waplog

Sosial məsələlərlə bağlı göstəriləcək elektron xidmətlərin bütün növləri üzrə məlumatlar toplanıb


Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsi üzrə elektron xidmətlərin tətbiqi işləri davam etdirilib.

Belə ki, artıq nazirliyin rəsmi internet səhifəsində (www.mlspp.gov.az) vətəndaşların elektron xidmətlərdən istifadəsi üçün e- Xidmətlər bölməsi yaradılıb.

Bölmə 11 elektron xidmətdən («Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu», «Peşə seçimi ilə bağlı onlayn testləşdirmə», «Məşğulluq orqanları vasitəsilə iş axtarışı», «İşəgötürənlərin hesabatlarının onlayn təqdim olunması», «İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu», «İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru», «İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi», «Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu», «Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu», «Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator», «Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu») ibarətdir.

Bu elektron xidmətlərin 3-nün («İşəgötürənlərin hesabatlarının onlayn təqdim olunması», «Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu», «Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu») alt funksiyalarının adları artıq dəqiqləşdirilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev məlumat verib.

Onun sözlərinə görə, göstərilən elektron xidmətlərlə bağlı inzibati reqlamentlər hazırlanıb və ictimai müzakirəyə təqdim olunub: «Elektron xidmətlər qeydiyyatdan keçirilmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Xidmətlər Reyestrinə təqdim olunub.

Bütün xidmətlər üçün texniki tapşırıqlar hazırlanıb və təhlil edilib. Elektron xidmətlər bölümünün fəaliyyəti ilə bağlı texniki məsələlər artıq həll olunub və müvafiq server ayrılıb. Serverin gücü ilkin mərhələ üçün qənaətbəxşdir, lakin gələcək mərhələlərdə serverin gücünün artırılmasına ehtiyac yaranacaq».

A.Əliyev deyib ki, elektron xidmətlərin bütün növləri üzrə istifadə olunacaq məlumatlar artıq toplanıb. Onun sözlərinə görə, məlumatların mənbəyi artıq dəqiqləşdirilib və bəzi məlumatların nazirliyin daxili məlumat bazası hesabına, bəzi məlumatların isə digər mənbələr hesabına əldə ediləcəyi müəyyən edilərək müvafiq siyahı hazırlanıb: «Elektron müraciət zamanı nazirliyin məlumat bazasında mövcud olan məlumatlar vətəndaşlardan tələb olunmayacaq və bu da vətəndaşların nazirliyə müraciətini sadələşdirəcək.

Hazırda İdarələrarası  Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə (İAMAS) qoşulma ilə bağlı danışıqlar aparılır. Gələcəkdə digər dövlət qurumlarının da məlumat bazasına qoşulması nəzərdə tutulur.

Artıq Vergilər Nazirliyi ilə əlaqə yaradılıb. Vətəndaşların elektron xidmətlərə rahat müraciəti məqsədilə e-xidmətlər  bölümünün hazırlanmasında “MySQL” və “PHP” proqram təminatları  tətbiq olunub. Bölümdə qrafik interfeysdən istifadə edilib».

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL