Vergilər Nazirliyi intellektual klub yaradacaq
«Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası» hazırlanarkən insan amili prioritet kimi götürülmüşdü. Əsas məqsəd vergi ödəyiciləri ilə əlaqələri qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında quraraq vergi qanunvericiliyinə könüllü əməletmə prosesinin inkişaf etdirilməsi idi.
Bu baxımdan, əsas hədəflərimizi elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, vergilərin ödənilməsi prosesinin asanlaşdırılması və elektron ödəmələrin tətbiqi, vergi borclarının yaranmaması üçün profilaktik işlərin təşkili, vergi ödəyicilərinə xidmət üsullarının yaxşılaşdırılması və sair idi». “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov söyləyib. O bildirib ki, sözügedən konsepsiya hazırlanarkən qarşıya qoyulan ümdə vəzifələrdən biri də vergi ödəyicisinin maarifləndirilməsi olub.
Onun sözlərinə görə, informasiya ötürücülərinin işinin məhsuldar və səmərəli olması bilavasitə informasiya daşıyıcılarının üzərinə çox böyük məsuliyyət qoyur: «Vergi ödəyicilərinə xidmət idarəsi kimi bu məsuliyyətin yükünü dərk edərək, öz üzərimizə düşən işi innovativ və operativ icra etməyə həmişə səy göstəririk. Vergilər Nazirliyinin internet saytının yeni versiyasında naviqasiya rahatlığı, yeni bölmələrin istifadəyə verilməsi, məlumatların sayta üç - Azərbaycan, ingilis və rus dillərində yerləşdirilməsi təmin edilib.
«Videobələdçi» bölməsi Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir, bu bölmə saytın istifadəçilərinə audio-video görüntülü məlumat verir, «Vergi Apelyasiya Şurası» bölməsi vergi ödəyicilərinə Vergi Apelyasiya Şurasına elektron formada müraciət etmək imkanı yaradır, yeni açdığımız «Vergi və dövlət rüsumlarını hara köçürməli?» adlı bölmə vergi ödəyicilərinə dövlət xəzinədarlıq orqanlarında vergi və rüsumlar köçürüləcək bank hesablarının rekvizitlərinin VÖEN əsasında axtarış aparmağa şərait yaradır, «Vətəndaşların videoqəbulu» bölməsi vasitəsi ilə ölkə vətəndaşlarının Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən onlayn rejimdə videoqəbulu imkanı yaradılıb».
2011-ci ildə vergi ödəyicilərinə göstərilən xidmətlərin spektrinin xeyli genişləndirildiyini önə çəkən E.Məmmədovun sözlərinə görə, fiziki şəxslərin elektron formada vergi uçotuna alınmasının (e-qeydiyyatın) tətbiqinə başlanılıb: «Fiziki şəxslərin fəaliyyətinin dayandırılması, filialın fəaliyyətinin dayandırılması, ƏDV qeydiyyatı, bankda hesab açılması, fəaliyyətin bərpası, hüquqi şəxsin fəaliyyətinin dayandırılması, ərizə formalarının elektron formada tətbiq edilməsi təmin edilib.
Vergi borcları barədə məlumatların operativ çatdırılması məqsədilə vergi ödəyicilərinə səsli mesajlarla yanaşı, mobil telefonlara yazılı mesajların göndərilməsinə başlanılıb. İnternet səhifəsində vergi ödəyicilərini vergi ödənişləri barədə məlumatlandırmaq məqsədilə «Vergi borcları üzrə kömək» adlı bölmə yaradılıb.
Nağdsız ödənişlərin stimullaşdırılması və pos-terminallardan istifadə barədə əhalinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində son vaxtlar intensiv işlər görürük və bu sahəyə dair müxtəlif layihələrimiz var. Artıq idarə tərəfindən nağdsız ödənişlərin üstünlüklərini, o cümlədən ödəniş kartları, pos-terminallar və onlardan istifadə qaydalarını özündə əks etdirən kitabça hazırlanıb və 30000 sayda nəşr etdirilərək vergi ödəyicilərinə çatdırılması üçün vergi orqanlarına göndərilib».
E.Məmmədov deyib ki, vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı fəaliyyət növünün dəyişdirilməsi, fəaliyyətin dayandırılması barədə ərizə və sənədlərin internet vasitəsilə təqdim edilməsinin tam başa çatdırılması nazirliyin qarşısında duran vacib məsələlərdən hesab olunur.
O əlavə edib ki, 2012-ci ildə də vergi maarifləndirilməsi və təbliğatı məqsədilə kütləvi informasiya vasitələri ilə əməkdaşlığın intensivləşdirilməsi, regionlarda yerli televiziya kanallarında efirə gedən «Vergi» verilişlərinin davamlı şəkildə təşkili nəzərdə tutulub: «Qarşımızda duran planlara gəldikdə, Vergilər Nazirliyinin nəzdində intellektual klubun yaradılması layihəsini qeyd etmək istərdim.
Bildiyiniz kimi, gənclərimizin intellektual oyunlara böyük marağı var və bu maraq ölkə rəhbərliyi səviyyəsində də hərtərəfli dəstəklənir. Məhz bu səbəbdən, belə bir təşəbbüslə çıxış etdik. Layihəyə əsasən, klub ilkin olaraq «Azərbaycan» Universitetinin bazasında formalaşdırılacaq və daha sonra intellektual oyunlar üzrə Beynəlxalq Klublar Assosiasiyasında qeydiyyatdan keçirilməsi işinə başlanılacaq. Planımızda müntəzəm çempionatın, ölkədaxili və beynəlxalq turnirlərin təşkil olunması və sair var».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL