KONRAD SUZE – “Kompyuter sosializmi"nin banisi
Konrad Suze 1910-cu il, 22 iyun tarixində Berlində doğulub. Atası Emil Suze poçt məmuru olub. Konrad kiçik yaşlarından texniki sahəyə maraq göstərib. 1935-ci ildə o "mülki tikinti" ixtisası üzrə ən yüksək texniki məktəbi (Tecbnische Hochschule) bitirib və “Henschel” aviaşirkətində analitik işləməyə başlayıb. Bu şirkətdə işləyərək, Suze təyyarələrin planlaşdırılmasıyla bağlı çoxsaylı cansıxıcı hesablamalarla rastlaşır.
O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Suzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. 1936-cı ildə 26 yaşlı Konrad hesablama cihazını (kompyuter) layihələşdirməyə qərar verir və "emalatxana" kimi valideynlərin mənzilini seçir.
O, əvvəlcə “Versuchsmodell” (eksperimental model) adlandırılmış kompyuterlərin seriyasını hazırlamağa hazırlaşırdı. Birinci “Versuchsmodell” - 1938-ci ildə hazırlanmış “Z-1” maşını tamamilə mexaniki idi, 16 maşın sözü və 4 kv.m sahəni əhatə edirdi. Hazırda “Z-1”-in bərpa edilmiş versiyası Berlində “Verker und Technik” muzeyində saxlanılır. “Suze Versuchsmodell” seriyasına mürəkkəb aqrodinamik hesablamalarla işləyən mühəndislər və alimlər üçün işçi alət kimi baxırdı.
Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı. Maşında verilənləri daxil etmək, yaddaş, idarə etmək və xaric etmək üçün ayrıca proqramlar nəzərdə tutulurdu. Suzenin maşını hesablama əməliyyatlarını sırf dual məntiq əsasında yerinə yetirirdi. Burada "inkar", "və", "yaxud" kimi əməliyyatların da aparılması mümkün idi. Sonra o, öz hesablama maşınında telefon relelərindən istifadə edərək “Z2”-ni düzəldir.
II Dünya müharibəsinin ilk dövrlərində - 1939-cu ildə Suze orduya cəlb edilir, lakin tezliklə o və bir çox mühəndislər hərbi xidmətdən azad edilir və hərbi alman gücünü dəstəkləyən mühəndislik layihələrinə yönləndirilir. O, Berlində yerləşən Alman Aviasiya Elmi Tədqiqat İnstitutuna göndərilir.
Öz doğma şəhərinə qayıdan alim valideynlərinin evində öz şəxsi vəsaiti hesabına “Versuchsmodell” seriyasını təkmilləşdirməyə davam edir və institutda isə “Luftwaffe” üçün hərbi təyyarələri layihələşdirirdi.
Suze proqramlaşdırıla bilən kompyuterin və yüksəkdilli proqramlaşdırmanın ixtiraçısı hesab olunur
Suze apardığı təkmilləşdirmələrdən sonra 1941-ci ildə yeni keyfiyyətdə işləyən “Z3” maşınını nümayiş etdirir. Bu qurğu artıq proqramlaşdırıla bilən hesablama maşınının bütün vacib elementlərinə malik idi. Bununla Suze dünyada ilk dəfə olaraq, bu gün bizə məlum olan EHM ilə eyni konseptə malik olan, tam elektrik cərəyanı ilə işləyən elementlərlə təchiz olunmuş maşını düzəltmiş olur.
Bu maşın 2600 reledən ibarət idi. Yaddaş hər biri 22 bitə malik 64 ədəddən ibarət idi və verilənlər tastatura vasitəsilə daxil edilirdi. Maşın taktla işləyirdi. Bu takt saniyədə təxminən 5 dəfə fırlanan baraban tərəfindən yerinə yetirilirdi. Maşını dörd hesablama əməliyyatı üçün tətbiq etmək mümkün idi.
“Z-3” ilk kompyuter idi, hesab ifadələrinin yazısı üçün Polşa yazısından istifadə edilmişdi. Suze hazırladığı “Z3” hesablama maşını ilə proqramlaşdırıla bilən kompyuterin və yüksəkdilli proqramlaşdırmanın ixtiraçısı sayılır. Onun hazırladığı hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq uğurla işləyir. O, bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdi.
1942-ci ilə Suze "Zuse Apparatebau" firmasının əsasını qoyur.Dahi alimin maşınlarının planlı inkişafı sayəsində 1945-ci ildə dördüncü nəsil elektron hesablama maşını “Z4” yaradılır və bu maşın 1960-cı ilə qədər tətbiq olunur.
“Z-4” Suzenin ən mürəkkəb kompyuteri idi. O toplama, vurma, bölmə əməliyyatlarını yerinə yetirir və ya 3 saniyə ərzində kvadrat kökü tapa bilirdi.
“Z-4” qurğuları İkinci Dünya müharibəsi vaxtı aviasiya sənayesində geniş şəkildə tətbiq olunub. Suze sonradan da təyyarələrin konstruksiya edilməsi ilə bağlı bir neçə kompyuter hazırlayıb.
Müharibədən sonra aparat təminatının hazırlanması dayanır və Suze proqramlaşdırma ilə məşğul olmağa başlayır.
1945-ci ildə kompyuterlər üçün birinci proqramlaşdırma dili hesab olunan bir dil hazırlayır. O, proqramlaşdırma sistemini “Plankalkul” ("planların hesablanılması") adlandırır. Suze kiçik esse yazır, essedə öz fəaliyyətindən, o cümlədən sayların çeşidləməsi və ikiqat hesabda əməliyyatların icra edilməsi kimi məsələlərdən bəhs edir.
1948-ci ildə Sürix Texniki universitetinin professoru E. Steyfil Suzeyə öz laboratoriyası üçün “Z-4” kompyuteri sifariş edir. 1949-cu ildə Suze elmi hədəflər üçün kompyuterlər hazırlamaq üçün “ZUSE KG” adlandırılan kiçik şirkətin əsasını qoyur.
1966-cı ildə şirkət maliyyə çətinliyi səbəbindən “Siemens AG” firmasına satılır, lakin Suze yeni firmada ştatdankənar konsultant kimi çalışır. 50-60-cı illərdə Suze “Z-5” və “Z-11” relesində yeni kompyuterlər hazırlayıb, sonra elektron lampalarla çalışan “Z-22” və tranzistorlarla işləyən “Z-23” kompyuterlərini istifadəyə verib.
Suze ümumi təyinatlı hesablayıcı maşınlarından başqa bir neçə ixtisaslaşdırılmış hesablayıcı maşının da müəllifidir
K.Suze bir neçə ixtisaslaşdırılmış maşın da hazırlayıb. Belə, “S1” və “S2” hesablayıcıları aviasiya texnikasında detalların dəqiq ölçülərinin təyini üçün istifadə olunurdu. “S2” maşını, hesablayıcı funksiyasından əlavə, həmçinin ölçü qurğuları kimi və təyyarələrin ölçmələrinin icra edilməsi üçün yararlı idi. “L1” kompyuteri məntiqi problemlərin həlli üçün nəzərdə tutulmuşdu.
Onun son hazırlamaları “Z-25” və “Z-31”, həmçinin cizgilərin və kartların (xəritələrin) avtomatik qurulması üçün istifadə olunan “Z-64” idi.
Suze genişmiqyaslı ixtiraları ilə yanaşı, "ekvivalent iqtisadiyyat" çərçivəsində Arno Peters ilə birgə güclü müasir kompyuterləri idarə etməyə əsaslanan yüksəktexnologiyalı plan iqtisadiyyatının konseptinin yaradılması üzərində işləyib. Suzenin bu konseptinin hazırlaması prosesində "kompyuter sosializmi" termini yaranıb.
"Kompyuter sosializmi. Konrad Suzeylə söhbətlər" kitabı da bu işin nəticəsində meydana gəlib.
1969-cu ildə Massaçusets Texniki İnstitutunun əməkdaşları tərəfindən tərcümə edilmiş "Hesablama sahəsi" (alm. Rechnender Raum-un)kitabını nəşr etdirib. O, həmçinin, alman və ingilis dillərində dərc edilmiş "History of Computing" kitabını yazıb.
Genişmiqyaslı fəaliyyətinin nəticəsi olaraq K.Suze 1985-ci ildə alman "İnformatika Cəmiyyəti”nin ilk fəxri üzvü olub. 1995-ci ildə "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə Xaç" ordeninə layiq görülüb.
Ömrünün son illərində Suze Hessian kəndində yaşayıb və əsasən sevimli məşğuliyyəti olan abstrakt rəsm çəkməklə məşğul olub. Onun işləri çoxsaylı sərgilərdə nümayiş etdirilib. O, çəkdiyi şəkillərin bəzilərini "KONE SEE" təxəllüsü ilə imzalayıb. Konrad Suze 85 yaşında 1995-ci il, 18 dekabr tarixində vəfat edib.
Cahangir Atakişiyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL