Sabirabadda müasir rabitə şəbəkəsi yaradılır
Kür çayının məcrasından çıxması nəticəsində yaşayış yerlərini tərk edən Sabirabad sakinlərinin evlərinin bərpa olunması ilə əlaqədar “Aztelekom”İB-nin dəstəyi ilə bölgədə mənzillərin telefonlaşdırılması işləri tam başa çatıb. Sabirabad TKQ-nin rəisi Tapdıq Bağırov “Rabitə dünyası” qəzetinə bildirib ki, rayonun Qaragünə, Minbaşı, Mürsəlli, Ulacalı, Qasımbəyli kənd EATS abunəçilərinin telefonları tam bərpa olunaraq abunəçilərin istifadəsinə verilib.
Qasımbəyli kəndində EATS binası yararsız hala düşdüyündən konteyner tipli tikilidə 160 nömrə tutumlu elektron ATS qurulub. Onun sözlərinə görə, bu günə qədər 48 abunəçinin telefonu bərpa edilib, digər abunəçilərin telefonlarının bərpası işləri aparılır. Bu kənd EATS-dən Muradbəyli və Axtaçı kəndləri sakinlərinə də telefon çəkilir.
Bundan başqa “Aztelekom”İB-nin qərarına əsasən, məlum fəlakət zamanı evləri yararsız hala düşən Saatlı rayonu Novruzlu kəndinin sakinləri üçün salınan yeni Novruzlu qəsəbəsində qurulan 128 nömrə tutumlu elektron ATS-ə xidmət etmək Sabirabad TKQ-yə həvalə olunub. Hazırda qəsəbədə abunəçilərin mənzilləri telefonlaşdırılır. Rəis bildirib ki, yaxın vaxtlarda abunəçilərin yüksəksürətli internet xidmətlərindən istifadə etməsinə şərait yaranıb.
Rayon əhalisinin genişzolaqlı internetə olan tələbatını ödəmək üçün şərait yaradılıb, digər provayderlərlə birlikdə 1025 tutuma malik genişzolaqlı internet avadanlığı quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.
Kənd abunəçilərinin internetə olan tələbatını nəzərə alaraq qovşağın Qalağayın, yeni Novruzlu, Qaratəpə, Əhmədabad, Xəlfəli, Şəhriyar EATS-lərinin fiber-optik kabel xəttinin üzərindən işləməsi təmin olunmuş, Əhmədabad EATS-də 48 porta, Qalağayın EATS-də 48 porta malik genişzolaqlı internet avadanlığı qurularaq sakinlərin istifadəsinə verilmişdir. Digər stansiyalarda da uyğun tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Qeyd edək ki, hazırda Sabirabad üzrə telefon abunəçilərinin sayı 7 min nəfər təşkil edir. 700 nəfərdən çox abunəçi sürətli internetdən istifadə edir.
Sabirabadda informasiya və kommunikasiya texnologiyalarının inkişafına paralel olaraq poçt rabitəsi də sürətlə inkişaf edir. Bu gün rayonda bu sahədə böyük dəyişikliklər müşahidə olunur. Rayon poçtamtının rəisi Hacı Şiraslan Qasımovun bildirdiyinə görə, rayonun bütün kəndlərində müasir, əhaliyə hər bir poçt xidmətini göstərən rahat, yaraşıqlı poçt şöbələrinin tikilməsi və yüksək xidmət sakinləri qane edir. Kür daşqınlarında əziyyət çəkən insanlar üçün salınan Yeni Novruzlu qəsəbəsində müasir üslublu poçt şöbəsi tikilərək sakinlərin ixtiyarına verilib.
Bundan başqa Kür çayının daşması nəticəsində yararsız vəziyyətə düşən Qasımbəyli və Əsgərbəyli kəndlərində də müasir poçt şöbələri tikilib. Bu gün Sabirabad poçt filialı 38 poçt şöbəsi ilə vətəndaşlara bütün poçt rabitəsi xidmətini göstərir. Artıq 7 poçt agentliyi yaradılıb. Hazırda poçtun bank və maliyyə xidmətləri göstərməsi çərçivəsində müasir xidmətlərin tətbiqinə başlanılıb. Poçt filialında fiziki və hüquqi şəxslər üçün hesab açılır. Şöbələrdə avtomobillərin və daşınmaz əmlakın sığortası işləri həyata keçirilir.
Poçt şöbələrində vətəndaşlara “Western Union” xidməti təqdim edilir ki, bununla da dünyanın istənilən nöqtəsindən Sabirabadın hər hansı kəndinə ən qısa zamanda moniqram göndərmək və qəbul etmək olar. Bundan başqa filialın 6 poçt şöbəsi KÖMİS “Colvir” sisteminə qoşulmaqla həmin sistemdən səmərəli istifadə edir. Poçt filialına daxil olan və filialdan göndərilən bütün poçt göndərişləri bu sistemə işlənməklə izlənmə sistemi tətbiq edilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL