Azərbaycanda elektron ödəniş xidmətlərinin genişləndirilməsi üçün beynəlxalq təcrübədən istifadə ediləcək
Mərkəzi Bankda (MB) ölkənin ödəniş və qiymətli kağızlarla hesablaşmalar sistemlərinin təkmilləşdirilməsi üzrə siyasətin müəyyənləşdirilməsi və konseptual qərarların qəbul olunması məqsədilə yaradılan Milli Ödəniş Şurası (MÖŞ) beynəlxalq təcrübədən istifadə edəcək.
Belə ki, dünya təcrübəsindən yararlanmağı planlaşdıran MÖŞ Azərbaycanda elektron ödəniş xidmətlərinin genişləndirilməsini, əhali və iqtisadi subyektlər tərəfindən bu xidmətlərdən istifadənin artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Mərkəzi Bankdan (MB) məlumat verilib.
Bankdan bildirilib ki, ölkədə nağdsız ödənişlərin həcminin artırılması, ödəniş sistemləri sahəsində həyata keçirilən islahatların əlaqələndirilməsi və konseptual qərarların qəbul olunması məqsədilə yaradılmış Milli Ödəniş Şurası bu ildən fəaliyyətə başlayıb: “Milli Ödəniş Şurasının ilk iclasında Milli Ödəniş Sistemi üzrə mövcud vəziyyətlə tanışlıq və onun inkişaf perspektivləri müzakirə edilib. 2012-ci ilin 1 iyun tarixinə emissiya edilmiş ödəniş kartlarının ümumi sayı 4,8 milyon ədəd təşkil edib.
Bu da keçən ilin müvafiq göstəricisi ilə müqayisədə 9,1 faiz, yəni 400 min ədəd artım deməkdir. Bundan başqa, 2012-ci ilin 1 iyun tarixinə ölkə üzrə quraşdırılmış bankomatların sayı 2216 ədəd, POS-terminalların sayı isə 37194 ədəd olub. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə quraşdırılmış bankomatların sayı 13,1 faiz (256 ədəd), POS-terminalların sayı isə 3,7 dəfə (27099 ədəd) artıb”.
Qeyd edək ki, MÖŞ ölkədə nağdsız dövriyyənin həcminin artırılması, ödəniş kartlarından istifadənin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, “elektron hökumət” quruculuğu çərçivəsində dövlət qurumlarının Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiyası, habelə bütün iqtisadi subyektlərin və geniş əhali təbəqəsinin elektron ödəniş xidmətlərindən daha fəal istifadəyə cəlb edilməsi sahəsində görülən işlərin koordinasiya edilməsi məqsədilə yaradılıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL