waplog

“Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya”


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) təşkilatçılığı ilə "Kempinski Badamdar" otelində "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" (TK11) standartlaşdırma üzrə Texniki Komitənin yaradılması ilə bağlı təqdimat mərasimi keçirilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, tədbiri giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri cənab Ramiz Həsənov bildirib ki, ölkəmizdə texniki tənzimləmə, standartlaşdırma, keyfiyyətin idarə edilməsi məsələlərinə diqqət və qayğı günbəgün yüksəlməkdədir. "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" prezident İlham Əliyevin 4 aprel fərmanına uyğun olaraq, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Akkreditasiya Xidməti və Dövlət Metrologiya Xidməti yaradılıb.

Komitə sədri bildirib ki, bu sahələrin beynəlxalq tələblər səviyyəsində qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər davam etməkdədir. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Avropa Standartlaşdırma Komitəsi (CEN), Beynəlxalq Elektrotexniki Komissiya (İEC) və s. nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Standartlaşdırma üzrə Texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində islahatlar aparılır. Azərbaycanda dövlət standartlarının, standartlaşdırma üzrə başqa normativ sənədlərin təşkili və işlənməsi, baxılması, razılaşdırılması və təsdiqə hazırlanması, eləcə də beynəlxalq (regional) standartlaşdırma üzrə işlərin aparılmasında Texniki komitələrin rolunu xüsusi vurğulayan Ramiz Həsənov ölkəmizdə qida məhsulları, informasiya texnologiyaları, ekologiya, turizm, keyfiyyətin idarə olunması sahələri üzrə TK-ların fəaliyyət göstərdiyini qeyd edib. "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" (TK11) standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasının da mühüm əhəmiyyət kəsb etdiyini deyən sədr TK-nın işinə uğurlar arzulayıb.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq kadastrı, coğrafi informasiya sistemləri, həmçinin əsas məkan məlumatları və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 04.06.12-ci il tarixli 129 nömrəli və  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 06.06.2012-ci il tarixli 51 nömrəli əmrləri ilə "Torpaqların qiymətləndirilməsi və coğrafiya informasiya/Geometika" (TK11) standartlaşdırma üzrə Texniki Komitə yaradılıb. TK11-in əsas vəzifələri milli, dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrinin ekspertizasını təşkil etməkdən ibarət olacaq.

Q.Məmmədov məlumat verərək deyib ki, sözügedən Texniki Komitənin strukturu təsdiq edilib, onun fəaliyyətini təmin edəcək "Torpaqların qiymətləndirilməsi", "Torpağın keyfiyyətini yaxşılaşdıran vasitələr", "Geoməkan xidmətləri", "Kadastr informasiyasının menecmenti və informasiya cəmiyyəti", "Obrazlar", "Geodeziya və kartoqrafiya" Alt komitələri yaradılıb və 20 üzv təşkilatın siyahısı təsdiqlənib. Təqdimat mərasimində hər iki komitənin məsul şöbələrinin rəhbərləri də TK11-in vəzifə və funksiyaları ilə bağlı ətraflı məlumatlar veriblər.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL