waplog

TEODOR HOLM NELSON – Hipermühit


Teodor Holm Nelson 1962-ci ildə "hipermətn" terminini ixtira edən və onu 1965-də geniş kütləyə çatdıran insan kimi tanınır. Nelson, həmçinin ilk dəfə "hipermühit" və ya "hipermedia" (hypermedia) kimi anlayışlardan istifadə edib. O, həyatının əhəmiyyətli hissəsini “Xanadu” layihəsinin hazırlanmasına və reallaşdırılmasına həsr edib.

T.Nelson 1937-ci il, iyun ayının 17-də doğulub, Amerika sosioloqu və filosofudur. O, “Grammy” mükafatının mərhum laureatı Ralf Nelsonun  və Akademiyanın mükafatını almış aktrisa Seleste Holmun övladıdır. Onun etnik mənsubiyyəti Norveç-amerikalıdır.

Ted orta məktəbdə yaxşı oxumayıb. Hətta onu məktəbin yeddinci sinfindən qovublar, amma çətinliklə də olsa orta təhsilini bitirib. Ted məktəbin və kollecin yuxarı siniflərində təhsil aldığı illərdə artıq müxtəlif yazı sənədlərinin qeydiyyatı məsələlərilə məşğul olurdu. O, 1959-cu ildə “Swarthmore” kollecində fəlsəfə üzrə bakalavr dərəcəsinə yiyələnir.

Ted Nelson 1963-cü ildə Harvard Universitetində sosiologiya üzrə magistr dərəcəsi və 2002-ci ildə Keio Universitetində KİV və İdarəetmə sahəsində doktor dərəcəsi alıb.
1960-cı ildə humanitar ixtisasçılar üçün kompyuter kurslarına  daxil olur. Ted kurslara xüsusi maraq göstərir və bu sahə ilə fasiləsiz olaraq məşğul olmağa başlayır. 

Diplom işi olaraq yazanlara asanlıqla dəyişdirmək, inşa mətnlərini müqayisə etmək və  erkən variantlara qayıtmağa imkan verən  mətnlərin emalı sistemini ixtira etməyə qərar verir. Tedin bu qərarı onun gələcək həyatının istiqamətini müəyyənləşdirir.  Əgər nəzərə alsaq  ki, Nelson mətn prosessorları mövcud olmayan bir vaxtda meynfreymlər üçün assembler dilində yazırdı, onun sisteminin tamamilə başa çatmaması təəccüblü deyildi.

O, işinin əsas məqsədini kompyuterləri adi insanlar üçün asan başadüşülən etmək hesab edirdi. "İnterfeys o qədər sadə olmalıdır ki, hətta təcrübəsiz istifadəçi belə kritik vəziyyətdə ondan 10 saniyə ərzində baş çıxara bilsin" – onun əsas şüarı idi. Bu şüar onu yeni layihələr üzərində işləməyə təşviq edirdi.
 
Hipermətn müasir sistemlərin inkişafında əhəmiyyətli rol oynayıb
 
Ted Nelson 1960-cı ildə sadə istifadəçi interfeysi ilə kompyuter şəbəkəsi sisteminin yaradılması məqsədi ilə “Xanadu” layihəsini həyata keçirməyə başlayır. "Xanadu" adını o, S. T. Kolricin "Kubla Xan" poemasından götürüb. Xanadu hipermətn sistemi 1974-cü ildə "Computer Lib" və "Dream Machines" kitablarında və 1981-də "Literary Machines" kitabında təsvir edilib. Onu  da xatırlatmaq yerinə düşərdi ki, Ted Nelson 1965-ci ildə ilk dəfə  qeyri-xətti sənədlər üçün "hipermətn" termininin daxil olduğu "A File Structure for the Complex, the Changing and the Indeterminate" adlı elmi işini dərc etdirib.

Harvard Universitetində “Xanadu” layihəsinin üzərində işlər sürətlə gedirdi. İşin mükəmməl olması məqsədilə Nelson bir neçə dəfə öz layihəsinə yenidən nəzər salırdı və 1971-ci ildə yeni komanda ilə layihə üzərində işləməyə başladı.

1974-cü ildə "Computer Lib"  adlı kitabını nəşr etdirdi. O, bu kitabda onlara rəğbət göstərən hər kəsi “Xanadu” komandasına qoşulmağa çağırırdı. Elə həmin ildə çıxan "Dream Machines" məqaləsində  Nelson sübut etməyə çalışırdı ki, “Xanadu” 1976-cı ildə sona çatdırılacaq. Amma bu belə olmadı.

1979-cu ilə qədər layihənin yalnız ayrı-ayrı elementləri reallaşdırıldı və Nelson sistemin yenidən layihələndirilməsi məqsədi ilə öz komandasının tərkibini bir daha dəyişdirdi. Nelson "Literary Machines" adlı növbəti kitabında 1981-ci ildə “Xanadu” komandasının universal şəbəkə serverinin planlaşdırılmasını bitirdiyini təsvir edir.  1983-cü ildə layihə üzrə işlərin tamamlanması üçün “Xanadu Operating Company”-ı (XOS) yaradıldı.  

Nelson növbəti dəfə layihənin bitmə tarixini elan etdi - 1988-ci il… Amma, yenə amma! 1988-ci ildə “Auto CAD” məşhur  proqram məhsulunun yaradıcısı “Autodesk” firması “Xanadu”nu aldı. Bununla əlaqədar olaraq işləmə prosesinin sürətlənməsi gözlənilirdi, lakin 1992-ci ildə firma  5 milyon dollar vəsait sərf etdiyi halda əhəmiyyətli nəticə əldə etmədən layihədən çıxdı. “XOS” serverinin üzərində işləri davam etdirmək hüququna  lisenziya “Metex” şirkəti tərəfindən əldə edilir,  beləliklə Nelson “Xanadu” ticarət markasına olan ilk hüquqlarını  bərpa edir.

T.Nelson “Xanadu” sisteminin əsasını təşkil edən əsas ideyaları aşağıdakı qaydada təsvir edirdi: "Texniki deyil, ədəbi ideyaları əsas tutaraq biz qarşılıqlı əlaqə və "pəncərə" daxil edən mətnin saxlanılması və axtarışı üçün sistem yaratdıq. Bizim fundamental vahidimiz olan bu sənəd digər istənilən sənədlərə açılan "pəncərə”lərə malik ola bilər.

Sistemin "informasiya strukturu" öz bünövrəsini dəyişmədən dayanmadan genişlənir və təkamül edir. Yeni əlaqələr və yeni "pəncərə”lər köhnə materiala daimi yeni giriş yolları əlavə edir". Nelsonun son məqsədi bütün dünya ədəbiyyatının onlayn rejimə keçirilməsi idi.

1994-cü ildə “Metex” şirkəti Filoli  adını qəbul edir və layihə üzərində işləri dayandırır.  “Xanadu America” brendi ilə “Sense Media” firması “XOS” serverinə lisenziyanın növbəti sahibi olur.

Geniş müzakirə edilən müxtəlif səbəblərə görə “Xanadu” layihəsinin tam icrası mümkün sayılmırdı. Jurnalist Hari Volf 1995-ci ilin iyun ayında “Wired magazine” jurnalında Nelsonun və onun layihəsinin acınacaqlı tarixini dərc edib. Məqaləyə cavab olaraq Nelson jurnalistin veb-saytında öz hiddət və nifrətini ifadə edib və "qaniçən çaqqal" ("Gory Jackal") adlandıraraq hədələyib.

“Xanadu” layihəsi tam həyata keçirilməsinə baxmayaraq hipermətn müasir sistemlərinin inkişafına böyük təsir göstərdi. Prinsip etibarilə “Ümumdünya hörümçək toru” (WWW) — Ted Nelsonun xəyallarının faktiki reallaşdırılmasıdır. Hərçənd o, həmişəki kimi, hər şeyi tamamilə başqa cür görür və şəbəkənin daim dəyişən təbiətindən şikayət edirdi: "Çoxları düşünürlər ki, “Xanadu” “WWW”-ı qurmaq cəhdi idi. Əksinə, biz qarşısını almağa çalışırdıq".

Nelson nəzəriyyəsinin bəzi aspektləri Tim Berners-Li tərəfindən ixtira edilmiş “Ümumdünya hörümçək toru”na uyğun olaraq istifadə edilə bilərdi, lakin Ted Nelson “World Wide Web”, “XML” haqqında narazılığını bildirir və iddia edir ki, Tim Berners-Linin işi onun işinin olduqca sadələşdirilmiş variantıdır.
Nelson, həmçinin “ZigZag” adlı yeni informasiya strukturunu hazırlayıb. Onun haqqında ətraflı  məlumat “Xanadu” layihəsinin veb-saytında yerləşir.

1998-ci ildə Avstraliyanın Brisbone şəhərində keçirilən “World Wide Web” Konsorsiumunun 17-ci konfransında Ted Nelson Yuri Rubinski adına mükafat alıb. Nelson konfrans iştirakçılarına bildirib ki, bu, onun öz layihəsinə görə aldığı ilk mükafatdır.

90-cı illərdə Nelson Yaponiyada Sapporo və Hokkaydo universitetlərində işləyir, hiperstruktur tədqiqatları üzrə  laboratoriyalara başçılıq edir.

Hal-hazırda Ted Nelson Oksford Universitetinin həm filosofu, həm də professorudur və informasiya, kompyuter və istifadəçi interfeysləri sahəsində çalışır.
 
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL