waplog

“Əmlak idarəçiliyi və qeydiyyatında elektron xidmətlər: şəffaflıq və səmərəliliyin təminatı” mövzusunda ictimai təqdimat keçirilib


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən (ƏMDK) "Əmlak  idarəçiliyi  və  qeydiyyatında  elektron  xidmətlər: şəffaflıq və  səmərəliliyin  təminatı" mövzusunda ictimai təqdimat keçirilib. Tədbirdə respublika prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və arayışların alınması, habelə komitə tərəfindən həyata keçirilən müsadirə edilmiş əmlakların satışı üzrə elektron xidmətləri təqdim edilib. "İCTnews" elektron xəbər xidmətinə bu barədə ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Onun sözlərinə görə, təqdimatın keçirilməsində başlıca məqsəd daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, hərracların keçirilməsi prosesində şəffaflığın və etibarlılığın daha da artırılması, habelə bu sahədə vətəndaşlara və biznes qurumlarına müasir standartlara uyğun elektron xidmətlər göstərməsi ilə bağlı ictimai məlumatlandırma, maarifləndirmə, agahlıq və izahat işlərinin aparılmasıdır.

İctimai Təqdimat mərasimində ƏMDK-nın sədri Kərəm Həsənov, Dünya Bankının yerli ofisinin rəhbəri, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, ƏMDK, "KfW Bank"ın, "NETCAD", "Saybernet", Koreyanın "SK C & C Co.LTD", Sumqayıt Kadastr layihəsi üzrə podratçı şirkətinin, habelə ölkədə daşınmaz əmlak bazarında aktiv fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən K.Həsənov bildirib ki, çevik və modern dövlət idarəetməsinin inkişaf etdirilməsi, şəffaflığın və səmərəliliyin artırılması üçün informasiya kommunikasiya texnologiyalarından geniş istifadə edilməsi ölkəmizdə aparılan müasirləşmə  siyasətinin prioritetlərindən birinə çevrilib: "İnformasiya kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən qərarlar əsasında dövlət orqanlarının əhaliyə və biznes qurumlarına beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi təmin edilir. Elektron xidmətlərin təşkili ilə bağlı komitə tərəfindən müvafiq işlər həyata keçirilib.

Belə ki, komitənin rəsmi internet səhifəsində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın vahid dövlət kadastrı ilə bağlı xidmətlər, dövlət əmlakı üzrə icarə haqlarının ödənişi, dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabatların qəbulu, vətəndaşların elektron müraciətini əhatə edən elektron xidmət bölməsi yaradılıb".

Bu bölmədə elektron xidmətlərin göstərilməsi qaydaları, əmlak qeydiyyatı və hərraclarda iştirak üçün müraciət (ərizə) formaları, tələb olunan sənədlərin siyahısı, dövlət rüsumu və xidmət haqları, bir sözlə elektron xidmətlərdən istifadə etmək üçün tələb olunan bütün məlumatlar yerləşdirilib. Həmçinin komitənin internet saytı vasitəsi ilə xidmətlərə görə elektron ödənişlərin həyata keçirilməsinə də imkanlar təmin edilib.

Dünya Bankının Azərbaycan ofisinin rəhbəri isə bildirib ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin təkmilləşdirilməsi üçün 2007-ci ilin sentyabrından etibarən Dünya Bankının maliyyə dəstəyi ilə "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsinin reallaşdırılmasına başlanıb: "Layihənin əsas məqsədi ölkədə daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin yaradılmasıdır. Bununla  bağlı layihə çərçivəsində kompleks tədbirlər nəzərdə tutulur.

Belə ki, bu layihə çərçivəsində əmlak idarəçiliyi sahəsində dünya ölkələrinin müsbət təcrübəsi, o cümlədən Avropa və dünya standartlarına uyğun "Kadastr-2014" və "İNSPAYRE" təşəbbüsləri Azərbaycana gətirilməkdədir. Layihə çərçivəsində elektron hökumət və İT sahəsinin inkişafı ilə bağlı fəaliyyətlər həyata keçirilir".

Belə ki, dünya ölkələrinin daşınmaz əmlakın idarə olunması sahəsindəki müsbət təcrübələrindən yararlanaraq layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəolunması üzrə İT sisteminin hazırlanmasına start verilib. Bu sahədə əhaliyə daha çevik xidmət göstərilməsi məqsədi ilə ən qabaqcıl İT texnologiyalarından, metodologiyalarından və həll yollarından istifadə edilməkdədir".

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə çıxışında Azərbaycan hökuməti tərəfindən yaradılan "elektron hökumət" sisteminin və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin vacib komponenti kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin göstərilməsinin əhəmiyyətindən danışaraq, qeyd olunan tədbirlərin həyata keçirilməsi ilə bu sahədə etibarlılığın və şəffaflığın daha da artırılacağını vurğulayıb.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL