waplog

“Müasir dövrdə cəmiyyətin idarə olunmasının sosial-iqtisadi və fəlsəfi problemləri” mövzusunda seminar keçirilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Müasir dövrdə cəmiyyətin idarə olunmasının sosial-iqtisadi və fəlsəfi problemləri” mövzusunda seminar keçirilib. AMEA İqtisadiyyat İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminar cəmiyyətin idarə olunmasında biliklərin rolu, bu sahədə mövcud problemlərin ətraflı müzakirəsi məqsədini daşıyır.
 
17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə “Müasir çağırışların fəlsəfi dərki” mövzusunda məruzə ilə çıxış edən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə cəmiyyətin idarə olunmasında elmlərin vəhdətinin mühüm amil olduğunu qeyd edərək bildirdi ki, hazırda cəmiyyətin, ilk növbədə elmi elitanın qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır.

İnstitut direktoru vurğuladı ki, əsas hədəf biliklər iqtisadiyyatının təşəkkülü prosesinin intensivləşdirilməsinə nail olmaqdır: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının da əsas hədəfi rəqabətədavamlı iqtisadiyyat yaratmaq, inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır”.
 
AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor İsa Alıyev “İqtisadiyyatın modernləşməsinin sosial-iqtisadi problemləri” mövzusunda məruzə ilə çıxış edib. İ.Alıyev fənlərarası inteqrasiyanın əhəmiyyətindən söhbət açdı: “İnformasiya cəmiyyəti problemlərinin mahiyyətini dərk edə bilməsək iqtisadi problemləri həll edə bilmərik”.

Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasında mövcud problemlərin həllinin vacibliyini vurğulayan İ.Alıyev elmin inkişafında informasiya texnologiyalarının imkanlarından geniş istifadənin, dünya bazarına çıxış imkanlarının artırılmasının mühüm amillərdən olduğunu bildirdi: “Azərbaycanda rəqabətədavamlı iqtisadiyyat formalaşdırılmalıdır”.
 
“İnformasiya təhlükəsizliyi və iqtisadi təhlükəsizliyin qarşılıqlı əlaqəsi haqqında” məruzə ilə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev müasir dövrdə iqtisadiyyatın tərəqqisində informasiya texnologiyalarının mühüm rol oynadığını qeyd etdi.

Alim Azərbaycan iqtisadiyyatının innovativ inkişafının dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsi olduğunu bildirərək ölkəmizdə rəqabətədavamlı iqtisadiyyatın bərqərar olması üçün mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
 
İqtisadi sferada informasiya təhlükəsizliyinin təmininin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirən R.Əliquliyev İnternet mühitində iqtisadi cinayətkarlığa qarşı mübarizədə mövcud vəziyyətdən söhbət açıb: “Dünya iqtisadi sahədə mövcud olan cinayətkarlıq halları qarşısında acizdir”.

Kibercinayətkarlıqla mübarizə üçün hüquqi bazanın təkmilləşdirilməsinin önəmliyini vurğulayan institut direktoru bildirdi ki, kibercinayətkarların yüksək ixtisaslı peşəkarlardan ibarət olması, cinayətlərin və cinayətkarların intellektuallaşması bu sahədə iqtisadi cinayətkarlığa qarşı mübarizəni daha da çətinləşdirir ki, bu da elektron kommersiyanın inkişafına ciddi təsir göstərir.

R.Əliquliyev bildirdi ki, İnternetin təhlükəsizliyinin təmin edilməsi elektron kommersiya mühitinin etibarlılığı və davamlılığının yüksəlməsinə xidmət edir. Bu isə öz növbəsində, istehlakçıların müvafiq sahəyə etimadının möhkəmələndirilməsi üçün zəruri şərtlərdən biridir.
 
“Bilik iqtisadiyyatına doğru” adlı məruzə ilə çıxış edən iqtisadiyyat üzrə fəlsəfə doktoru Allahyar Muradov cəmiyyətin idarə olunmasında biliklərin rolu, biliklər iqtisadiyyatını müəyyən edən ümumiləşdirilmiş indeks göstəricilərindən söhbət açıb: “Azərbaycan 2012-ci ildə bilik iqtisadiyyatı indeksinə görə 79-cu, bilik və İKT indeksinə görə 76-cı, iqtisadi stimullaşdırma və institusional rejim indeksinə görə 103-cü, innovasiya və təhsil indeksinə görə 89 və 53-cü yerləri tutub. Bu, əvvəlki illərlə müqayisədə müsbət irəliləyişlərin göstəricisidir”.
 
İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “İnformasiya iqtisadiyyatının formalaşması problemləri” mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, informasiya iqtisadiyyatının formalaşmasına həm fəlsəfi, iqtisadi, hüquqi, həm də texniki aspektdən yanaşılmalıdır. O, müvafiq nəzəriyyələrin işlənilməsi, mövcud elmi yanaşmaların təhlili, elmi əsasların formalaşdırılmasının zəruri məsələlərdən olduğunu bildirdi.

Ə.Əliyev müasir iqtisadi inkişafda informasiya amili, iqtisadi inkişafın elmi əsaslarının işlənilməsi, AMEA-da müvafiq istiqamətlərdə elmi-tədqiqat işlərinin genişləndirilməsi məsələlərinə toxunub: “İnformasiya və biliklər iqtisadiyyatının formalaşması üçün informasiyanın və biliyin inkişafını təmin edən, dünya bazarında rəqabətədözümlü yeni iqtisadi modelin yaradılması vacib şərtdir”.
 
Tədbirdə həmçinin f.e.d. Rəna Mirzəzadə “Azərbaycanda İKT siyasəti və gender indikatorları”, f.ü.f.d. Mətləb Mahmudov “Müasir dövr idarəçilik sisteminin formalaşmasının fəlsəfi əsasları”, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi Rasim Mahmudov “İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi”, f.e.d. Roida Rzayeva “Elmlərarası yanaşma və postmodern şəraitdə ictimai transformasiyalar” və i.ü.f.d. Asif Mustafayev “Dövlət sektoru: yeni yanaşma və baxış” mövzusunda məruzələrlə çıxış ediblər.

Qloballaşma dövründə iqtisadiyyatın modernləşdirilməsi, bu sahənin inkişaf etdirilməsində e-kommersiya texnologiyalarının geniş tətbiqi, İnternet mühitində milli iqtisadiyyatın sərhəd problemlərinin həllinin vacibliyi bildirildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr bildirilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL