waplog

Bələdiyyələrin xəritələrinin hazırlanması tam elektronlaşdırılacaq


Tezliklə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən bələdiyyələrin xəritələrinin hazırlanması tam elektron qaydada həyata keçiriləcək. Hazırda isə sözügedən xəritələrin hazırlanması ilə bağlı müraciətlər elektron şəkildə qəbul edilir, amma onların yerinə yetirilməsi prosesi tam avtomatlaşdırılmayıb.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) məlumat verilib. Komitədən qeyd edilib ki, bu xidmət bələdiyyələrin hüdudları daxilində torpaq sahələri barədə məlumatların alınmasını əhatə edir.

Elektron xidmətin göstərilməsinin hüquqi əsasına gəlincə, bu proses “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” qanunun icrasının təmin edilməsi haqqında respublika prezidentinin 2010-cu il tarixli fərmanı ilə təsdiq edilmiş  “Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na uyğun olaraq aparılır. Elektron xidmətin icraçıları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi, Dövlət Yerquruluşu Layihə İnstitutudur.

Komitədən bildirilib ki, elektron xidmətin icra müddəti təxminən 2 ay ərzində tamamlanır. Belə ki, xəritələr 60 gün ərzində hazırlanır. Elektron xidmətin göstərilməsinin nəticəsi olaraq, xəritə və yerquruluşu sənədlər qovluğu (arayış, icazə, xüsusi razılıq (lisenziya), sertifikat, əməliyyat və s.) sifarişçiyə təqdim olunur.

İnformativ və interaktiv olan bu xidmət növü ödənişsiz və ödənişli ola bilər. Belə ki, ödənişli xidmətlə bağlı müvafiq xidmətlər üzrə məbləğlər təsdiq olunmaq üçün Tarif (Qiymət) Şurasına təqdim olunub. Xidmət üçün tələb olunan ödəniş köçürmə, internet-ödəmə, terminal, nağd və s. şəkildə ödənilə bilər.

Bu xidmətin istifadəçilərinə gəlincə, buraya dövlət orqanları, fiziki şəxslər, hüquqi şəxslər və  digərləri daxildir. Elektron xidmət istifadəçilərinə “http://dtxk.gov.az/about/service11_a.html”  internet ünvanı üzərindən təqdim edilir. Komitədən elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması haqqında da məlumat verilib.

Belə ki, buraya Milli Məclisin müraciəti, bələdiyyələrin əhatə etdiyi ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmiş xəritələri və məlumatları, bələdiyyələrin ərazisinə dair topoqrafik, torpaq kadastrı, yerquruluşu, meşə quruluşu (ortofotoplan, bələdiyyələrin hüdudlarına dair xəritələr və Dövlət aktları, torpaq islahatına dair kompleks yerquruluşu layihələri (sxemləri), torpaqların inventarlaşdırılmasına dair yerquruluşu planları və s.) plan və xəritələri daxildir. Bundan başqa, sənədlər sırasında dövlət torpaq kadastrının məlumatları, qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər də yer alıb.

Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda sənədlərin (şəxsiyyət vəsiqəsi, şəhadətnamə, hərbi bilet, attestat və s.) nömrəsini və ya onu identikləşdirməyə imkan verən digər rekvizitlər tələb olunur.

Əks halda, bələdiyyələrin əhatə etdiyi ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmiş xəritələri və məlumatları, bələdiyyələrin ərazisinə dair topoqrafik, torpaq kadastrı, yerquruluşu, meşə quruluşu (ortofotoplan, bələdiyyələrin hüdudlarına dair xəritələr və dövlət aktları, torpaq islahatına dair kompleks yerquruluşu layihələri (sxemləri), torpaqların inventarlaşdırılmasına dair yerquruluşu planları və s.) plan və xəritələri, dövlət torpaq kadastrının məlumatları, sənədlərin (şəxsiyyət vəsiqəsi, şəhadətnamə, hərbi bilet, attestat və s.) elektron
formada surətləri tələb edilir.

Komitədən qeyd edilib ki, informativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz. İnteraktiv elektron xidmətlər üçün sorğu isə bələdiyyə xəritələrinin hazırlanması üçün sorğu internet ünvanından götürülmüş müvafiq sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilməsi nəticəsində formalaşır.

Təqdim edilən sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır və Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinə (və ya Dövlət Yerquruluşu Layihə İnstitutuna) göndərilir.  Qurumdan elektron xidmətin göstərilməsi və ya imtina edilməsi halları barədə də məlumat verilib. Belə ki, bələdiyyə xəritələrinin hazırlanması üçün təqdim edilən sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə 5 gündən gec olmayaraq yazılı məlumat verilir.

Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra  5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir: “Təqdim edilən sənədlər DTXK tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır və Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinə (və ya Dövlət Yerquruluşu Layihə İnstitutuna) göndərilir.

Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzində və ya Dövlət Yerquruluşu Layihə İnstitutunda sənədlərə baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda 5 gün ərzində bu barədə rəhbərliyə məlumat verilir və qərara müvafiq olaraq növbəti inzibati mərhələyə keçilir. Müvafiq şöbə tətəfindən Xəritə və yerquruluşu sənədlər qovluğu sifarişçiyə təqdim olunur”.

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti isə DTXK-nın Ümumi şöbəsi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə komitədə “qaynar xətt” fəaliyyət göstərir. Elektron xidmətin göstərilməsi üzrə mübahisələrə gəldikdə isə xidmətlə əlaqədar dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
 
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL