İranda nanotexnologiyalar festivalı keçiriləcək
Tehranda İran Nano 2011 – IV Beynəlxalq nanotexnologiyalar festivalı keçiriləcək. 5-9 oktyabr 2011-ci il tarixdə keçiriləcək sərginin təşkilatçısı İranın nanotexnologiyalar üzrə Təşəbbüs Şurasıdır.
Yerli və xarici şirkətlərin, tədqiqat institutları, universitet və laboratoriyaların son nailiyyətlərinin təqdim ediləcəyi tədbirdə 200-dək şirkətin iştirakı gözlənilir. Nanotexnologiyalar, yeni və yüksək texnologiyalar, innovasiya mövzularının geniş yer alacağı tədbirdə ABŞ, Böyük Britaniya, Koreya, Tayland, Rusiya, Malayziya və digər ölkələrdən mütəxəssislər iştirak edəcək.
İlk dəfə 2008-ci ildə təşkil edilən və sayca 4-cü olan nanotexnologiyalar festivalının Təşkilat Komitəsi artıq aprelin 21-dən təşkilati işlərə start verib. www.expoclub.ru saytının məlumatına görə, İran Nano 2011 sərgi və konfransının İran sənaye texnologiyaları ənənəvi Beynəlxalq sərgi və 8-ci Asiya Nanoforumu (8th ANFoS11) ilə eyni vaxtda Tehran Sərgi Mərkəzində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ötən il Vyetnamda keçirilən 7-ci Asiya Nanoforumunda Koreya ilə yarışda İran 6:5 nəticə ilə növbəti 8-ci nanoforumun ölkəsində keçirilməsinə nail olmuşdur.
İran Nano 2011 nanotexnologiyalara aidiyyəti olan ictimai təşkilat, elmi institut və sənaye şirkətlərini, texniki xidmət və nanoməhsul tədarükçülərini, beynəlxalq qurumları tədbirin işində fəal iştirak etməyə dəvət edir.
İran elm və texnologiyaların, nanoistehsalın inkişaf göstəricilərinə görə dünyada mühüm yerlərdən birini tutur. İslam ölkəsində nanoelm sahəsində 65 elmi-tədqiqat və universitet mərkəzi fəaliyyət göstərir. İranda nanotexnologiyalar üzrə 4812 məqalə (2000-2010-cu illər) dərc edilmişdir ki, bunlardan 1713 məqalə 2010-cu ilin payına düşür. Ümumiyyətlə, İran nanotexnologiyalar üzrə nəşrlərin sayına görə dünyada 14-cü yeri (2010-cu ilin dekabr ayına olan məlumata görə) tutur.
Beynəlxalq təşkilatlarda nanotexnologiyalar sahəsində qeydiyyatdan keçmiş ixtiraların sayı 48 (2010-cu il, noyabr), patentlərin sayı 16-dır (2010). İranda nanotexnologiyalar sahəsində 95 istehsal müəssisəsi fəaliyyət göstərir. Bu sahədə xidmət göstərən şirkətlərin sayı 24, kommersiya şirkərtlərinin sayı isə 10-dur. Ölkədə 46 növdə nanoməhsul istehsal edilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL