“1 şagird : 1 kompüter” elektron tədris modelinin təsiri araşdırılıb
Azərbaycan məktəblərində “1 şagird : 1 kompüter” elektron tədris modelinin təsirini araşdırmaq üçün Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə birgə tədqiqatlar aparılıb. Proqramın eksperti, Bakı Kompüter Kollecinin direktoru İradə Səfərovanın sözlərinə görə, tədqiqatlarda adıçəkilən proqramın innovativ yanaşmalarından istifadə edən üç təhsil müəssisəsi - 23№-li məktəb, Avropa liseyi və Elitar gimnaziyadan 251 şagird, 222 valideyn və 40 müəllim iştirak edib. Sorğuya cəlb edilən şagirdlərin 54 faizini oğlanlar, 45 faizini qızlar təşkil edib. Tədqiqatın nəticələrinə görə, “Sizin evdə kompüteriniz varmı?” − sualına şagirdlərin 73 faizi “bəli” cavabı verib.
Valideynlərin də 93 faizi eyni cavabı verib. İnternet bağlantısına gəldikdə isə şagirdlərin 59, valideynlərin isə 82 faizi “bəli” cavabı veriblər: ”Görünür, evlərində internet şəbəkəsinə qoşulmuş kompüterləri olsa da, uşaqların hamısı onlardan evdə istifadə edə bilmirdilər və ya icazə vermirlərmiş, bəlkə də, onlara “növbə” çatmırmış. Uşaqların sözlərinə görə, valideynlərin 5 faizi onların kompüterdən istifadə edib-etmədikləri ilə qətiyyən maraqlanmır, 39 faiz bundan narahat olur, 56 faiz isə sinifdə fərdi kompüterin istifadə olunmasına həyəcanla yanaşırlar. Halbuki valideynlər özləri bu suala başqa cür cavab veriblər”. Belə ki, onların 65 faizi uşaqları dəstəklədiklərini bildiriblər. Buna adi münasibətlə yanaşan valideynlər 22 faiz olub. Onların yalnız 1 faizini uşaqların kompüterdən istifadə edib-etmədikləri ilə qətiyyən maraqlanmayanlar təşkil edib.
İKT-nin təhsildə tətbiqi ilə bağlı fikirlərə gəlincə, şagirdlərin 93 faizi dərslərdə kompüterlərdən istifadə edilməsinin dərsləri çox maraqlı etdiyini bildiriblər. Kompüterdən istifadə etmək bacarığının onlar üçün çox vacib olduğunu düşünənlər də 93 faiz təşkil edib. Elə bu faizlə şagirdlərin bir qrupu daha çox bilik əldə etməyə və kompüterdə işləməyi öyrənməyə səy göstərdiklərini deyiblər: ”Bir qrup şagirdə isə kompüterin onlara ev tapşırıqlarını yerinə yetirməkdə kömək etdiyini deyib. Respondentlərin 91 faizini təşkil edən bu uşaqlardan savayı, “1 şagird : 1 kompüter” proqramının onların xoşuna gəldiyini deyənlər də var ki, bu şagirdlərin göstəricisi 90 faiz olub. 87 faiz kompüterin onlara dərsləri daha yaxşı qavramaq imkanı verdiyini, 86 faiz isə məktəbdə, dərslər zamanı kompüterdən daha çox istifadə etmək istədiklərini vurğulayıblar. Rəyi soruşulanların 84 faizi isə hesab edir ki, müəllim dərs zamanı kompüterdən nə qədər çox istifadə edirsə, şagirdlər ondan bir o qədər çox zövq alır”.
Sorğu iştirakçılarının 74 faizi isə fərqli düşünür. Onların fikrincə, verilən tapşırığı, qələm və kağız əvəzinə, kompüter vasitəsi ilə daha artıq həvəslə yerinə yetirərdilər. Amma bu istəyə baxmayaraq, uşaqların heç də hamısı kompüterdə işləməyə eyni səviyyədə yiyələnməyiblər: ”Şagirdlərin üçdə birindən artıq hissəsi - 36 faizi özlərində cəsarət tapıb boyunlarına aldılar ki, sinif tapşırıqlarını netbuklarda yerinə yetirdikləri zaman çətinlik çəkirlər. Uşaqların 94 faizi isə cavab verdi ki, siniflərindəki kompüter onlara dərs tapşırıqlarını yerinə yetirməyə imkan verir”.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL