemi bir qədər də dərinləşdirib.
Buna baxmayaraq Abşeron TQ Yeni Qobu yaşayış sahəsində quraşdırılacaq 1024 NN-lik 192 ADSL portlu EATS-in montaj-quraşdırma işlərinə başlanır. Qəsəbədə gələcəkdə yeni evlərin tikilməsi nəzərə alındığında gələcək nəsillərin belə telefon çəkdirmək problemi olmayacaq. Bundan başqa Qobustan kəndi ərazisində 512 NN-lik yeni EATS-in tələbatı ödəyəcəyi bildirilir.
“ONU” avadanlıqlarının tətbiqi
Xocahəsən qəsəbəsində Quşçuluq yaşayış massivinin telefona böyük tələbat olan bir hissəsində 640 abunəçilik (hər birində) “ONU” (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli stansiya avadanlıqları quraşdırılır. Xocahəsən qəsəbəsində “ONU”-nun quraşdırılması nəzərdə tutulan yerə qədər fiber-optik birləşdirici rabitə xəttinin quraşdırılması işləri başa çatdırılıb.
“ONU” stansiyası sakinlərə NGN texnologiyası imkanlığı ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir. Sözügedən avadanlıq istifadəçilərin telefon rabitəsi ilə yanaşı, İP TV, videotelefon və digər multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır.
Dünya təcrübəsində texnoloji baxımdan özünü yaxşı təqdim edən avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və yüksək keyfiyyətli çatdırılmasını təmin edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL