waplog

Gəncə və Mingəçevirdə elektron xidmətlərin növbəti təqdimatı keçirilib


İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə sahibkarlar üçün elektron xidmətlərin növbəti təqdimatı iyulun 4-də Mingəçevir, iyulun 5-də isə Gəncə şəhərində keçirilib.

Tədbirlərdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və 160-dan çox sahibkar iştirak edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İİN-in yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxış edərək sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi baxımından Beynəlxalq Maliyyə Korporasiyası ilə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin saytında elektron xidmətlərlə bağlı bölmə yaradılıb.

Elektron xidmətlər bölməsində nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyalar və sertifikatlar, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilib. Zaur Qasımov icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə də məlumat verib, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanına uyğun olaraq yaradılmış  “www.icazeler.gov.az”  saytı informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini və bu sahədə şəffaflığın daha da artırılmasını təmin edəcək.

Bu internet saytı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə və fəaliyyətini genişləndirərək yeni sahələrdə çalışmaq istəyən sahibkarlara fəaliyyəti növündən asılı olaraq tələb olunan icazə xarakterli sənədlər, onların alınması proseduraları, təqdim edilməli sənədlər, həmin icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət orqanları barədə məlumatları vahid mənbədən əldə etmək imkanı yaradır.

Beynəlxalq Maliyyə Korporasiyasının "İnvestisiya mühiti layihəsi"nin əməkdaşı İlham Abdullayev sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (www.yoxlama.gov.az), "Minimax" şirkətinin nümayəndələri Cavid Xəlilov isə kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş “www.biznesinfo.az” internet portalının sahibkarlar üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verib, icazəverici sənədlərlə bağlı vahid məlumat portalının yaradılmasının sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, bu sahədə məlumatlılıq səviyyəsinin və şəffaflığın artırılmasında əhəmiyyətini qeyd ediblər.

Mərkəzi Bankın Mərkəzləşdirilmiş  Kredit Reyestrinin əməkdaşı Əfqan İmanzadə sahibkarların maliyyə mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təqdimatlarla çıxış edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Emil Süleymanov Konfederasiya tərəfindən sahibkarlara göstərilən xidmətlər barədə məlumatı diqqətə çatdırıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

CAHANGİR

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL