waplog

Saatlıda müasir rabitə şəbəkəsi yaranır


Uzun illər geridə qalan, bir çox problemləri ilə başağrısına çevrilən Saatlı rabitəsi günü-gündən inkişaf edir. Rayonun kəndlərlə birləşdirici telefon xətlərinin bərbad olması üzündən kənd sakinləri telefon rabitəsindən çox əziyyət çəkirdi. Rayonda aparılan sorğulardan da bunu aydın görmək olardı.

Bir neçə il öncə isə vəziyyət daha acınacaqlı idi - kənd daxilində qonşu-qonşuya zəng edə bilmirdi, rayon mərkəzinə zəng etmək mümkün deyildi, bu yerdə beynəlxalq və şəhərlərarası zəng etmək isə çox çətin idi.  Hazırda “Aztelekom”İB-nin köməkliyi sayəsində rayonda kənd şəbəkəsinin inkişafı istiqamətində uğurlu addımlar atılıb; kəndləri birləşdirən birləşdirici xətlər tam optikləşdirilib.

Saatlı Telekommunikasiya Qovşağının rəisi Vüsal Hacıyev bu sahədə əldə olunan uğurlardan danışaraq bildirdi ki, “Regionların Sosial-İqtisadi İnkişafı” Dövlət Proqramının icrası ilə əlaqədar Fətəlikənd, Məmmədabad, Şirinbəyli, Mircəlalkənd, Əhmədbəyli, Nərimankənd kəndlərinə 46 kilometr məsafədə fiber-optik kabel xətləri çəkilib.

Onun sözlərinə görə, əhaliyə yüksək keyfiyyətli telefon xidməti ilə yanaşı, sürətli  internet xidmətlərinin göstərilməsi üçün tədbirlər görülür. Aparılan işlər nəticəsində şəhər mərkəzi, Qaranuru, Varxankənd və Qaracalar kənd EATS-lərinin hər birinə 48, Qıraqlı kənd EATS-nə 24, Məzrəli kənd EATS-nə 9 portluq ADSL avadanlığı quraşdırılaraq abunəçilərin yüksəksürətli internetə qoşulması təmin edilib. Hazırda rayon üzrə 436 abunəçi yüksəksürətli internet xidmətlərindən istifadə edir. V.Hacıyev bildirdi ki, yaxın vaxtlarda Şirinbəyli, Hacıqasımlı, Əlisoltanlı, Mustafabəyli və Nərimankənd EATS-lərinə ADSL avadanlıqlarının quraşdırılması işləri həyata keçiriləcək.

Rəis daha sonra bildirdi ki, “Aztelekom”İB-nin köməkliyi ilə həyata keçirilən tədbirlər nəticəsində internetə çıxışı təmin edilən kənd şəbəkəsi daha müasir tələbata uyğun qurulduğundan hər bir saatlılı bu xidmətlərdən geniş şəkildə istifadə edir.

Eyni zamanda mükəmməl texnoloji imkanlıqlara malik olan, hələlik bir neçə rayonda tətbiq edilən mərkəzi KAREL DS-200L tipli  EATS-in rayon sakinlərinə  müasir telefon rabitəsi ilə yanaşı, yüksəksürətli internet, faks, elektron poçt, bütün multimedia xidmətlərindən istifadə etməsinə şərait yaratdığını qeyd etdi.

Kəndlərdə stansiyaların müvafiq tutumlarla təmin edilməsi sakinlərin mənzillərinin telefonlaşdırılmasına imkanlar yaradıb. Əhalinin telefonlarının bərpası və yeni çəkilişlər istiqamətində də işlər aparılıb.
Qovşaqda insan faktoru daim ön planda saxlanılaraq əhalinin müraciət və təkliflərinin diqqətlə dinlənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi işləri mütəmadi olaraq həyata keçirilir.

V. Hacıyev qazanılan nailiyyətlərdə kollektivin əməyini xüsusi qeyd edərək bundan sonra da daha böyük nailiyyətlər qazanmaq üçün bütün qüvvələrini səfərbər edərək Saatlı sakinlərinə daha mükəmməl, daha dayanıqlı rabitə xidməti göstərəcəklərini əminliklə söylədi.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL