waplog

İTİ-nin Distant Tədris Mərkəzindən regionlara keçilən dərslərin əhatə dairəsi genişləndiriləcək


“AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Distant Tədris Mərkəzində yalnız informasiya deyil, fizika, riyaziyyat, coğrafiya və s. kimi müxtəlif elmi istiqamətlər üzrə alimlərimiz tərəfindən qabaqcıl texnologiyalara əsaslanmış innovativ distant tədris sistemləri tətbiq edilir. Bu, AMEA üzrə bir layihədir”. “İCTnews” elektron xəbər xidmətinə bu barədə institutun direktoru Rasim Əliquliyev məlumat verib.

Onun sözlərinə görə, burada tələbələr müəyyən olunmuş vaxtda auditoriyada toplaşırlar və müəllimlər məsafədən tədris prosesini həyata keçirirlər: “Alimlər öz dərslərini eyni zamanda bir neçə regiona tədris edəcəklər. Biz bunu quracağıq. Məsələn, 5 rayona eyni vaxtda dərslər keçiləcək.

Bu, çox əhəmiyyətli məsələdir. Çünki bu gün Azərbaycanda biliklərin paylanması fərqi var. Daha savadlı kadrlar Bakıda olduğundan rayonlara bilik çatmır. Onlara keyfiyyətli bilik çatdırılması, biliklər iqtisadiyyatının yaradılması yolu isə məhz qabaqcıl texnologiyalara əsaslanmış innovativ distant tədris sistemlərinin tətbiqidir”.

R.Əliquliyev texnologiyaların sürətli inkişafına əksər hallarda təhsilin uyğunlaşa bilmədiyini deyir: “Görürsən ki, tədris axsayır, ona görə də tədrisdə, informasiya texnologiyalarında bir nömrəli problem yeni, aktual biliklərin çatdırılmasıdır. Bu, ümumbəşəri problemdir. Texnologiyaların meydana çıxması sürəti biliyin verilməsini qabaqlayır.

Ona görə də bilik aktuallığını itirir. İnnovasiyaların dayaqlarından biri də elm və tədrisin bağlılığıdır. Bu səbəbdən də alimlər, təhsil müəssisələrinin aparıcı mütəxəssisləri tərəfindən İTİ-nin Distant Tədris Mərkəzindən regionlara dərslərin keçirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması qərara alınıb və bunun üçün hərtərəfli şərait yaradılıb. Hər bir kəs burada gəlib dərs deyə bilər”.

İnnovativ yolla tədrisin digər üstünlüklərindən də danışan R.Əliquliyevin sözlərinə görə, Distant Tədris Mərkəzində keçilən hər bir dərs sistemdə qeydə alınır: “Dərslər sistemə yazılmaqla avtomatik kontent yaradılır. Distant Tədris Mərkəzinin serverindən həmin mühazirələrə təkrar baxmaq və dinləmək mümkündür. 

Belə desək, biz həm mərkəzdə elektron distant təhsilin kontentini yığırıq, həm də canlı dərsin texnologiyasını tətbiq edə bilirik. Bu materiallardan tələbələrin istənilən vaxt istifadəsinin mümkün olması üçün materiallar elektron təhsil sistemində də yerləşdiriləcək. Distant təhsillə bağlı layihənin tətbiqinə keçən ilin aprel ayından başlanılıb.

Artıq biz Naxçıvanla mütəmadi videogörüşlər keçiririk”. Mərkəzin maddi-texniki bazasının lazımi avadanlıqlarla təmin edildiyini deyən İTİ direktorunun sözlərinə görə, hazırda institutun birinci mərtəbəsində də bütün otaqlar elektron lövhə, noutbuk,  mikrofon və videokamera sistemi, eləcə də yüksəksürətli internetə çıxış xətti ilə təchiz olunub: “Geniş imkanlara malik olan bu Tədris Mərkəzinin özü Data Mərkəzin əsasında yerləşməklə virtual aləmdədir və onun fəaliyyəti üçün tam şərait qurulub”.

İnstitutda innovasiyalarla bağlı elmi araşdırmaların aparıldığını da vurğulayan R.Əliquliyev deyir ki, layihələrin hər biri tələb olunduğu sahəyə uyğun olaraq dinamik idarə edilir: “İntellektual bilik tələb olunanda hansı biliyin satışa çıxarılmasının əvvəlcədən məlum olması üçün bütün layihələr reyestrə bağlanıb. Daha sonra müraciət əsasında “alan”la “satan” arasında seçim gedir, burada intellektual biliyin marketinqi aparılır və onların hər birinin dəqiq uçotu aparılır.

Hər bir şeyin əmsalı, qiyməti əvvəlcədən məlumdur. Və ya İTİ bu gün kommersiya şərtləri ilə hər hansı nazirliyin müraciəti əsasında sifarişçi tərəfin kadrlarının İKT üzrə hazırlanmasını həyata keçirir. İnstituta belə sifarişlər daxil olarsa, danışıqlar aparılır, qarşılıqlı şəkildə proqram hazırlanır, qiymətləndirilir.

Tərəflər üçün şərtlər aydınlaşdırıldıqdan sonra isə menecerə verilir və menecer tərəfindən idarə olunur. Ona görə də buradakı biliklər bazardakı rəqabətli bilikdir. İstənilən biliyin arxasında araşdırmaçı, doktorant, dissertant və s. dayanır”.

İnstitut direktoru bu yolla daimi inkişafın, o cümlədən mütəxəssislərin elmi potensialının gücləndirilməsinin təmin olunduğunu deyir: “Elm tədrisə dəstək verir, tədrisin də kommersiya baxımından gətirdiyi vəsait elmə dəstək olmalıdır”.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL