Azərbaycan və Koreya informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirəcəklər
Azərbaycan və Koreya informasiya və kommunikasiya texnologiyaları, elm və texnologiya sahəsində əməkdaşlığı genişləndirəcəklər. Bundan başqa, tərəflər arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı və balıqçılıq, enerji və dağ-mədən sənayesi, turizm, nəqliyyat, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında Hökumətlərarası Komissiyanın yaradılması və s. məsələlər nəzərdə tutulur.
Bu məsələlər iqtisadi inkişaf naziri Şahin Mustafayevin Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşündə gündəmə gətirilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verib, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb.
Əməkdaşlığın əsas istiqamətlərindən olan iqtisadi-ticarət əlaqələri genişlənib, iki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə əvvəlki ilə müqayisədə 72,5 faiz, bu ilin yanvar-iyul ayları ərzində isə 25 faiz artıb. İqtisadi inkişaf naziri digər sahələrdə də əlaqələrin inkişaf etdiyini qeyd edib, mövcud potensialdan istifadə etməklə iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək üçün real imkanların olduğunu diqqətə çatdırıb.
Koreyalı səfir Li Ci Ha ölkəsində Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu, Koreya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Görüşün sonunda əməkdaşlığın gələcək istiqamətlərini əks etdirən “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi İqtisadi inkişaf naziri Şahin Mustafayev və səfir Li Ci Ha imzalayıblar.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL