waplog

Müasir texnologiya sayəsində insan ömrü 25 il uzanacaq


XX əsrdə antibiotiklər sayəsində insan ömrünün uzunluğu 25 il artıb. Yaxın vaxtlarda isə insan ömrü bir qədər də artacaq. Bu dəfə artım hüceyrə terapiyası və toxuma mühəndisliyi sayəsində baş verəcək. Bunu Moskva Dövlət Universitetinin fundamental tibb fakültəsinin dekanı Vsevolod Tkaçuk deyib.

Onun sözlərinə görə, tibb işçiləri "ehtiyat hissələri hazırlayacaqlar": xəstəliklər nəticəsində məhv olanları bərpa etmək üçün orqan və hüceyrə hazırlanacaq və onların funksiyaları bərpa ediləcək.
 
Həkimin sözlərinə görə, insan orqanizmi ömrü boyu yenilənir- hüceyrənin biri ölür, başqası yaranır. Ancaq yaş keçdikcə kök hüceyrələrin ehtiyatı azalır və orqanizm yaranmış boşluqları doldurmaqda çətinlik çəkir.
 
Artıq Qərbdə ayrı-ayrı orqanları "yetişdirməyi" öyrəniblər: dişləri, hətta bütöv çənəni, sidik kisəsini. "Bu, tamamilə yeni texnologiyadır. Xeyli araşdırma aparmaq və olduqca ehtiyatlı olmaq lazımdır ki, yerləşdirilən hüceyrələr fəsadlar verməsin və onkoloji xəstəliklərə yol açmasın", - deyə Vsevolod Tkaçuk bildirib.
 
Qeyd edək ki, bu günlərdə isveçli mütəxəssislərin 10 yaşlı qıza kök hüceyrədən yetişdirilən vena damarı köçürməsi barədə məlumatlar yayılıb. Alimlər donordan 9 sm-lik damar hissəsi götürərək ora qızın sümük iliyindən götürülən kök hüceyrələri yerləşdiriblər.
 
Transplantasiya bir il öncə həyata keçirilsə də, bu barədə yalnız yeni xəbər verilib. İndi 11 yaşlı qız özünü çox yaxşı hiss edir.
 
Yeni texnologiyalardan biri də “SPRS”-terapiya (ingilis dilində "Service for personal regeneration of skin" - dərinin fərdi reqenerasiya proqramı) dərinin qüsurlarından qaçmağa, üz, boyun, əl və sairə nahiyələrin cavanlaşdırılmasına imkan verir.
 
Xəstənin qulağının arxasından 5 mm ölçüsündə dəri kəsilir və ondan fibroblastlar ayrılır. Yaş keçdikcə fibroblastların sayı azalır, onların iş qabiliyyəti düşür, dəri elastikliyini itirir. “SPRS”-prosesi zamanı ən keyfiyyətli fibroblastlar laboratoriya şəraitində yetişdirilir və iynə vasitəsilə yenidən pasiyentə köçürülür.
 
Dərinin orta qatı olan dermaya düşən maddə dərinin təbii yenilənməsi prosesini işə salır, qırışları açır, rəngi yaxşılaşdırır. Nəticədə 45-50 yaşlı insan 10 yaş daha cavan görünür.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL