Uzun illər arxivlərdə toplanmış qeydiyyat məlumatları kağız daşıyıcılardan elektron bazaya köçürülür
Vətəndaşlar, hüquqi şəxslər və biznes qurumları daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün elektron qaydada müraciət edə bilərlər. Eyni zamanda, müsadirə edilmiş əmlakın satışı ilə bağlı da keçirilən hərraclarda iştirak etmək üçün elektron qaydada müraciət etmək imkanları da yaradılıb.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov (ƏMDK) “Əmlak idarəçiliyi və qeydiyyatında elektron xidmətlər: şəffaflıq və səmərəliliyin təminatı” mövzusunda keçirilən ictimai təqdimatda məlumat verib.
Sədrin sözlərinə görə, tətbiqinə başlanılan elektron xidmətlər son bir necə ildə komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyat sisteminin inkişafı ilə bağlı görülmüş tədbirlər əsasında mümkün olub: ”Dünya Bankının “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində ölkəmizdə mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin müasirləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində əldə edilmiş səmərəli nəticələr xüsusilə qeyd edilməlidir. Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin imkanları genişləndirilib. Ölkə üzrə bütün ərazi qeydiyyat idarələrini əhatə edən vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş məlumat bazası yaradılıb.
Eyni zamanda qeydiyyat idarələrinin yeni binalarla təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının və müasir geodezik cihazların tətbiqi geniş yer alıb. İşçilərin peşəkarlıq səviyyəsinin və bacarıqlarının artırılması, xidmət standartlarının yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülüb.
Həmçinin, elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlanıb”. K.Həsənov bildirib ki, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri qeydiyyat məlumatlarının elektron arxivin və məlumat bazasının yaradılması istiqamətində də işlər aparılır.
Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları hazırda elektron bazaya köçürülür. Belə ki, “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində 700 mindən çox əmlaka dair kağız daşıyıcısında olan qeydiyyat məlumatlarının elektron bazaya köçürülməsi təmin edilir.
Elektron arxivlərin yaradılması və qeydiyyat sənədlərinin elektron formata köçürülməsi nəticəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin göstərilməsində vaxt itkisinin aradan qaldırılmasına, operativliyin dəfələrlə artırılmasına imkanlar yaranır.
Ardıcıl görülmüş tədbirlər nəticəsində daşınmaz əmlakın qeydiyyatı əvvəlki illərlə müqayisədə 1,5 dəfə artıb. Belə ki, yalnız ötən il ölkədə 147 mindən artıq əmlak qeydiyyata alınıb.
Qeydiyyata sərf olunan vaxt azalmış, dövlət reyestrindən məlumatların əldə edilməsi və etibarlılığı əsaslı şəkildə inkişaf edib. Hazırda komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Bununla bağlı, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan çevik və etibarlı informasiya sistemi formalaşdırılır.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL