waplog

“Azercell Telekom”a yeni prezidenti təyin olunub


“TeliaSonera” şirkətlər qrupu daxilində rotasiyaya əsasən “Azercell Telekom” MMC-nin prezidenti Əli Ağan “Ucell” şirkətinə,  “Moldcell” şirkətinin prezidenti Kiril Qaburiç “Azercell”in rəhbərliyinə təyinat alıblar. Şirkət rəhbərlərinin vəzifə dəyişiklikləri bu ilin sentyabr-oktyabr aylarında həyata keçiriləcək.

 Bu barədə iyulun 24-də “Azercell Telecom” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən mətbuat konfransında  Ə.Ağan məlumat verib. Ə.Ağan bildirib ki, Avropanın ən nəhəng telekommunikasiya xidmətləri təminatçılarından biri və dünyada 4G sistemini ilk dəfə istifadəyə verən “TeliaSonera” şirkətlər qrupunda baş vermiş vəzifə dəyişiklikləri çərçivəsində bir neçə ay sonra Özbəkistanda “Ucell” şirkətinin prezidenti vəzifəsində öz fəaliyyətini davam etdirəcək. 

O deyib ki, “Azercell”in rəhbəri vəzifəsinə  təyin olunan  Kiril Qaburiç   2001-ci ilin avqustundan “Moldcell” şirkətində çalışıb. Bir müddət şirkətin satış direktoru vəzifəsində işlədikdən sonra 2008-ci ilin sonundan rəhbərliyinə təyin olunub. Kiril Qaburiç şirkətin maliyyə göstəricilərini yüksəltməyə, abunəçi sayını bir milyonadək,  mənfəətlilik dərəcəsini isə 35 faizədək artırmağı bacarıb.

Konfransda iştirak edən “TeliaSonera” Avrasiya şirkətlər qrupunun  vitse-prezidenti Halim Ates bildirib ki,  “TeliaSonera” Avrasiya biznes bölgəsi daxilində həyata keçirilən rotasiya korporativ idarəetmənin gücləndirilməsinə xidmət edir. Biznesin inkişafına imkan yaradan bu təcrübə prezidentlərə öz fəaliyyətlərini daha da genişləndirməyə, yeni vəzifələrdə kreativ, cəlbedici layihələrin reallaşdırmasına şərait yaradacaq. Bunun sayəsində “TeliaSonera” daxilindəki mobil operatorlar yeni perspektivlər və fərqli iş metodlarından yararlanmış olacaqlar.

2008-ci ildən “Azercell”in rəhbərliyinə təyin edilmiş Ə.Ağanın fəaliyyətini yüksək qiymətləndirən H.Atəş qeyd edib ki,  onun prezidentliyi dövründə şirkət nəinki bazarda güclü rəqabətə davam gətirmiş, hətta, özünün liderlik mövqeyini qoruyub saxlamağı bacarıb. Ə. Ağanın rəhbərliyi müddətində “Azercell”  orta hesabla 50 faizdən artıq olan mənfəətlilik dərəcəsini qoruyub saxlamağa nail olub.

Yeni təyinatdan məmnun olduğunu bildirən Kiril Qaburiç bildirib ki, Azərbaycanın mobil rabitə sahəsinin öndəri olan “Azercell” gələcəkdə də  fəaliyyətini uğurla davam etdirəcək,  abonentlərini  müasir texnologiya, yeni kampaniya və tarif paketləri və eləcə də müxtəlif layihələr ilə sevindirəcək.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL