waplog

Gömrükdə istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə qaydaları təsdiqlənib


Nazirlər Kabinetinin 2012-ci il 27 avqust tarixli 186 nömrəli qərarı ilə "Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə Qaydaları" təsdiqlənib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Komitənin mətbuat xidmətindən bildirilib ki, qaydalara görə, gömrük orqanlarında stasionar, səyyar (mobil), daşınan və portativ tipli texniki nəzarət vasitələrindən istifadə edilir: "Texniki nəzarət vasitələri texniki xüsusiyyətlərindən və təyinatından asılı olaraq müvafiq növlərə bölünür.

Məsələn, eyniləşdirmə texniki nəzarət vasitələri - gömrük nəzarəti həyata keçirilərkən fiziki şəxslərin əl yükünün, müşayiət olunan və müşayiət olunmayan baqajların, malların və nəqliyyat vasitələrinin, beynəlxalq poçt göndərişlərinin, o cümlədən onlara aid sənədlərin eyniləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin edir. Audio və video məlumat daşıyıcıları üzrə texniki nəzarət vasitələri isə gömrük işi sahəsində qanun pozuntularının aşkar edilməsi zamanı qadağan olunmuş məlumatların silinməsini, eyni zamanda foto-kinoplyonkalara, slaydlara, USB və digər yaddaş qurğularına baxılmasını təmin edir.

Gömrük Məcəlləsi ilə müəyyən olunmuş hallarda foto, kino və videoçəkilişlərdən və ya digər yazan texniki vasitələrdən nəzarət məqsədi ilə istifadə edildikdə, həmin materiallar gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola əlavə olunur". Bundan başqa, vizual texniki nəzarət vasitələri - gömrük nəzarəti aparılan obyektlərin müşahidəsini, hadisələrin, faktların və təsvirlərin qeydə alınmasını təmin edir. Operativ rabitə üzrə texniki nəzarət vasitələri - gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən gömrük nəzarəti prosesinin operativ idarəçiliyinin təşkil edilməsini və məlumatların ötürülməsini təmin edir

. Qlobal mövqetəyinetmə sistemi (GPS) - Yer kürəsinin naviqasiya sistemi əsasında elektron xəritə üzərində hava şəraitindən asılı olmayaraq obyektin yerləşdiyi coğrafi koordinatların, vaxtın və məsafənin müəyyən edilməsini təmin edir. Gömrük nəzarəti zamanı texniki nəzarət vasitələrindən istifadə qaydalarına gəlincə, baxış-rentgen texnikası gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin növündən, texnologiyanın tətbiq edildiyi sahədən və şəraitdən asılıdır.

Buraya malların yoxlanılması üçün stasionar baxış-rentgen texnikası, beynəlxalq poçt göndərişlərinin yoxlanılması üçün stasionar baxış-rentgen texnikası, səyyar baxış-rentgen texnikası, daşınan baxış-rentgen texnikası daxildir. Axtarış texniki nəzarət vasitələrinə isə aid edilənlər metal detektorlarıdır. Belə ki, buraya gömrük sərhəd buraxılış məntəqələrindən keçən fiziki şəxslərin üzərində, onların əl yüklərində və baqajlarında gizlədilmiş istənilən formalı və istiqamətli metal əşyaların aşkar olunması üçün istifadə olunan stasionar, daşınan və portativ elektron cihazlar aid edilir.

Həmçinin baxış güzgüləri - nəqliyyat vasitələrinin çətin aşkar olunan yerlərinə baxış keçirmək üçün istifadə olunan müxtəlif ölçülərdə və formalarda dəyişən güzgülərlə təchiz edilmiş teleskopik tutacaqlar və əşyaların götürülməsi üçün xüsusi qarmaqlar dəsti, buster cihazı - boşluqlarda gizlədilmiş əşyaları aşkar etməyə imkan verən əl cihazı, georadarlar - radioimpulslar və radiodalğalar vasitəsilə bircinsli yüklərin daxilində gizlədilmiş əşyaların aşkar edilməsi üçün istifadə olunan cihazlar və s.  aiddir.

Eyniləşdirmə texniki nəzarət vasitələrinə isə qiymətli daşların və metalların əyarını müəyyən edən detektorlar - qiymətli daşların və metalların əyarlarının eyniləşdirilməsi üçün qiymətli daşlarda şüaların bölünməsi və qiymətli metallarda elektrikötürücülük metodu əsasında işləyən detektorlar, rentgenoflüressent cihazlar - bərk, maye və ya toz halında olan maddələrin təhlili üçün rentgenflüressent analizatorlar, nəqliyyat vasitələrinin nişanlarının eyniləşdirilməsini həyata keçirən cihazlar - nəqliyyat vasitələrinə məxsus şassi, ban və mühərrik nömrələrinin həqiqiliyini yoxlayan cihazlar və s. aid edilir.

Audio və video məlumat daşıyıcıları üzrə texniki nəzarət vasitələrinə fotoaparatlar, videokameralar, videomaqnitofonlar, diktofonlar, maqnitofonlar, USB və digər yaddaş qurğuları, bütün yazı və format sistemlərinin pleyerləri, telemonitorlar, diaproyektorlar, DVD-lər, xüsusi kompyuter nəzarət sistemləri aiddir. Vizual texniki nəzarət vasitələrinə isə videonəzarət sistemləri, binokllar, gecə müşahidə cihazları, gecə müşahidə sistemləri, lupalar aid edilir.

Qaydalara görə, operativ rabitə texniki vasitələrindən gömrük orqanları tərəfindən operativ əlaqənin yaradılması üçün istifadə olunur. Gömrük orqanlarında müəyyən olunmuş dalğalarda işləyən əlaqə radiovasitələrindən istifadə edilir. Onlar daşınan, səyyar və stasionar vasitələrdən ibarətdir.

Qlobal mövqetəyinetmə sistemindən (GPS-dən) Azərbaycan Respublikasının gömrük ərazisində iki gömrük orqanı arasında daşınan malların və nəqliyyat vasitələrinin müəyyən olunmuş marşrut və müddətlər ərzində təyinatı üzrə çatdırılmasına nəzarət olunması üçün istifadə olunur.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL