Şahdağın 3600 metrliyindən hər 3 saatdan bir GSM texnologiyalar vasitəsilə videogörüntülər ötürülür
Hazırda Şahdağ Milli Parkının yüksək dağlıq ərazisində yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzindən birbaşa videogörüntüləri izləmək mümkündür. Şahdağın Kabaş yüksəkliyində - 3600 metrlikdə quraşdırılmış avtomat meteoroloji stansiyadan GSM texnologiyalar vasitəsilə fotogörüntülər hər 3 saatdan bir birbaşa müvafiq instansiyalara və nazirliyin internet saytına ötürülür.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, nazirliyin Milli Hidrometeorologiya Departamentinin Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzinin mütəxəssisləri tərəfindən Şahdüzündə (dəniz səviyyəsindən 3000 metrə yaxın yüksəklikdə) yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində xüsusi avadanlıq quraşdırılıb.
Bu avadanlıq vasitəsilə ətraf ərazilərin videogörüntülərinin internet vasitəsilə canlı rejimdə ötürülməsi və həmin görüntülərin məsafədən idarə olunması təmin edilib: ”Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi və onun ətraf ərazilərinin videogörüntülərini “www.eco.gov.az” saytından izləmək mümkündür.
Azərbaycanın yüksək dağlıq ərazilərinin müasir iqlim dəyişmələri fonunda iqlim-hava şəraitinin öyrənilməsi baxımından həllini və tətbiqini tapmış mürəkkəb texniki imkanlar vasitəsi ilə Şahdağ-Tufandağ ərazilərindən mütəxəssislər və bütün vətəndaşlar birbaşa canlı görüntüləri izləyə bilər”.
İ.İbrahimova bildirib ki, Azərbaycan meteorologiyasında mühüm rol oynayan hidrometeoroloji rejimi öyrənmək məqsədilə Tufandağ zirvəsində də Avtomat Meteoroloji Stansiya quraşdırılıb. Hidrometeorologiya Departamentinə müntəzəm görüntülərin ötürülməsini təmin edən stansiya küləklə işləyən elektrik generatorundan və günəş panellərindən qidalanır.
Hal-hazırda stansiyada veb-kameranın quraşdırılması işlərinə hazırlıq gedir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən MDB ölkələri arasında ən yüksək nöqtədə - Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə quraşdırılmış Avtomat Meteoroloji Stansiya 17 avqust 2010-cu il tarixdə istifadəyə verilib. Bununla da, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi üçün nəzərdə tutulan üçüncü, sonuncu stansiya işə salınıb.
Ümumiyyətlə, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin ilk stansiyası 3700 metr hündürlükdə Şahdağ ərazisində, digəri isə 2700 metr hündürlükdə Şahdüzündə 2009-cu ildən fəaliyyət göstərir.
Stansiyaların hər üçünün fəaliyyətinin və kommunikasiyasının təmin edilməsi üçün tələb olunan enerji günəş panelləri vasitəsilə təmin olunur. Bu stansiyalar Bazardüzü, Şahdağ və Tufandağ ekosisteminin kompleks elmi-tədqiqinə xidmət edir”. Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan ərazisində ən böyük aktiv buzlaqlar Tufandağın zirvəsinə yaxın yerləşir: ”Məlumdur ki, buzlaqlar qlobal iqlim dəyişmələrinin indikatorudur.
Qlobal istiləşmə ilə əlaqədar olaraq bütün dünyada buzlaqların sahəsi azalmaqdadır. Azərbaycan ərazisində də bu stansiyaların köməkliyi ilə buzlaqlar və meteoroloji şəraitin müşahidələri əsasında qlobal iqlim dəyişmələrinin təzahürünü izləmək mümkün olacaq. Bu da ölkəmizin qlobal iqlim dəyişmələrinin öyrənilməsinə öz töhfəsidir”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL