Azərbaycan 2013-cü ildə tamamilə elektron varianta keçəcək və kağızsız texnologiyanı tətbiq edəcək
13-14 iyun tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), ABŞ İnkişaf Agentliyi (USAİD) və Gürcüstan Hökuməti tərəfindən Tbilisi şəhərində “Ticarətin asanlaşdırılması, “bir pəncərə” konsepsiyası və Cənubi Qafqazda ticarət məlumatları tələblərinin ahəngləşdirilməsi” mövzusuna dair ikigünlük II regional konfrans keçirilib. Tədbirdə əsasən Qafqaz və Qara dəniz regionunda ticarətin asanlaşdırılması sahəsində müasir texnologiyalar üzrə fikir və təcrübə mübadiləsi aparılıb.
Azərbaycan, Gürcüstan, Türkiyə, Ermənistan və Ukrayna sərhəd-gömrük strukturlarının, eyni zamanda özəl şirkətlərin 100-ə qədər nümayəndəsinin qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev iştirak edib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, Gürcüstan Gəlirlər Xidmətinin rəis müavini Lili Begiaşvili, Gürcüstan Ədliyyə Nazirliyinin məlumat mübadiləsi layihəsinin mütəxəssisi Paata Sirbiladze və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev gömrük məntəqələrində həyata keçirilən “bir pəncərə” sistemi, ticarətə yardımın sadələşdirilməsi, sərhədlərdə gömrük-buraxılış məntəqələrində administrativ sənədlərin kompyuter sistemi ilə ötürülməsi, gömrük məntəqəsində gedən proseslərin standartlaşdırılması və gələcək layihələrdən söz açıb.
O, öz çıxışında tədbir iştirakçılarına respublikamızın gömrük-buraxılış məntəqələrindəki yeniliklərdən danışıb və qeyd edib ki, 2009-cu il yanvarın 1-dən Azərbaycanda “bir pəncərə” prinsipi həyata keçirilir: “Əvvəllər gömrük-buraxılış məntəqələrində malların və nəqliyyat vasitələrinin yoxlanışını bir neçə nazirlik həyata keçirirdi ki, bu da çox böyük çətinliklər törədirdi. İndi bütün bu səlahiyyətlər Dövlət Gömrük Komitəsinə verilib. Bu da çox böyük nəticə verib. İndi yük maşınları sərhədi avtomatlaşdırılmış sistemlə 15-20 dəqiqəyə keçə bilir. “Bir pəncərə” sistemi sayəsində xarici ölkələr tərəfindən Azərbaycana ixrac meyli indi daha çox artıb.
Çalışırıq ki, sərhəd-gömrük məntəqələrində kağızla xidməti elektron xidmət ilə əvəz edək”.
Xatırladaq ki, ABŞ hökumətinin təşəbbüsü ilə Gürcüstanda keçirilən II regional konfransda Azərbaycan haqqında film də nümayiş olunub.
Tədbirin ilk gününün sonunda BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) regional məsləhətçisi Mario Apostolovun xahişi ilə Azərbaycanda elektron gömrük sisteminin tətbiqinə dair 8 dəqiqəlik film nümayiş etdirilib.
Sonra filmlə bağlı suallara cavab verən İ.Babayev konfrans iştirakçılarına “bir pəncərə” sisteminin və elektron idarəetmə sisteminin Azərbaycanda artıq real tətbiq olunduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın bütün gömrük-buraxılış məntəqələrində elektron xidmət həyata keçirildikdən sonra yükdaşımaların həcmi 3-4 dəfə artıb: “Elektron xidmətlə biz Azərbaycanın iqtisadi və dövlət təhlükəsizliyini qoruyuruq.
Bu xidməti bütün aidiyyəti təşkilatlar və nazirliklər də izləyə bilir. Hələlik bəzi sənədləşmə prosedurlarında elektron variantdan tam istifadə edə bilmirik. Lakin Azərbaycan 2013-cü ildə tamamilə elektron varianta keçəcək və kağızsız texnologiyanı tətbiq edəcək”.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL