Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında olmuşdur
Azərbaycan Respublikasının Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında (STP) polimer məhsulları istehsal zavodunun genişləndirilməsi işləri ilə tanış olmuş, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak etmişdir.
Dövlət başçısına məlumat verildi ki, 17 zavoddan ibarət olan STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yeri açılmışdır.
Prezident İlham Əliyevə STP kabel zavodunun tikintisinin üçüncü mərhələsi çərçivəsində yüksək gərginlikli kabellərin izolyasiya xətlərinin quraşdırılacağı qüllə barədə məlumat verildi. Bildirildi ki, burada 500 kilovoltluq güc kabellərinin iki izolyasiya xətti yerləşəcəkdir.
Bu layihə MDB məkanı və Yaxın Şərqdə yalnız Azərbaycanda reallaşdırılır. Qüllənin yeraltı hissəsi 40 metr dərinlikdədir. Ümumi uzunluğu 124,5 metr olan qüllənin tikintisinə 2009-cu ilin sonunda başlanmışdır.Tikinti işləri və avadanlığın quraşdırılması 2012-ci ilin sonunadək başa çatdırılacaqdır.
Prezident İlham Əliyev avtobusla STP-nin ərazisini gəzdi.
Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması məqsədi ilə park ölkəmizin sənaye nəhənglərindən birinə çevrilməkdədir.Dövlət başçısı polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işlərindən sonrakı vəziyyəti ilə tanış oldu.
Bildirildi ki, 2009-cu ildə zavod istehsala başlayan zaman burada cəmi beş xətt var idi. Genişləndirmə işlərindən sonra bu xətlərin sayı artırılaraq, ümumilikdə 25-ə çatdırılmışdır. Müxtəlif təyinatlı boruların istehsalı üzrə ixtisaslaşan zavod hazırda nəinki respublikamızın, o cümlədən regionun ən perspektivli müəssisələrindəndir.
Peşəkar kadrların çalışdığı bu müəssisədə ölkəmizdə və beynəlxalq bazarda kəskin ehtiyac duyulan qaz, su, kanalizasiya və digər məqsədlər üçün istifadə olunan alüminium təbəqəli çoxqatlı polietilen və polipropilen borular istehsal edilir.
Qeyd edildi ki, zavodun ümumi ərazisi 2,8 hektardır. Hazırda burada 400 nəfər işlə təmin edilmişdir. Zavod sutkada 396 ton polietilen boru istehsal etmək gücünə malikdir. Burada quraşdırılan yeni xətlərdə diametri 16 millimetrdən 800 millimetrədək olan borular istehsal etmək mümkündür. Zavodun məhsulları müasir tələblərə cavab verir. Polietilen borular yüksək təzyiqə davamlı olmaqla yanaşı, korroziyaya uğramır və onlara 50 il zəmanət verilir.
Buradakı xətlərin hər biri saatda 1300 kiloqram polietilen boru emal etmək gücünə malikdir. Zavodda diametri 50 millimetrdən 250 millimetrədək olmaqla istehsal edilən drenaj boruları, həmçinin qızdırıcı xətlərin çəkilməsi üçün nəzərdə tutulan polipropilen borular da ən müasir tələblərə uyğun şəkildə, yüksək keyfiyyətlə istehsal olunur.
Diqqətə çatdırıldı ki, zavodda Almaniya istehsalı olan və ən son texnoloji yeniliklərə cavab verən avadanlıq quraşdırılmışdır. Bunun sayəsində müəssisədə yüksək keyfiyyətli və rəqabətə davamlı məhsul istehsal edilir. MDB-də bənzəri olmayan bu zavod daxili tələbatı tam ödəməklə yanaşı, məhsullarını bir sıra xarici ölkələrə də ixrac etməyi nəzərdə tutur.
Müəssisənin idarə edilməsi tam avtomatlaşdırılmışdır. Gələcəkdə zavodun fəaliyyəti daha da genişləndiriləcəkdir.Yaxın günlərdə burada diametri 1200 millimetr olan kanalizasiya borularının istehsalına da başlanılacaqdır.
Xammalı Almaniyadan alan zavod polipropilendən stadionlar üçün tamaşaçı oturacaqları və xüsusi sifarişlə bir sıra digər məhsullar istehsal etmək imkanına malikdir.Müəssisənin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL