waplog

Gəncə poçtunda müasir xidmət


Gəncədə poçt rabitəsi sürətlə inkişaf edir. Poçtun bank və maliyyə xidmətləri göstərməsi bu inkişafı bir qədər də sürətləndirib. Gəncə Regional Poçt Filialının rəisi Nizami Mustafayevin  “Rabitə dünyası”  qəzetinə verdiyi məlumata görə, qısa zaman kəsiyində həyata keçirilən tədbirlər nəticəsində poçt sahəsi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Şəhərdə 21 poçt şöbəsi ilə gəncəlilərə və şəhərin qonaqlarına yüksək səviyyədə poçt-bank-maliyyə xidmətləri göstərdiklərini bildirən N. Mustafayev ənənəvi poçt xidmətləri sahəsində də böyük uğurlar əldə olunduğunu söylədi. Gəncəlilərin bankomat probleminin həlli istiqamətində addımlar atılmaqdadır.  Belə ki, ilk gediş kimi şəhərdə  müxtəlif ünvanlarda poçt filialına məxsus üç bankomat qurulub.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 5 müəssisə ilə müqavilə bağlanaraq işçilərə plastik kartlar hazırlanmış, bankomatların xidmətlərindən istifadə edənlərin sayında günü-gündən artım müşahidə olunur. Hazırda filialın 144 əməkdaşı ilə yanaşı, 4 təşkilat üzrə 1279 plastik kartlar hazırlanaraq müştərilərə təqdim edilib.

M. Mustafayev daha sonra bildirdi ki, 2012-ci ilin aprel ayına qədər filialda yalnız 2 hüquqi şəxs - Kəlbəcər Rabitə Qovşağı  və “Karat” MMC fəaliyyət göstərirdisə, aprel ayında 4 təşkilat əlavə olunaraq, o cümlədən Mənzil Kommunal Təsərrüfat Birliyi, Gəncə Təmizlik İdarəsi, Yaşıllaşdırma İdarəsi və Tikinti təşkilatları hüquqi şəxs kimi qeydiyyatdan keçərək onlara bank hesabları açılıb. Bundan əlavə bank və maliyyə xidmətlərinin təşkili üçün 78 nəfər fiziki şəxsə cari hesab açılıb.

Gəncədə qayda pozan sürücülərin cərimələrini poçt şöbəsinə ödəməsində heç bir problem yoxdur. Əvvəllər bunun üçün bank filialı axtaran sürücülər indi 21 poçt məntəqəsində və müştəri xidmətləri şöbəsində (MXŞ) bu əməliyyatı edə bilərlər. Sürücülərin rahatlığının təmin olunması üçün onlara sığorta xidmətləri də təklif olunur.

Bütün poçt şöbələrində valyuta mübadiləsi, “Western Union” pul köçürmələrinin qəbulu həyata keçirilir. “Contact” və “Miqom” pul köçürmələrinin qəbulu üçün MXŞ-nin işçilərinə kod alınaraq treninqə göndərilib.

“Elektron hökumət” layihəsinin bir hissəsi olan “Elektron imza”ların verilməsi filialda yüksək səviyyədə təşkil olunub. Artıq imza üçün müraciət edən fiziki və hüquqi şəxslərin sayı artmaqdadır.

Gəncə RPF poçt filialları sırasında  inzibati binada xidməti telefonlardan səmərəli istifadə etmək, rəhbərliyin işçilərlə və işçilərin bir-biri ilə operativ əlaqəsini təmin etmək və vaxt itkisini azaltmaq üçün 12 nömrəlik mini-ATS qurmaqla ilkə imza atıb.

Filialın inzibati binası tarixi binalar sırasında ön cərgələrdə durur. Bu, xüsusi əhəmiyyətli bir bina olmaqla şəhər sakinlərinin və qonaqların marağına səbəb olur. Şəhər rəhbərliyinin təşəbbüsü ilə aparılan quruculuq və təmir işlərində binanın fasad hissəsinin orijinallığının qorunub saxlanılması xüsusi diqqət mərkəzində olub. Bu işlər çərçivəsində ümumi gözəlliklərlə ahəng olması üçün filialın Müştəri xidmətləri şöbəsinin əməliyyat zalı, iş otaqları təmir edilib.

Poçt şöbələrində vətəndaşlara nümunəvi xidmət göstərmək üçün işlər aparılır. Bu məqsədlə 1 və 3 saylı poçt şöbələri yeni binaya köçürülərək əsaslı təmir edilib, 8 saylı poçt şöbəsinin fasad hissəsi şəhərin ümumi görkəminə uyğun yeni üzlük daşları ilə hazırlanıb.

N. Mustafayev daha sonra bildirdi ki, əhali arasında poçta olan inamın artırılması, xidmət keyfiyyətinin yüksək səviyyədə olması, aparılan təbliğat işlərinin nəticəsində respublika daxili, o cümlədən hərbi hissələrə qəbul edilən bağlamaların sayı ötən illə müqayisədə bir neçə dəfə artıb. Məktubların, teleqramların sayında da  kifayət qədər artım müşahidə olunur.

Poçt sahəsində yeni texnologiyaların tətbiqi poçt göndərişlərinin çatdırılması və izlənməsini qısa müddət ərzində təmin edir. Poçt göndərişlərinə ştrix kodların, elektron xəbərnamələrin tətbiqi, xəbərnamələrin birbaşa müştərilərin mobil nömrəsinə SMS-lə  ötürülməsi informasiyanın alınmasını sürətləndirir.

Bank və maliyyə xidmətlərinə başlanması ilə əlaqədar maddi qiymətlərin qorunması və poçt şöbələrinin mühafizəsinin, təhlükəsizliyinin təmin edilməsi üçün inzibati binanın baş xəzinəsi yenidən qurularaq xüsusi bunker tikilib. Filial müasir mühafizə qurğusu və kamera ilə təchiz edilib. Bütün poçt şöbələri də mühafizə qurğuları ilə təmin edilib.

RƏVAN

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL