Əbədiyaşarlıq rəmzi
"...Rabitə sahəsində görülən işlər həm iqtisadi xarakter daşıyır, həm də ki, insanların işləməsi, çalışması üçün böyük şərtdir, eyni zamanda ictimai-siyasi xarakter daşıyır. Biz bunlara çox diqqət, fikir veririk..."
Heydər ƏLİYEV
"...Texnologiyalar, informasiya təhlükəsizliyi, kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri artıq ön plana çıxır və gələcək dövrün güclər nisbəti də məhz bu sahədə müəyyən ediləcəkdir. Ona görə biz bu sahəyə çox böyük diqqət göstərməliyik, göstəririk..."
İlham ƏLİYEV
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş ümummilli lider 2001-ci ilin noyabr ayında keçirilən Dünya azərbaycanlılarının I qurultayında söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı onun bütün ömrünü Azərbaycan xalqının inkişafına sərf etdiyinə və çağdaş Azərbaycan tarixinin ən görkəmli və uzaqgörən şəxsiyyəti olduğuna bariz nümunədir.
Respublikanın dinamik inkişafı üçün kompleks proqramların hazırlanıb həyata keçirilməsində yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə - 1970-80-ci illərə düşür. Həmin illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuş, ölkəmizin iqtisadiyyatı, sənaye və energetikası, kənd təsərrüfatı, elmi, mədəniyyəti və incəsənəti böyük yüksəliş dövrü yaşamışdır.
Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişaf strategiyası da ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Hələ respublikamız Sovet İttifaqının tərkibində olanda ölkəmizin sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyev bu məsələyə xüsusi diqqət yetirmiş və İKT sektorunun bugünkü inkişafının təməlini qoymuşdur. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində 1970-80-ci illərdə Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə və sahə institutlarında elektron avadanlıqlar və telekommunikasiya texnologiyaları üzrə kadr hazırlığı genişləndirilmiş, istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilmişdir.
Dinamik inkişaf edən bu sahəni yüksəkixtisaslı kadrlarla təmin etmək üçün hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə ənənə halını almışdı. İndiki Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına xidmət edən maddi-texniki bazalar yaradılmışdır.
Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya Telekommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomatika" və s. kimi mühüm elmi tədqiqat müəssisələri yaradılmış, "AZON", "NORD" elm istehsalat birlikləri, radio, elektron hesablama maşınları zavodları, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verilmişdir. Təqdirəlayiq haldır ki, ümumən 30-dan artıq belə müəssisə təkcə Bakıda deyil, Naxçıvanda, Mingəçevirdə, Gəncədə, Sumqayıtda, Tərtər rayonunda və Şirvanda da fəaliyyətə başlamışdır.
Ulu öndər Heydər Əliyevin köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirilmiş və bu hadisə idarəetmədə ilk tətbiqlərdən olan respublika avtomatlaşdırılmış idarəetmə sistemi -"RASU Azərbaycan"ı yaratmağa və respublika iqtisadiyyatı üçün ciddi hesablamalar tələb edən müxtəlif məsələlərin avtomatlaşdırılmış həllinə imkan vermişdir.
Daha sonra respublika kompyuter şəbəkəsi, akademşəbəkə, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri yaradılmışdır. Beləliklə, respublikada yeni və son dərəcə perspektivli bir sənaye sahəsi təşkil olunmuş və onun elmi potensialı formalaşdırılmışdır. Elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq və nəticələrini sınaqdan keçirmək üçün elmi-tədqiqat institutları nəzdində "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başlamışdır.
Əbədi lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə ölkəmiz daha böyük inkişaf yolu keçərək Avropaya inteqrasiya yoluna qədəm qoymuşdur. 1993-2003-cü illərdə Heydər Əliyevin səyi sayəsində xalqımız vətəndaş qarşıdurmasından, məhv olmaq təhlükəsindən xilas olmuş, gənc Azərbaycan dövləti bütün dünyada tanınmış, ölkəmizin iqtisadiyyatı inkişaf etmiş, xalqımızın həyat şəraiti, sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsini imzalayan Heydər Əliyev müstəqil Azərbaycanın dinamik inkişafının əsasını qoymuşdur. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir.
Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatımızın bütün sahələrində olduğu kimi, müasir rabitə sisteminin qurulmasında və inkişafında da, sözün həqiqi mənasında, inqilab baş vermişdir. Onun əvəzsiz xidmətləri, birbaşa köməyi və qayğısı sayəsində ölkəmiz müasir dünya rabitə sistemində layiqli yer tutmuşdur.
Müstəqilliyin bərpasının ilk illərində ölkəmizin düçar olduğu gərgin vəziyyətdə belə ümummilli lider Heydər Əliyev informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirməyə imkan tapır və bu sahədə inkişafa nail olmaq üçün daim səy göstərirdi. 1993-cü ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk rabitə sisteminin açılışını etmişdir. Onun qayğısı sayəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar da məhz telekommunikasiya sahəsinə qoyulmuşdur.
1994-cü ildə "Bakcell" və 1996-cı ildə "Azercell" birgə müəssisələri yaradılmış və Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyulmuşdur. 1996-cı ildən başlayaraq "AzEvroTel" və "UlTel" birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlamışdır. Hazırda informasiya texnologiyaları sənayesində aparıcı mövqelərə malik olan "AZEL", "Azerin", "Sinam", "R.İ.S.K.", "Ultra", "BestComp" və s. özəl şirkətlərin yaradılması da həmin dövrlərə təsadüf edir.
Azərbaycanda internetin tətbiqinin təşəkkül tapması da ulu öndərin bu sahəyə müstəsna əhəmiyyət verməsinin nəticəsidir. 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu) internetin ilk qovşağı yaradılmış və "Türksat" süni peyki vasitəsilə Türkiyənin Orta Doğu Texniki Universitetinin İnternet mərkəzi ilə əlaqə kanalı qurularaq Azərbaycanın internetə çıxışı təmin olunmuşdur. 1993-cü ilin avqustunda ".az" domeni rəsmi olaraq Azərbaycanın yüksək domen adı kimi ICANN-da (İnternetdə domen adların və ünvanların verilməsi üzrə təşkilat) qeydiyyata alınmış, 1995-ci ildə isə Azərbaycanda ilk veb sayt - AEA-nın www.ab.az saytı yaradılmışdır.
1995-ci ildə Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı olmuşdur. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verilmiş, ilk elektron ATS-lər qurulmuşdur. Bu fəaliyyətin nəticəsi olaraq ölkəmiz bir çox beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqına və Ümumdünya Poçt İttifaqına üzv qəbul edilmişdir.
Azərbaycanda radio-televiziya yayımının dünya standartları səviyyəsinə yüksəlməsi və bu sahədəki uğurlar da məhz ümummilli lider Heydər Əliyevin xidmətləridir. Müstəqil Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqlamlarını seyr edə bilməsini təmin etmək məqsədilə 1996-cı ildə AzTV 1 milli televiziya proqramı "Türksat" süni peyki vasitəsilə yayımlanmağa başlamışdır. Əsası 1981-ci ildə Heydər Əliyev tərəfindən qoyulan teleqüllənin tikilib başa çatdırılması da məhz onun səyləri nəticəsində reallaşmış və 1996-cı ildə teleqüllə istifadəyə verilmişdir. Azərbaycanda dünya standartları səviyyəsində teleradio yayımını təmin etmək üçün müvafiq qanunvericilik bazası yaradılmış və mühüm qərarlar qəbul edilmişdir.
Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" Azərbaycanda bu istiqamətdə dövlətin siyasəti, məqsəd və vəzifələri, prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəd olmuşdur. Bununla ölkəmiz 2000-ci ildə BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında, Cənubi Qafqazda isə birinci olmuşdur. Bu sənəd Azərbaycan dövlətinin İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etmişdir.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi yüksəlişində keyfiyyətcə yeni dövrün başlanğıcı olmuşdur. Bu gün Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasındadır. Ölkənin iqtisadi potensialının hərtərəfli inkişafının təmin edilməsi, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, əməkhaqlarının və pensiyaların dəfələrlə artırılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu Azərbaycanın inkişaf konsepsiyasının həyata keçirilməsinin parlaq təzahürləridir. Bir tərəfdən düşünülmüş siyasət və uğurlu sosial-iqtisadi strategiya, digər tərəfdən isə xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artırmışdır.
Azərbaycanda gələcəyə istiqamətlənmiş, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə və zəngin təbii sərvətlərin insan kapitalına çevrilməsinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Təsadüfi deyil ki, qloballaşan dünyada sosial-iqtisadi inkişafın lokomotivi sayılan informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi bu siyasi kursda prioritet məsələdir. Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərinin şaxələndirmə və modernləşmə, iqtisadiyyatın enerji sahəsindən asılılığının azaldılması və ölkəmizin dayanıqlı inkişafının təminatı ilə bağlı olduğunu vurğulayan Prezident İlham Əliyev demişdir: "...İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir..." Cənab Prezident 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən və bəşəriyyətin gələcək inkişafı baxımından mühüm hadisə olan İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində "Qara qızılı insan qızılına çevirək" tezisini səsləndirməklə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu dünyaya bəyan etmiş və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə start vermişdir.
İKT üzrə güclü qanunvericilik bazasının formalaşdırılması və sahənin davamlı inkişafını təmin etmək məqsədilə qısa müddət ərzində "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "Telekommunikasiya haqqında", "Poçt haqqında", "İnformasiya əldə etmək haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında" və s. Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, İKT-nin sürətli inkişafı ilə bağlı mühüm fərman və sərəncamlar imzalanmışdır.
Milli Strategiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə ümummilli liderin imzaladığı "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" qəbul edilmiş və müvəffəqiyyətlə icra olunmuşdur. Bu işlərin sistemli olaraq davam etdirilməsi və Milli Strategiya ilə müəyyən olunmuş məsələlərin növbəti mərhələsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2010-2012-ci illəri əhatə edən ikinci "Elektron Azərbaycan" Dövlət Proqramı təsdiq edilmiş və hazırda bu proqramla yanaşı, İKT-nin müxtəlif sahələrdə geniş tətbiqini nəzərdə tutan 20-dək dövlət proqramı uğurla icra olunmaqdadır.
Bu proqramların qəbul edilməsində əsas məqsəd ölkənin informasiya cəmiyyətinə keçidinin, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir.
Dövlət başçısı İlham Əliyevin İKT üzrə həyata keçirdiyi siyasət bu sahənin müasir tələblər səviyyəsində inkişafına hərtərəfli zəmin yaratmış, İKT Azərbaycanın sosial-iqtisadi yüksəlişinə xidmət edən sektor kimi təşəkkül tapmış və ölkəmizin İKT üzrə göstəriciləri xeyli yüksəlmişdir. Təkcə 2004-2010-cu illərdə sahə üzrə gəlirlərin orta illik artım tempi 25-30 faiz təşkil edərək ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlamışdır. Bu müddət ərzində informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə, məhsul ixracı isə 5 dəfə artmış və özəl sektorun İKT bazarında payı genişlənərək 80 faizə çatmışdır.
Mobil telefon şəbəkəsində yeni fəaliyyət xidmətlərinin göstərilməsi istiqamətində ciddi işlər aparılmışdır. Artıq ölkəmizdə hər 100 nəfərə 110 mobil telefon düşür ki, bu da inkişaf etmiş ölkələr səviyyəsində dəyərləndirilir. Mobil telefon xidmətlərində qiymətlərin aşağı salınması istiqamətində həyata keçirilən tədbirlər əhalinin mobil telefonlardan daha geniş istifadəsinə əlverişli zəmin yaradır. 2009-cu ildən 3G xidmətlərinin göstərilməsinə başlanmış və artıq bu xidmətdən istifadə edənlərin sayı 2 milyona çatmışdır.
Ölkəmizdə həyata keçirilən İKT siyasəti internetin inkişafına da müsbət təsir etmiş və əhaliyə internet xidmətlərinin göstərilməsində böyük uğurlar qazanılmışdır. İndi Azərbaycanda internetin nüfuzetmə səviyyəsi sürətlə artır, əhalinin 65 faizi internet, onların da yarısı genişzolaqlı internet istifadəçisidir və bu, ümumdünya orta göstəricisindən təxminən 1,5-2 dəfə yüksəkdir. Respublikanın bütün ərazisini əhatə edən bir dövlət və iki özəl fiberoptik magistral şəbəkəsi qurulmuş, ölkənin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılaraq 100 GB/S-yə çatdırılmış və bir çox regional informasiya serverləri ölkəmizdə yerləşdirilmişdir. Bunun da nəticəsində ölkənin istənilən yaşayış məntəqəsində yüksəksürətli internetə çıxış təmin edilmiş və Azərbaycan regionda internet xidmətlərinin ixracatçısına çevrilmişdir.
Respublikamızda müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu da formalaşmış və inkişaf etmişdir. MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə vahid 7 rəqəmli nömrələmə sistemi və bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən "Yeni nəsil şəbəkələri (NGN)" texnologiyası tətbiq olunmuşdur. Azərbaycan regionda rəqəmli efir televiziya yayımının tətbiqinə başlayan ilk ölkələrdən biridir. Hazırda rəqəmli yayım ölkə əhalisinin 85 faizdən çoxunun yaşadığı əraziləri əhatə edir və 2012-ci ilin sonunadək ölkə tamamilə rəqəmli yayıma keçəcəkdir. Bu gün ölkədə dövlət proqramlarının əhali üzrə əhatə dairəsi 100 faizə, özəl TV və radio yayımlarının əhatə faizi isə təxminən 75-80 faizə çatmışdır.
Telekommunikasiya sahəsində əldə olunan nailiyyətlər Azərbaycan poçtunun inkişafına və onun yeni texnologiyalardan bəhrələnməsinə də əlverişli şərait yaratmışdır. Poçt sektorunun müasir tələblərə uyğunlaşdırılması, mövcud infrastrukturun yenidən qurulması və ənənəvi poçt xidmətləri ilə yanaşı, yeni, xüsusilə də poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi məqsədilə 2005-ci ildən Dünya Bankının dəstəyi ilə "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin həyata keçirilməsinə başlanılmış və 2010-cu ildə layihə uğurla başa çatdırılmışdır. Layihənin mühüm nəticələrindən biri odur ki, ölkədə ilk dəfə poçt şöbələri vasitəsilə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılmışdır.
Azərbaycanın İKT sahəsində həm ikitərəfli, həm də regional və beynəlxalq əməkdaşlıqda rolu davamlı olaraq artır, ölkənin İKT sektoruna xarici investorların marağı çoxalır. Tanınmış beynəlxalq təşkilatlarla, şirkətlərlə birgə fəaliyyətimiz genişlənir. Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, UNESCO və digər nüfuzlu beynəlxalq təsisatlarla qurulmuş əməkdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələr ölkəmizin İKT üzrə beynəlxalq əməkdaşlıqda mövqelərini gücləndirir.
Qısa müddət ərzində respublikamızda bir çox tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılmış, milli şirkətlər region bazarında özlərini tanıda bilmişdir. Ölkədə özəl İKT sektorunun inkişafının dəstəklənməsi istiqamətində aparılan siyasət sayəsində bu sektora yeni sabit və mobil şəbəkə operatorları, İKT məhsulları istehsalçıları və yayım şirkətləri daxil olmuş, inkişaf üçün sağlam rəqabət mühiti yaradılmışdır.
Ölkəmiz telekommunikasiya və informasiya texnologiyaları sahəsində təkcə region üçün deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan mötəbər tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi, Azərbaycan hökumətinin, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi və digər mötəbər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən və Xəzəryanı və Qafqaz regionlarında ən iri İKT sərgilərindən biri olan "BakuTel" deyilənlərə əyani misaldır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İKT-nin prioritet sahə elan olunması müasir tələblərə cavab verən İKT infrastrukturunun qurulması ilə bərabər, insan kapitalının da formalaşdırılmasını zəruri edir. Bu baxımdan İKT sahəsində milli kadrların hazırlanması məsələsi daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə RİTN-də "İKT-nin inkişafı naminə insan resursları fondu" yaradılmışdır. Həmin fond vasitəsilə və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq istedadlı azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində İKT ixtisasları üzrə təhsil almalarına və yüksək texnologiyalar üzrə gənc alim və mütəxəssislərin hazırlanmasına mütəmadi olaraq dəstək verilir.
Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət ölkənin beynəlxalq və regional inteqrasiya layihələrində iştirakı üçün zəruri potensial formalaşdırmışdır.
Ölkəmizin "Trans-Avrasiya Superinformasiya Magistralı" və "Avropa-Mərkəzi Asiya İnformasiya Magistralı"nın yaradılması kimi siyasi, iqtisadi və texniki baxımdan mürəkkəb layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etməsi bu potensialın parlaq nümunəsidir. Bu layihələrin reallaşdırılmasına beynəlxalq dəstək əldə olunmuşdur və hazırda onların həyata keçirilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlarla birgə işlər görülür.
Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edən digər bir layihə milli süni peyk layihəsidir. Bu, ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region dövlətlərinə xidmətlər göstərməyə imkan verən kosmik sənayenin formalaşdırılmasına hesablanmışdır. Möhtərəm Prezident İlham Əliyevin 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq telekommunikasiya peykinin 2012-ci ilin sonunda orbitə buraxılması üçün işlər plan üzrə davam etdirilir. Milli peykin mövcudluğu Azərbaycanın informasiya mübadiləsi prosesində xarici ölkələrdən asılılığının azaldılması, ölkənin beynəlxalq rabitə kanallarının sayının artırılması ilə dayanıqlı alternativliyin təmin edilməsi, internetin inkişafı və s. məsələlərin həllinə şərait yaradacaqdır.
İndi qarşımızda duran əsas vəzifələrdən biri rəqabətqabiliyyətli və ixracyönümlü İKT sənayesinin gücləndirilməsidir. Ölkədə informasiya texnologiyaları məhsulları istehsalının və ixrac potensialının artırılması və bu sahədə sahibkarlığın inkişafının sürətləndirilməsi, yeni texnologiyaların tətbiqi və xarici investisiyaların cəlb olunmasının təşviqi, İKT sahəsində dinamik və sürətli inkişafın təmin edilməsi məqsədilə kompleks tədbirlərin yerinə yetirilməsi üzrə təkliflər paketi hazırlanaraq müvafiq icra hakimiyyəti strukturlarına təqdim olunmuşdur. Təkliflər paketində İKT sahəsi üzrə ixtisaslaşmış investisiya fondunun yaradılması, vergi-gömrük güzəştlərinin tətbiqi və bir sıra digər mühüm tədbirlər nəzərdə tutulmuşdur.
İKT siyasətinin tərkib hissəsi kimi indi ölkədə "elektron hökumət" konsepsiyasının həyata keçirilməsinə böyük əhəmiyyət verilir. Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqəti dövlət idarəçiliyinin və ictimai həyatın bütün sferalarında "elektron hökumət" ideyalarının reallaşmasında mühüm rol oynayır.
Həyata keçirilən işlərin tərkib hissəsi olaraq dövlət hakimiyyəti orqanlarının vahid şəbəkə infrastrukturunun, onların informasiya sistemlərinin inteqrasiyasını və əhaliyə "bir pəncərə" prinsipi əsasında elektron xidmətlərin göstərilməsini təmin edən "Elektron hökumət şlüzü"nün və "Elektron hökumət portalı"nın yaradılması, eləcə də təhsil, səhiyyə, ədliyyə, daxili işlər, gömrük, vergilər, sosial müdafiə və digər sahələrdə geniş elektron hökumət layihələrinin həyata keçirilməsi dövlət orqanlarının vətəndaş və təşkilatlarla münasibətlərinin yeni müstəvidə qurulmasını, onlara müasir və keyfiyyətli elektron xidmətlərin göstərilməsini təmin etmişdir.
Azərbaycanda elektron hökumətin formalaşdırılmasında əsas mərhələlərdən biri də elektron imzadan istifadənin təşkilinə xidmət edən Açıq Açar İnfrastrukturunun qurulması və Milli Sertifikat Xidmətləri Mərkəzinin istifadəyə verilməsidir. Elektron imzanın əldə edilməsi üçün respublikanın poçt şöbələrində qeydiyyat mərkəzləri yaradılmışdır. Elektron imza əhalinin elektron hökumət xidmətlərindən geniş istifadəsinə şərait yaradacaq, ölkədə elektron ticarətin və bütövlükdə informasiya texnologiyalarının inkişafını yeni mərhələyə çıxaracaqdır.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanı Azərbaycanda elektron hökumətin formalaşdırılması prosesinin daha geniş vüsət almasına təkan vermiş, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının təmin olunması və korrupsiya halları ilə mübarizədə elektron xidmətlərin göstərilməsinin əhəmiyyətini önə çəkmişdir.
Ölkə rəhbəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu məsələnin önəmini bir daha vurğulayaraq demişdir: "...Elektron hökumət prinsiplərinə keçməyimiz də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaqdır. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdır.
Mənim tərəfimdən imzalanmış xüsusi sərəncamda bütün bu məsələlər göstərilibdir. Hər bir nazirlik və dövlət qurumu həmin sərəncama uyğun olaraq təkliflər verməlidir ki, onların nəzdində hansı xidmətlər elektron variantda aparılmalıdır. Bunu heç kim yubatmasın və uzatmasın. Bu sərəncam və onun icrası bilavasitə mənim nəzarətim altındadır. Tezliklə təkliflər verilməlidir. Ondan sonra daha da ciddi addımlar atılacaqdır..."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramının nəticəsidir ki, bu gün Avropa Birliyi ölkələrində vətəndaşlara və biznes sektoruna göstərilən elektron xidmət növlərinin böyük əksəriyyəti, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların, dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların elektron şəkildə təqdim olunması, fərdi sahibkarların qeydiyyatı, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək, ünvanlı sosial yardım almaq üçün elektron ərizələrin qəbulu və s. uğurla tətbiq edilir.
Bütün bunlardan göründüyü kimi, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İKT sahəsinə verdikləri önəm və diqqət İKT-nin cəmiyyətin bütün sahələrində tətbiqinə yönəlmiş məqsədyönlü, müdrik və uzaqgörən siyasətləri ölkədə böyük İKT potensialı yaratmışdır. İndi bizim vəzifə borcumuz bu potensialı möhkəmləndirmək və onu dünyada gedən ən qabaqcıl təcrübəni nəzərə almaqla yeni istiqamətlərin inkişafına yönəltməkdir.
Əli ABBASOV,
Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL