BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılış mərasimi keçirilib
Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidənqurulmadan sonrakı açılış mərasimi keçirilib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.
Universitetdən bildirilib ki, açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2008-ci ilin dekabrın 17-də açılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin Azərbaycan dövləti ilə Cənubi Koreya dövlətinin dostluğunun bir rəmzi olduğunu deyib.
Mərkəz haqqında tədbir iştirakçılarına məlumat verən rektor, 3 otaqdan ibarət olan Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində Seminar otağı, İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Treninq Laboratoriyası və İnternet zalının fəaliyyət göstərdiyini vurğulayıb.
O bildirib ki, İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Treninq Laboratoriyası 75 ədəd kompyuter və iki genişekranlı proyektor ilə təchiz olunub. İnternet zalı isə öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatları əldə etmələri məqsədinə xidmət edir.
Rektorun sözlərinə görə, Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində Beynəlxalq konfranslar və seminarlar da keçirilir. Məsələn, BMT tərəfindən maliyyələşdirilən Beynəlxalq İqtisadiyyat Universiteti ildə bir dəfə birhəftəlik İqtisadiyyat üzrə Beynəlxalq konfransı bu mərkəzdə keçirir.
Eyni zamanda, bu mərkəzdə Rusiyadan, Ukraynadan, Türkiyədən və s. dəvət olunan alimlərin də seminarları təşkil olunur. Bunlarla yanaşı, hər həftə proqramlaşdırma dillərinə və internet texnologiyalarına daha mükəmməl yiyələnmək üçün bu mərkəzdə tələbələrin və müəllimlərin seminarları keçirilir.
Həmçinin Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində elmi ad almaq üçün dissertant və doktorantların müdafiəsi də təşkil olunur və onlar müdafiə zamanı müasir kompyuter avadanlıqlarından istifadə edirlər. Bakı Dövlət Universiteti ilə Cənubi Koreya universitetləri arasında elm və təhsil sahəsindəki əməkdaşlığın gün-gündən genişləndiyini deyən akademik, Tətbiqi riyaziyyat fakültəsinin bir çox tələbələrinin Cənubi Koreyanın KAİST Universitetində təhsillərini müvəffəqiyyətlə davam etdirdiklərini xatırladıb.
Qeyd edək ki, yenidənqurulmadan sonra mərkəz 30 ən müasir kompyuterlə təmin olunub. Təmir və təchizat işləri isə əvəzsiz olaraq (BDU tərəfindən vəsait ödənilmədən) həyata keçirilib. Öz çıxışında Koreya Respublikasının Dövlət idarəçiliyi və təhlükəsizlik nazirinin müavini cənab Seo Pil Eon Azərbaycanın ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidənqurulmadan sonrakı açılış mərasimində iştirakından qürur duyduğunu deyib.
Qonaq bu mərkəzin Azərbaycanın informasiya texnologiyaları sahəsində inkişafına dəstək verəcəyini bildirib.
Xatırladaq ki, açılış mərasimində Koreya Respublikası tərəfindən İnformasiya texnologiyalarının yayılmasının planlaşdırılması və əlaqələndirilməsi şöbəsinin müdiri cənab Ryu İm Çul, Beynəlxalq İnzibati İnkişaf Mərkəzinin müdiri Ko Vung Coi, İnformasiya texnologiyalarının yayılmasının planlaşdırılması və əlaqələndirilməsi şöbəsinin müdir müavini cənab Park Cin So, İnformasiya texnologiyalarının yayılmasının planlaşdırılması və əlaqələndirilməsi şöbəsinin köməkçi direktoru xanım Kvak Bo Hyun, Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Lee Ci Ha, Azərbaycan Respublikası tərəfindən isə Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları nazirinin müavini cənab Elmir Vəlizadə, Bakı Dövlət Universitetinin prorektorları və müəllim-professor heyəti iştirak ediblər.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL