waplog

Texnoparklar üzrə alman modelli müəssisənin yaradılması təklif olunub


Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer Azərbaycanda peşə təhsili sahəsi üzrə yeni layihənin həyata keçirilməsi təklifi ilə çıxış edib. O.Hauzer təklifi təhsil naziri Misir Mərdanovla keçirilən görüşündə səsləndirib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da genişləndiyini bildirən nazir iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyətini vurğulayıb.

Misir Mərdanov iki ölkənin təhsil əlaqələri çərçivəsində artıq peşə təhsili üzrə əməkdaşlığın yaradıldığını və bu sahədə müəyyən addımlar atıldığını da deyib. Almaniya-Azərbaycan təhsil əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirən fəxri konsul isə Almaniya modeli əsasında pilot peşə təhsili müəssisəsinin yaradılması istiqamətlərindən bəhs edib və müvafiq layihənin Sumqayıt şəhərində reallaşdırılacağını açıqlayıb.

Qonaq pilot peşə təhsili müəssisəsində təhsil müddətinin 3 il olmasının və burada iqtisadiyyatın kimya, tikinti, mexatronika sahələri üzrə kadr hazırlığının aparılmasının nəzərdə tutulduğunu bildirib. Yeni yaradılacaq müəssisənin mövcud region üçün əhəmiyyətli olacağını vurğulayan qonaq müvafiq binanın tikintisi, tədris vəsaitlərinin, kurikulumların hazırlığı, müəllim heyətinin ixtisaslaşması, onların Almaniyada təlim kurslarında iştirakı məsələlərinə toxunub. Otto Hauzer, həmçinin alman dilində mövcud olan tədris materiallarının Azərbaycan dilinə tərcümə edilməsinin zəruriliyindən də söz açıb.

Misir Mərdanov Almaniyada peşə təhsili sisteminin inkişafından bəhs edərək bu ölkənin qeyd olunan sahədəki mövcud təcrübəsindən bəhrələnməyin vacib olduğunu önə çəkib. Təhsil naziri ölkəmizdə reallaşdırılması nəzərdə tutulan layihəni müsbət dəyərləndirdiyini və müvafiq təşəbbüsü dəstəklədiyini deyib.

Peşə təhsili müəssisəsinin məhz Sumqayıtda istifadəyə verilməsinə xüsusi önəm verdiyini açıqlayan nazir bildirib ki, yeni yaradılacaq müəssisə bu şəhərdəki iri sənaye obyektlərinin, texnoparkların ixtisaslı kadrlara olan tələbatının ödənilməsində və onların fəaliyyətinin genişləndirilməsində böyük rol oynaya bilər.

Misir Mərdanov layihənin daha səmərəli həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıb, bununla bağlı müəyyən addımlar atılmasının önəminə diqqət çəkib.

Görüşdə peşə təhsili müəssisəsinin yaradılması üzrə müvafiq qurumlarla birgə iş aparılması, bu müəssisə tərəfindən məzunlara veriləcək diplomun Almaniyada tanınması, treninq kurslarının təşkili və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL