AMEA İnformasiya Texnologiyaları İnstitutunda Koreyalı mütəxəssislərlə görüş keçirildi
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Koreya RIDD mobil proqram təminatı şirkətinin direktoru doktor Alan Kimin rəhbərliyi altında bir qrup nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə biliklər iqtisadiyyatının formalaşmasına elmi dəstək verilməsi istiqamətində həyata keçirilən layihələr, aparılan elmi araşdırmalar, mövcud problemlər, Azərbaycan və Koreya alimləri arasında İKT sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti haqqında geniş məlumat verən institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev aparıcı ölkələrin iqtisadi inkişafının əsasən texnoloji nailiyyətlərə əsaslandığını, bu uğurların qazanılmasında İKT-nin əhəmiyyətli rolu olduğunu qeyd edib.
AR Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da elmi-texniki infrastrukturu modernləşdirmək, elmin, təhsilin və istehsalın inteqrasiyasını təmin etmək, innovasiya siyasətinin səmərəsini artırmaq və s. kimi məsələlərin öz əksini tapdığını nəzərə çatdırıb.
Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən alim Koreyanın İKT sahəsində dünyanın aparıcı ölkələrindən biri olduğunu vurğulayaraq, bu sahədə əlaqələrin möhkəmləndirilməsi, Koreya təcrübəsinin öyrənilməsinin zəruriliyini qeyd eib. Ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin dünyaya inteqrasiyasının təmin edilməsi istiqamətində institutda həyata keçirilən layihələri nəzərə çatdırdı, mövcud əməkdaşlıq əlaqələrinin yeni istiqamətlərinin müəyyənləşdirilməsinin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Azərbaycanla Cənubi Koreya arasında elmi-texniki sahədə geniş əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmizdə biliklər iqtisadiyyatının formalaşması istiqamətində öz məqsədyönlü töhfələrini verən AMEA İnformasiya Texnologiyaları İnstitutu Koreya ilə birgə həyata keçirilən layihələrdə yaxından iştirak edir. Koreya Milli Araşdırmalar Fondu tərəfindən instituta ezam olunmuş alimlər artıq bir neçə ildir ki, azərbaycanlı həmkarları ilə birgə elmi araşdırmalar aparırlar.
Cənab Alan Kim ölkəsinin İKT-nin inkişafına dair xüsusi proqramlar və layihələr həyata keçirməklə mövcud infrastrukturu inkişaf etdirdiyini, texnoparklar yaradaraq sahibkarlığa dəstək verdiyini, elm, təhsil və iqtisadiyyatın vəhdətini reallaşdırdığını və bununla da dünyada İKT üzrə lider ölkəyə çevrildiyini vurğuladı, ikitərəfli əməkdaşlığın əhəmiyyətindən söhbət açıb: “Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər bizi sevindirir. Bu gün bizim burada olmağımızın əsas səbəbi institutunuzla əməkdaşlığımızı genişləndirmək, təcrübə mübadiləsini reallaşdırmaqdır”.
Tədbirdə, həmçinin əldə edilən elmi nəticələr, biometrik texnologiyalar sahəsində elmi tədqiqatların və kommersiya sistemlərinin inkişaf meylləri, birgə əməkdaşlıq üçün gənc tədqiqatçıların Koreyanın aparıcı elmi-tədqiat mərkəzlərinə ezam edilməsinə dair qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı, gələcək perspektivlər müzakirə edilib. Milli kompyuter oyunlarından söhbət açıldı, uşaqların vətənpərvər ruhda böyüməsi məqsədilə bu oyunlarda adət və ənənələrin öz əksini tapmasının vacibliyi vurğulanıb.
Koreyalı nümayəndələr institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) olublar. TİM-in rəhbəri Rəsmiyyə Mahmudova mərkəzin fəaliyyəti haqqında geniş məlumat verərək qonaqları tədris prosesi ilə tanış edib. Nüfuzlu elmi təşkilatlar ilə əməkdaşlıq əlaqələrindən, həyata keçirilən birgə layihələrdən söhbət açıb.
Sonra qonaqlar Multimedia Mərkəzində olublar. Şöbə müdiri Anar Səmidov müxtəlif çap və dizayn işləri, kompyuter qrafikası, animasiya və dizayn sahəsində görülən işlərlə qonaqları tanış edib.
Qonaqlar institutda həyata keçirilən innovativ layihələri, texniki və təşkilati tədbirləri yüksək qiymətləndiriblər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL