“Gigabyte” şirkəti dünyada ən yüngül noutbuk istehsal edib (VİDEO)
Tayvanın “Gigabyte” şirkəti dünyada ən yüngül noutbuk istehsal etdiyini elan edib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, “X11” modelinin akkumulyatorla birgə çəkisi cəmisi 975 qram təşkil edir. 11,6 düymlü noutbukun korpusu bütünlüklə karbon lifindən hazırlanıb.
“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, noutbuk üçüncü nəsil “İntel Core” (Ivy Bridge) prosessoru, 4 QB “DDR3” tipli əməli yaddaş, 128 QB tutuma malik “SSD” daşıyıcı, “İntel HD Graphics 4000” qrafikası, həmçinin “Wi-Fi” və “Bluetooth 4.0” modulları ilə təchiz edilib. Korpusun qalınlığı 16,5 millimetrə bərabərdir.
“X11” noutbukunun sol tərəfində “USB 2.0” və “mini DisplayPort” portları, sağ tərəfində isə audiogiriş və “USB 3.0” portları yerləşib. Maye kristal ekranın təsvir ölçüsü 1366x768 nöqtəyə bərabərdir. Ekranda həmçinin 1,3 meqapikselli veb-kamera quraşdırılıb. Akkumulyatorun tutumu 4,740 milliamper/saat təşkil edir.
“X11” noutbuku 2012-ci ilin iyulunda satışa çıxarılacaq və qiyməti 999-1299 dollar arasında təşkil edəcək. Noutbuk iyunun 5-9-u tarixlərində Taybeydə keçiriləcək “Computex 2012” beynəlxalq sərgisində təqdim olunacaq.