«Elektron hökumət üzrə yaxşı təcrübələr” mövzusunda seminar keçirilib
Bu gün «Ambassador» otelində Avropa Şurasının "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində «Elektron hökumət üzrə yaxşı təcrübələr" mövzusunda seminar keçirilib. Tədbirdə çıxış edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, ölkəmiz üçün "Elektron hökumət"in formalaşdırılması böyük əhəmiyyət kəsb edir.
Son illərdə Azərbaycanda bu istiqamətdə ardıcıl və kompleks işlərin həyata keçirildiyini önə çəkən E.Vəlizadə deyib ki, bu işlər bilavasitə prezident İlham Əliyevin diqqət mərkəzindədir: «Bizim beynəlxalq təcrübə ilə tanışlığımız ölkədə aparılan fəaliyyətin səmərəliliyinin daha da artırılmasına xidmət edir».
«Azərbaycanda elektron hökumətin mövcud vəziyyəti» mövzusunda məruzə ilə çıxış edən nazir müavini bildirib ki, beynəlxalq təcrübəyə əsasən Azərbaycanda " Elektron hökumət"in formalaşdırılmasında 4 dayaq sütunu əsas götürülür: «Bunların birincisi, adətən formalaşma üçün müəyyən siyasətin müəyyənləşdirilməsi, yəni bununla bağlı olan hərəkətverici və istiqamətləndirici sənədlərin, strategiyaların, fəaliyyət proqramlarının işlənməsidir. İkincisi, infrastrukturla bağlı olan məsələlərdir.
Sonra infrastruktur üzərində informasya sistemlərinin yaradılması və bunlar vasitəsi ilə vətəndaşlara, biznes qurumlarına xidmətlərin göstərilməsidir. Bu gün Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması üzrə həyata keçirilən işlərə beynəlxalq aspektdən yanaşsaq, görərik ki, ölkəmizin nailiyyətləri günü-gündən artmaqdadır.
Davos forumunun İKT üzrə sonuncu qlobal hesabatında Azərbaycanın hazırlıq səviyyəsinin qiymətləndirilməsini qeyd edə bilərik. Bu hesabatda 142 ölkə arasında Azərbaycan 61-ci mövqedədir. MDB ölkələri arasında rəqabətlilik potensialına görə, Azərbaycan birinci yeri tutur. Bütün bu kimi rəqəmlər bizə beynəlxalq miqyasda verilən qiymətin təzahürüdür».
E.Vəlizadə qeyd edib ki, Azərbaycanda "Elektron hökumət" mexanizmi qurulan zaman əhalinin bundan istifadə edə bilməsi üçün imkanların daha da genişləndirilməsinə böyük diqqət yetirilib: «Çünki bəzi ölkələr "E-hökumət" yaratsa da, əhali ondan istifadə edə bilməyib. Bunları nəzərə alaraq bizim ölkədə internet şəbəkəsi genişləndirildi. Üstəlik, internetin qiyməti aşağı salındı, keyfiyyəti artırıldı ki, hər kəs bundan yararlana bilsin.
Avropa Şurasının məsləhətçisi Tilman Oc Azərbaycanda "Elektron hökumət" quruculuğuna böyük ümid bəslədiyini vurğulayıb: «Bu seminarı hazırlayarkən gördüm ki, Almaniya bir sıra elektron xidmətləri kifayət qədər təkmilləşdirə bilər. Mən bir vətəndaş kimi burada görülən məhsuldar işlərdən yararlanacam».
Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Teymur Məlik-Aslanov isə bildirib ki, qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarından istifadə həmin dövlətin inkişaf səviyyəsini göstərir.
Azərbaycan üçün də bu sahənin inkişafı çox önəmlidir: «Təsadüfi deyil ki, İKT-nin inkişafı ilə bağlı 2005-ci ildə dövlət proqramı qəbul olunub. O zaman Azərbaycan üçün yeni olan, amma dünyanın əksər inkişaf etmiş ölkələrində uğurla sınaqdan çıxmış "Elektron hökumət" həmin proqramda əksini tapıb.
"Elektron hökumət" XXI əsrdə dünya hökumətlərinin fəaliyyətlərini təmin edən, onun səmərəliliyini artıran əsas mexanizmlərdəndir. Dünyanın bir sıra ölkələrində "Elektron hökumət" artıq qurulub. Bir xeyli dövlətlər də var ki, bu unikal imkanın atributlarından yenicə istifadə etməyə başlayıb. Keçmiş SSRİ ölkələrində, o cümlədən Azərbaycanda "Elektron hökumət"in əsasını təşkil edən layihələr reallaşdırılır.
Telekommunikasiya infrastrukturu təkmilləşdirilir, gömrük, maliyyə və digər sahələrdə yeni sistemlər istifadəyə verilməyə başlanıb. "Elektron hökumət"in yaradılmasının bir məqsədi dövlət strukturlarında İKT-nin tətbiq edilməsidirsə, digər tərəfdən də vətəndaşlar üçün dövlət qurumlarının xidmətlərindən istifadənin asanlaşmasının təmin olunmasıdır.
Yəni vətəndaş hökumətin fəaliyyəti, ayrı-ayrı dövlət strukturlarının xidmətləri barədə məlumatları evindən çıxmadan, məmurların qəbullarına yazılmadan əldə edə bilməlidir. Başqa sözlə, hər bir dövlət strukturunun internet səhifəsi olmalıdır və vətəndaşlar da məlumatları oradan əldə etməlidir. Azərbaycanda əvvəlki illərlə müqayisədə vəziyyət yaxşılığa doğru xeyli dəyişib. Əksər dövlət qurumları özlərinin internet resursları üzərində ciddi işlər aparırlar. Bu, o deməkdir ki, internet və bütövlükdə veb-texnologiyaların əhəmiyyəti getdikcə daha doğru anlaşılmaqdadır».
Tədbirdə Danimarka Texnologiya İnstitutunun nümayəndəsi Ceremi Millard «Çoxillik təcrübəyə malik ölkələrdə elektron hökumət təcrübəsi» mövzusunda çıxış edib.
O deyib ki, bu gün bütün dünyada bürokratiya mənfi qəbul edilir: «Lakin o zaman bürokratiya dövlətin işləri qanunlara əsaslanaraq həyata keçirməsi demək idi. İndi isə bütün bunlardan "e-hökumət"ə keçirik. Yeni texnologiyaların sahəsində bu məsələlər getdikcə mümkün olur. Azərbaycan BMT-də bu sahə üzrə 96-cı yerdədir. Avropa "Elektron hökumət" sahəsində böyük bir yol keçib.
Bir sıra e-xidmətlər var ki, bunlar daha çox dövlətə lazımdır. Məsələn, onlayn qaydada vergilərin yığılması, ərizələrin verilməsi və digər bu kimi e-xidmətlər insanları cəlb etmir. Əlbəttə, bunlar da vacibdir. Amma bunlarla yanaşı, insanları cəlb etmək üçün maraqlı e-xidmətlər yaradılmalıdır».
Daha sonra Gürcüstanın Müsabiqələr və Satınalmalar üzrə Dövlət Agentliyinin sədri Tato Urjumelaşvili çıxış edərək ölkəsinin "Elektron hökumət" sahəsində gördüyü işlərdən və əldə etdikləri təcrübələrdən danışıb.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL