Mərkəzi Bankda Milli Ödəniş Şurasının ilk iclası keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankında ölkənin ödəniş və qiymətli kağızlarla hesablaşmalar sistemlərinin təkmilləşdirilməsi üzrə siyasətin müəyyənləşdirilməsi və konseptual qərarların qəbul olunması məqsədilə yaradılan Milli Ödəniş Şurasının (MÖŞ) ilk iclası keçirilib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AMB-nin məlumatında deyilir.
Məlumatda bildirilir ki, iclasda çıxış edən Mərkəzi Bank sədrinin birinci müavini – MÖŞ-ün sədri A.Quliyev Prezident İlham Əliyev tərəfindən ölkədə nağdsız ödənişlər üzrə dövriyyənin ən qısa vaxtda inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, kartlardan geniş istifadənin təmin edilməsi məqsədilə bir sıra tapşırıqların verildiyini vurğulayaraq bu istiqamətdə ümumi işlərin koordinasiyası üçün MÖŞ-ün yaradıldığını bildirib.
Öz çıxışında A.Quliyev Mərkəzi Bank tərəfindən ölkədə elektron ödəniş sistemlərinin yaradılması və nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində bir sıra mühüm layihələrin uğurla başa çatdırıldığını qeyd edib.
Daha sonra çıxış edən Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru K.Qurbanova isə MÖŞ-ün yaradılması üzrə beynəlxalq təcrübə, onun fəaliyyətinin məqsədi və işinin təşkili, Milli Ödəniş Sisteminin mövcud vəziyyəti, digər ölkələrlə müqayisəli təhlili, həmçinin inkişaf perspektivləri barədə iclas iştirakçılarına məlumat verib.
O qeyd edib ki, hal-hazırda Milli Ödəniş Sisteminin əsas komponentlərindən hesab edilən sistemlər – AZİPS, XÖHKS və KÖMİS müvəffəqiyyətlə istifadə olunur və bu sistemlərin istifadəyə verilməsi ilə banklararası hesablaşmaların tam elektronlaşdırılmasına nail olunub.
İclasda həmçinin elektron ödəniş xidmətlərinin inkişaf istiqamətləri və növbəti 5 il üçün strateji hədəflər müzakirə edildi. İclasın sonunda Milli Ödəniş Şurasının Əsasnaməsi qəbul edilib.
İclasda MÖŞ-ün üzvləri olan Mərkəzi Bank, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Gömrük, Qiymətli Kağızlar üzrə Dövlət komitələri və aparıcı kommersiya banklarının rəhbərlik səviyyəsində nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, MÖŞ ölkədə nağdsız dövriyyənin həcminin artırılması, ödəniş kartlarından istifadənin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, “elektron hökumət” quruculuğu çərçivəsində dövlət qurumlarının Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiyası, habelə bütün iqtisadi subyektlərin və geniş əhali təbəqəsinin elektron ödəniş xidmətlərindən daha fəal istifadəyə cəlb edilməsi sahəsində görülən işlərin koordinasiya edilməsi məqsədilə yaradılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL