Azərbaycanla Türkiyə arasında elektron pul köçürməsi sistemi uğurla tətbiq edilir
Azərbaycanla Türkiyə arasında pul köçürülməsini daha qısa vaxt ərzində həyata keçirmək məqsədilə hər iki ölkə arasında imzalanmış müqaviləyə uyğun olaraq barat mübadiləsinin elektron sistemlə əvəz olunması davam edir.
Xatırladaq ki, tərəflər arasında mübadilə əvvəllər faksla həyata keçirilib. Onu da qeyd etmək lazımdır ki, ölkə daxilində beynəlxalq pul göndərişlərinin qəbul edilib göndərilməsində, eyni zamanda pul göndərişlərinin sahiblərinə çatdırılmasında banklarla rəqabətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” MMC daha geniş imkanlara malikdir.
Banklar Bakı və digər iri şəhərlərdə müştərilərə xidmətini təklif etdiyi halda, ölkənin bütün kəndlərini əhatə edən və hazırda 1600-ə yaxın poçt şöbəsi ilə operatorun xidmət sferası daha geniş şəbəkəyə malikdir. Poçt şöbələri tərəfindən pul göndərişləri üçün alınan rüsumun özəl banklarla müqayisədə çox aşağı olması müştərilər üçün xüsusi əhəmiyyət kəsb edir.
Digər tərəfdən də qeyd edək ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış müqaviləyə uyğun olaraq ölkənin poçt şöbələri bank və maliyyə xidmətləri (kredit istisna olmaqla) göstərir. Kənd poçt şöbələrinin kompyuterləşdirilməsi ilə xaricdən pul göndərən vətəndaşların göndərişlərinin 10-15 dəqiqə ərzində ucqar dağ kəndinə çatması xüsusi üstünlüklərdir.
Yeri gəlmişkən onu da bildirək ki, ölkəmizə göndərilən barat “Azərpoçt” MMC-nin Baratlara nəzarət şöbəsinə (BNŞ) daxil olduqdan sonra milli valyuta şəklində kompyuter vasitəsilə istənilən ünvana ötürülür. Rayonlardan isə pul baratları kompyuterlə BNŞ-yə ötürülür və oradan da təyinat ölkəsinə göndərilir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL