waplog

İnteraktiv texnologiyalar məkan-məsafə problemini aradan qaldırır


Bu vaxta qədər məkan və məsafəni oxumaq, eləcə də işləmək istəkləri üçün bəzi hallarda problem kimi əsas gətirənlər artıq 21-ci əsrdə göstərdikləri arqumentlərin kifayət qədər qaneedici olmamasını qəbul etməli olacaqlar.

Çünki bu gün interaktiv texnologiyalar məkan-məsafə problemini artıq aradan qaldırır. Cəmiyyətin müxtəlif fəaliyyət sahələrində istifadə edilən bu texnologiyalar hazırda təbabətdə, biznesdə, siyasətdə və s. yerlərdə öz tətbiqini tapır.

Nəticədə multimedia proyektorlar, videokonfrans - əlaqə sistemləri, səsvermə sistemləri və s. əvvəllər rast gəlinən problemlərin böyük bir qisminin həllinə imkan verir. Sözügedən texnologiyaların ən geniş yayıldığı sahələrdən biri də məhz təhsildir. Məktəb, institut, akademiyalar kimi təhsilin müxtəlif pillələri bu texnologiyanın son yeniliklərindən istifadə edən ilk müəssisələrdir. Bu müəssisələrdə isə lövhədən tutmuş, məktəb jurnalına qədər hər şey artıq elektronlaşdırılmaqdadır.

Getdikcə “ağıllanan” lövhələr Çox yaxın keçmişdə qara lövhənin üzərində cızılan tabaşirin köməyi ilə edilən mövzuların izahına artıq bu gün bütün dünyada lüzum yoxdur. Çünki sinfə ilk “daxil olan” texnologiyalardan biri məhz interaktiv – “ağıllı” lövhələrdir. Hazırda bu lövhələrin istifadəsinə görə Böyük Britaniya, Meksika, ABŞ, Norveç kimi ölkələr öndə gedir. Qonşu Rusiyaya isə bu texnologiya 21-ci əsrin başlanğıcında gəlib. Bu gün dövlət layihəsi olan “Təhsil” çərçivəsində Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər bölgələrində interaktiv texnologiyanın təchiz edilməsi prosesi gedir.

Azərbaycanda da təhsil sisteminin informasiyalaşdırılması istiqamətində aparılan işlərin bir qolu məktəblərin “MİMİO” qurğuların köməyi ilə çalışan “ağıllı” lövhələrlə təminatının genişləndirilməsidir. Ümumiyyətlə, bütün dünyada interaktiv lövhələrin tez yayılması artıq onların cəmiyyətdə qarşısıalınmaz tələbə çevrildiklərini təsdiqləyir. İnteraktiv lövhədə yazılan fikirlər yaddaş kartında saxlanılır “MİMİO”-nun iş prinsipinə gəlincə, istənilən hamar səth, məsələn, marker lövhəsi, “MİMİO Xi”-nin köməyi ilə interaktiv kompyuter ekranına çevrilə bilər.

Xüsusi tutqac vasitəsilə kompakt cihaz asanlıqla lövhəyə bərkidilir. Multimedia proyektoru vasitəsilə lövhəyə ekranda olduğu kimi, kompyuterin monitorundan görünüş ötürülür. İstifadəçinin əlindəki stilus kompyuter “maus”unun bütün funksiyalarını icra edir. Stilus “MİMİO Xi”- ilə, “MİMİO Xi” isə öz növbəsində kompyuterlə qarşılıqlı əlaqədədir. Oxuyucu blok vasitəsilə informasiya kompyuterə ötürülür. Qeydlər cihazın yaddaş kartında saxlanılır.

Qurğunu müşayiət edən proqram təminatı ekranda cərəyan edən rəsmləri və marker lövhəsindəki yazıları ardıcıllıqla kompyuterdə saxlamağa imkan verir. Qurğu 10 saat ərzində bütün yazıları hafizəsində saxlamaq imkanına malikdir. Ümumiyyətlə, işə başlamazdan əvvəl interaktiv lövhə kompyuterə və proyektora qoşulur. Onun ekranına hər bir mənbədən (kompyuter və yaxud videosiqnallardan) gələn şəkil əks olunur.

Bundan sonra düz lövhənin üzərində işləmək mümkündür. İnteraktiv lövhənin üstündə xüsusi elektron qələm ilə yazmaq olur. Lövhə slaydları, videonu göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəklin üstündə qeydlər etməyə, hər dəyişikliyi daxil etməyə və onları kompyuter faylları qismində sonra redaktə etmək üçün yaddaşda saxlamağa, printerdə çap etməyə, faks və yaxud elektron poçt vasitəsi ilə göndərməyə imkan verir.

Elektron lövhənin digər yaxşı cəhətləri – animasiya hazırlamaq, real vaxtda çəkilən şəkillərə baxmaq və mühazirələri yazmaq imkanını yaratmasıdır. Bütün interaktiv elektron lövhədə yazılan fikirlər kompyuterdə etibarlı saxlanılır. Yaddaşda saxlanılanların ardıcıllıqla bərpa edilməsi də mümkündür. 20 məktəb kağız jurnalı elektron jurnalla əvəzləyəcək Məktəblərdə sürətlə gedən elektronlaşdırılma lövhələrlə yanaşı, bizi adət etdiyimiz gündəlik və jurnallardan da uzaqlaşdırır. Amma bu yeni sistemin bütün məktəblərdə tətbiqi günün reallığı baxımından mütləqdir. Artıq Azərbaycanda növbəti dərs ilindən başlayaraq, “Elektron Məktəb” layihəsinə qoşulmuş 20 məktəbdə kağız jurnalından elektron jurnal sisteminə keçid təmin olunacaq.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən ilk dəfə bu sistem Akademik Zərifə Əliyeva adına orta məktəbdə və Avropa liseyində müvəffəqiyyətlə təcrübədən keçirilib. “E-Gündəlik” layihəsi də “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində işlənib hazırlanıb. Bu sistem də dünya təcrübəsində özünü doğruldub. Bununla da müasir valideynlər orta təhsil məktəblərində təhsil alan övladlarının dərs müvəffəqiyyəti barədə SMS-ismarıçlar vasitəsilə məlumat əldə etmək imkanı qazanıblar. “



Təhsil Nazirliyindən bildirilib ki, artıq ümumtəhsil müəssisələrindən 1200-ü Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. İstifadəçiləri və proqram təminatını bir mərkəzdən idarə etmək üçün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nəzdində Məlumat və Resurs Mərkəzi (MRM) yaradılıb.

İlin sonuna kimi şəbəkəyə qoşulan məktəblərin sayının 1600-ə çatdırılması planlaşdırılır: “Hazırda respublikanın ümumtəhsil məktəblərinin 83 faizi, texniki-peşə müəssisələrinin 84 faizi, 56 dövlət orta ixtisas təhsil müəssisəsinin və ali məktəblərin hamısı kompyuter avadanlığı ilə təmin edilib. Belə ki, hazırda respublikanın ümumtəhsil müəssisələrində 20 şagirdə 1 kompyuter, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompyuter düşür. İnformasiya texnologiyalarının təhsildə effektiv bir alət kimi istifadəsi “Elektron məktəb” layihəsinə qoşulmuş məktəblərdə daha qabarıq əks olunur. Layihəyə qoşulmuş 39 pilot təhsil müəssisəsindən 32-si ümumtəhsil məktəbidir.

2012-ci ilin sonunadək layihəyə qoşulmuş təhsil müəssisələrinin sayının 50-yə çatdırılması planlaşdırılır”. Kitablar da “ağıllanır” Müasir məktəblərin qarşısında duran başqa vacib amil elektron tədris resurslarla təminatdır. Bu baxımdan, Təhsil Nazirliyi Azərbaycanın orta təhsil sistemində elektron dərsliklərə keçidin də tədricən təmin olunmasını məqsədəuyğun hesab edir: “Artıq bir sıra aparıcı dövlətlərdə bu keçid müşahidə olunmaqdadır - təhsil sistemində “ağıllı” kitabların, şagirdlərin iştirakını və araşdırmaçılığını sövq edən elektron təhsil resurslarının istifadəsi genişlənməkdədir”.

Növbəti illərdə isə nazirlik təhsilin informasiya texnologiyaları vasitəsilə idarəedilməsini daha da təkmilləşdirməyi planlaşdırır. Bunun üçün isə “Bulud” (Cloud) texnologiyalarının tətbiqi nəzərdə tutulub. Belə ki, şagirdin yaradıcılığına imkan yaradan interaktiv elektron vasitələrin yaradılması, saxlanılması və yayılması “Bulud” texnologiyaları vasitəsilə daha səmərəli və əlçatımlı olur. Bununla da fərdiləşmiş tədris üçün zəruri şərait yaranır və fərdi təhsil alət/cihazına - netbook və planşet kompyuterinə ehtiyac artır: “Azərbaycanda da tədricən fərdi kompyuterlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında “Bulud” texnologiyalara keçidi tezləşdirəcək”.

Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni “Təhsil Buludu”ndan istifadə etməklə, fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər. İnformatika fənni üzrə kadr təchizatı da vacibdir “Elektron məktəb” üzrə vahid informasiya mühiti struktur baxımından maddi-texniki resursları, informasiya resursları və kadr resurslarını əhatə edir. Bu baxımdan, müasir texnologiyalardan istifadəni düzgün bacaran, sinifdə onun uğurlu tətbiqinə nail olan peşəkar kadrların yetişdirilməsi də təhsil müəssisələri qarşısında dayanan növbəti hədəfdir. Hər il bu məqsədlə Azərbaycanın şəhər və rayonlarından xeyli sayda müəllim, pedaqoji heyət İKT üzrə treninqlərə cəlb edilir.

Amma hələ ki Təhsil Nazirliyi qarşısına qoyduğu bu problemi tam həll edərək, müəllimlərin əksər hissəsinin belə treninqlərlə əhatə edilməsinə nail ola bilməyib. Xüsusən də İnformatika fənninə artan tələbata müvafiq olaraq, bu sahənin yetərli sayda peşəkarlarının olmaması məktəbləri problem, çətinlik qarşısında qoyur. Bu fənn üzrə kadr azlığı isə məktəblərdə dərs bölgüsünə qədər ortaya müxtəlif suallar çıxarır. Daha çox rast gəlinən sual isə fənnin tədrisi ilə bağlıdır: informatika fənnini ibtidai sinif müəllimi apara bilərmi? Təhsil Nazirliyindən bildirilib ki, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən, xarici dil və informatika fənləri isə ixtisaslı kadrlar tərəfindən tədris edilir. Amma kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər.

Nazirlikdən o da qeyd edilib ki, ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlər arasında dərs bölgüsü Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarına uyğun aparılmaqla vakant yerlər müəyyənləşdirilir. Təhsil müəssisəsində hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü (ümumi təhsil müəssisələri və peşə liseyləri üçün həftəlik 6-11 saatadək) vakant hesab edilir və müsabiqəyə çıxarılması üçün təqdim olunur.


Kadr çatışmazlığı olduğu hallarda yaranmış vəziyyətin tənzimlənməsi üçün mövcud qaydalara uyğun, yeni müəllim təyinatı həyata keçirilənədək əmək qanunvericiliyinin tələbləri gözlənilməklə saathesabı və ya əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılmaqla digər təhsil müəssisələrindən ixtisaslı müəllimlər cəlb oluna bilər. Onu da qeyd edək ki, 2012-2013-cü tədris ilindən ümumi təhsil müəssisələri və peşə liseylərində müvafiq fənləri tədris etmək üçün artıq 133 informatika müəllimi işə qəbul olunub.

Həqiqət İSABALAYEVA
ihaqiqat@mail.ru


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL