Vergi ödəyicilərinə göstərilən elektron xidmətlər genişlənir
Son illərdə vergi ödəyiciləri tərəfindən bəyannamələrin könüllü, elektron qaydada təqdim edilməsi tendensiyası artmaqdadır. Xüsusilə elektron qaydaların tətbiqindən sonra bu sahədə mühüm irəliləyişə nail olunub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 2012-ci ilin yanvar-iyun aylarında təqdim edilmiş 292.853 vergi bəyannaməsinin 271.232-si və ya 92,6 faizi elektron qaydada göndərilib: “Əlbəəl təqdim edilən bəyannamələrin sayı 375, poçt vasitəsilə göndərilən bəyannamələrin sayı isə 21.246 olub. Bundan başqa, ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövrü ərzində qeydiyyata alınmış vergi ödəyicilərinin, təsərrüfat subyektlərinin, nəzarət-kassa aparatlarının (NKA) və POS-terminalların sayında nəzərəçarpacaq artımlar müşahidə olunub. 2012-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 14.418 olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz, təsərrüfat subyektlərinin sayı 21.931 olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə, NKA-ların sayı 21.602 olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 dəfə, POS-terminalların sayı 21.561 olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 dəfə çox olub”.
Vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsinə gəlincə, bu sahədə xidmət mərkəzlərinin xüsusi rolu olub. Belə ki, Bakı şəhərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən altı ay ərzində qəbul edilmiş ödəyicilərin sayı 13.168-ə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8971 nəfər çoxdur: “Qəbul edilmiş vergi ödəyicilərinə müxtəlif növ 31.821 xidmət göstərilib.
Vergi ödəyicilərinin məlumatlandırılması işini daha da genişləndirmək və vaxt itkisinə yol verməmək məqsədilə cari ilin ötən altı ayı ərzində onların elektron poçt ünvanlarına 576.200 məktub göndərilib”.
Nazirlikdən son vaxtlar vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron əlaqələrin, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndiyi də vurğulanıb.
Vergi ödəyicilərinin elektron xidmətlərdən maksimum səviyyədə yararlanmaları üçün onlarla aparılan işlərin daha da intensivləşdirilməsinin zəruri olduğunu qeyd edən qurumdan bildirilib ki, vergi ödəyicilərinin vergi orqanları tərəfindən göndərilən elektron məktubları vaxtında oxumaları üçün müvafiq tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Nazirlikdə hesab edilir ki, vergi ödəyicilərinin telefonlarına mesajların göndərilməsi, vergi məsləhətçiləri ilə onların əlaqələrinin qurulması və s. kimi addımların atılması bu işin xeyrinə ola bilər: “Özəl vergi məsləhəti xidmətləri ilə vergi orqanları arasında əlaqələrin genişləndirilməsi də vacibdir.
Bu əməkdaşlığın genişləndirilməsi vergi ödəyicilərinin məlumatlandırılması və onlara lazımi informasiyaların vaxtında çatdırılması işində mühüm rol oynayacaq. Bundan başqa, bəyannamələri elektron qaydada göndərməklə bağlı fiziki şəxslərin fəallığını artırmaq üçün müvafiq tədbirlərin görülməsi zəruridir”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL