“Kütləvi kompyuterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa imkan verir”
Ölkəmizdə həyata keçirilən İKT siyasəti internetin inkişafına müsbət təsir edib. İndi Azərbaycanda əhalinin 65 faizi internet istifadəçisidir və bu göstərici ümumdünya orta göstəricisindən təxminən 1,5-2 dəfə yüksəkdir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Məxfi şöbənin müdiri Təranə Səfərova məlumat verib.
İnformasiya texnologiyalarının müasir cəmiyyətdə mühüm rol oynadığını deyən şöbə müdirinin sözlərinə görə, Azərbaycanda İKT sahəsinə xüsusi diqqət yetirilir: “Müasir insanı, o cümlədən də Azərbaycan vətəndaşını gündəlik həyatda əhatə edən reallıq informasiya texnologiyalarının bolluğu ilə seçilir.
Hələ bir neçə il əvvəl informasiya texnologiyaları dedikdə, adətən biz yalnız kompyuter və internet başa düşürdüksə, müasir durumda texnologiyalar müxtəlif səviyyələrdə bizim həyatımızı təmamilə əhatə edib. Artıq bu gün hər hansı bir ölkədə vətəndaşların rifahından danışanda vacib qiymətləndirmə faktorlarından biri informasiya texnologiyalarının insan həyatına inteqrasiyasıdır”.
T.Səfərova qeyd edib ki, bu istiqamətdə ən əsas vəzifələrdən biri də insanların texnologiyalara çıxışının təmin edilməsidir: “Məhz kütləvi kompyuterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa və informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməyə imkan verir. Azərbaycanda da informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır.
Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycanda bu istiqamətdə dövlətin siyasəti, məqsədi və vəzifələri, prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəd olub.
Bununla ölkəmiz 2000-ci ildə BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında, Cənubi Qafqazda isə birinci olub. Bu sənəd Azərbaycan dövlətinin İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan edib.
Bundan başqa, respublika prezidenti 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən və bəşəriyyətin gələcək inkişafı baxımından mühüm hadisə olan İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu dünyaya bəyan edib. Bununla da respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə start verilib”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL