Əlilliyin müəyyən edilməsi üçün göndəriş forması TSEK-lərə elektron qaydada təqdim olunacaq
Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsi üzrə elektron xidmətlərin tətbiqi işləri davam etdirilir.
Nazirlikdə Səhiyyə Nazirliyinin müvafiq strukturlarının əməkdaşları ilə birgə əlilliyin müəyyən edilməsi üçün səhiyyə müəssisələri tərəfindən 88 nömrəli göndəriş formasının Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron qaydada təqdim olunması ilə bağlı texniki məsələlər müzakirə olunub. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Şöbədən qeyd edilib ki, tədbirdə nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov səhiyyə müəssisələri tərəfindən verilən 88 nömrəli göndəriş formasının əlillik müayinəsinin aparılması üçün ən ilkin və vacib sənəd olduğunu, vətəndaş tərəfindən TSEK-ə elektron qaydada müraciət zamanı həmin göndəriş formasının skan edilmiş şəkildə təqdim olunmasının həm vaxt itkisi, həm də texniki baxımdan vətəndaşlar üçün çətinliklər yarada biləcəyini deyib.
Qeyd olunub ki, hazırda «Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu» e-xidmətin tətbiqi işləri aparılır.
Bu xidmət əlillik təyinatlarının aparılması prosesində vətəndaşlarla TSEK əməkdaşları arasında birbaşa ünsiyyətin minimuma endirilməsində, əlillik qruplarının təyinatı ilə bağlı qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılmasında, əlillərin tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanması prosedurlarının sadələşdirilməsində xüsusi önəm kəsb edir.
Elektron xidmətin tətbiqi üçün müvafiq strukturların maddi-texniki bazası gücləndirilib, həmçinin Dünya Bankı ilə birgə icra olunan «Sosial Müdafiənin İnkişafı» layihəsi çərçivəsində həmin strukturlar kompyuter avadanlıqları ilə təmin edilib.
Müzakirələr zamanı səhiyyə müəssisələri ilə TSEK-lər, eləcə də Əlillərin bərpa mərkəzləri arasında elektron məlumat mübadiləsinə, o cümlədən əlillik təyinatı üçün 88 nömrəli göndəriş formasının elektron qaydada TSEK-lərə təqdim olunmasına imkan verən sistemin qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL