Əmlakdan istifadənin vəziyyəti ilə bağlı xüsusi hesabatlar elektron formada qəbul olunacaq
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakından, o cümlədən dövlət torpaqlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə nəzarətin daha da gücləndirilməsi istiqamətində kompleks tədbirlər görülür. Bu məqsədlə komitədə xüsusi komissiya yaradılıb.
Komissiya tərəfindən daşınmaz dövlət əmlakından və dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin səmərəliliyi araşdırılmalı, dövlət əmlakından qeyri-qanuni istifadə halları aşkara çıxarılmalıdır.
Komissiyanın apardığı monitorinqin nəticələri barədə həm də dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin və torpaqların istifadəsi vəziyyəti barədə analitik məlumatlar hazırlanacaq. Belə ki, dövlət əmlakından istifadə vəziyyəti konkret hallar üzrə araşdırılacaq ki, bu da vəziyyəti daha dəqiq öyrənməyə, çatışmazlıqları aşkar etməyə və daha təsirli tədbirlər görməyə imkan verməlidir.
Dövlət əmlakından istifadə vəziyyətinin səmərəliliyinin araşdırılması zamanı ilk növbədə diqqət əmlakın və torpaq sahəsinin qorunub saxlanmasına və qeyri-qanuni istifadə hallarının aradan qaldırılmasına yetirilir. Bundan başqa, əmlakın istifadə vəziyyəti, ondan qanuni və ya qanunsuz olaraq istifadə edildiyi, eləcə də boş və istifadəsiz qalmış sahələr müəyyən edilir. Komissiyanın apardığı araşdırmalar boş və istifadəsiz yerlərin aşkar edilməsinə imkan verəcək və dövlət və digər müəssisələrin yerləşdirilməsi üçün boş və istifadəsiz dövlət əmlakları barədə məlumat bankının yaradılmasında böyük rolu olacaq.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib. Komitədən bildirilib ki, indiyədək aparılan monitorinqlər nəticəsində dövlət əmlakından qeyri-səmərəli istifadə halları aşkara çıxarılıb.
Qeyd etmək lazımdır ki, qanunvericiliyə görə, dövlət müəssisələrinin öz balanslarındakı daşınmaz əmlakı birbaşa istifadəyə və ya icarəyə vermək səlahiyyəti yoxdur, bu səlahiyyət ƏMDK-nın səlahiyyətindədir. Amma bəzi hallarda dövlət qurumları qanunun bu tələbini pozaraq balanslarında olan əmlakı digər şəxslərə icarəyə və istifadəyə verirlər. Bəzən komitə tərəfindən icarəyə verilmiş əmlakın istifadəsindən icarəçinin imtina etməsi nəticəsində müqaviləyə xitam verilir, lakin həmin əmlakda qeyri-qanuni olaraq başqa təşkilatın yerləşməsinə balans saxlayıcı tərəfindən şərait yaradılır.
Adı çəkilən komissiya dövlətə məxsus torpaq sahələrindən istifadənin vəziyyətini də araşdırır. Monitorinqlər bu sahədə də pozuntuların olduğunu aşkar edib. Məsələn, məlum olub ki, dövlət müəssisəsinə məxsus torpaq sahəsində yerləşən yardımçı tikililər olan torpaq sahəsi bəzi hallarda müvafiq icra hakimiyyətinin qərarları ilə sahibkarlıq məqsədilə hüquqi və fiziki şəxslərə verilib. Belə halların qarşısını almaq üçün qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülür. Həmin torpaqlarda qeyri-qanuni tikintilərin qarşısının alınması üçün də tədbirlər görülür.
Qeyd edilməlidir ki, ilk növbədə monitorinqlər Bakı şəhərində aparılır. Sonrakı mərhələdə isə respublikanın digər şəhər və rayonları da əhatə ediləcək. Araşdırmalar başa çatandan sonra aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanacaq. Dövlət qurumlarına müraciət edilərək pozuntuların onların nəzərinə çatdırılması nəzərdə tutulur.
Dövlət əmlakından istifadə vəziyyətinin səmərəliliyini araşdırmaq məqsədilə yaradılan xüsusi komissiya əhalinin istifadəsində olan dövlət əmlaklarından, məsələn, yaşayış binalarının 1-ci mərtəbələrindəki dövlətə məxsus qeyri-yaşayış sahələri, zirzəmi və yarımzirzəmilərdən istifadə vəziyyətini də araşdıracaq. Belə ki, qanunvericiliyə əsasən çoxmərtəbəli yaşayış binalarının (sovet dövründə inşa edilən) I mərtəbələri, zirzəmiləri və yarımzirzəmiləri əksər hallarda dövlət əmlakı kimi nəzərdə tutulmuşdur.
Belə ki, belə sahələr bəzi hallarda xidmət müqaviləsi adı ilə icarəyə və istifadəyə verilib. Bu hallar aşkar olunsa, həmin sahələr dövlətsizləşdiriləcək ki, bu da özəlləşdirmənin sürətləndirilməsinə səbəb olacaq.
Bundan başqa, yaşayış binalarındakı zirzəmilərin bir hissəsi qeyri-qanuni olaraq uzun müddətdir ki, burada yaşayan sakinlər tərəfindən istifadə olunur.
Araşdırmalar zamanı belə halların aşkar edilməsi və qarşısının alınması, yəni zirzəmilərdən istifadənin qanuni müstəviyə gətirilməsi nəzərdə tutulur. Yəni zirzəmilərdən istifadə qanuni icarə əsasında mümkün olacaq. Belə obyektlərin özəlləşdirilməsi zamanı isə üstün hüquq həmin əmlakın icarəçilərinə və istifadəçilərinə veriləcək.
Dövlət əmlakından istifadənin səmərəliliyini artırmaq üçün həyata keçirilən mühüm tədbirlərdən biri də bu sahədə elektron xidmətlərin tətbiqidir. Belə ki, əmlakdan istifadənin vəziyyəti ilə bağlı dövlət qurumlarından illik xüsusi hesabatların elektron formada qəbuluna hazırlıq gedir.
Ölkə prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına uyğun olaraq həyata keçirilən bu yenilik nəticəsində hesabatların verilməsi prosesində şəffaflıq təmin olunacaq, ƏMDK-nın məsləhətçiləri ilə dövlət qurumlarının vəzifəli şəxsləri arasında canlı əlaqə qurulacaq.
Elektron hesabatın digər üstünlüyü onun tam tərtib olunması qaydasına riayət edilməsində də özünü göstərəcəkdir. İndiyədək poçt vasitəsilə göndərilən hesabatlar bəzən tam doldurulmurdu ki, çatışmayan məlumatların təmin etdirilməsi həm əlavə yazışmalara, həm də böyük vaxt itkisinə səbəb olurdu. İndi isə hesabatlar avtomatlaşdırılmış sistem vasitəsilə qəbul ediləcək və hər hansı dövlət qurumu tərəfindən yarımçıq tərtib edilmiş hesabat sistem tərəfindən qəbul edilməyəcək, yəni hesabatın hər hansı bölməsinin tam doldurulmamağı barədə sistem özü xəbərdarlıq edəcək.
Nəticədə vaxt itkisi və əlavə yazışmalar aradan qalxacaq, hesabatların tam qəbuluna nail olunacaq. Hesabatların elektron formada qəbulu sayəsində istənilən anda istənilən rayon-şəhər və ya dövlət qurumları üzrə məlumatı bilmək və istifadə etmək asanlaşacaq. Digər tərəfdən, belə hesabatlardakı göstəriciləri, ayrı-ayrı qurumlar və ya ayrı-ayrı sahələr üzrə ümumiləşdirmək və təhlil etmək qat-qat sadələşəcək.
Qeyd edək ki, komitə il ərzində 6500-ə yaxın hesabat qəbul edir. Onların alınıb yoxlanması, təhlili və s. böyük iş tələb edir. Yeni proqram qurulandan sonra bu iş avtomatlaşacaq, böyük həcmdə yazışmaların qarşısı alınacaq. İstənilən dövlət qurumu və ya müəssisəsində dövlət əmlakının hərəkətini izləmək mümkün olacaq.
Bu da dövlət əmlakının istifadəsində nəzarəti və bu sahədə səmərəliliyi artırmağa imkan verəcək.
Hazırda bu sistemin tətbiqi üzrə işlərə başlanılıb. Sistemin iş reqlamenti, texniki iqtisadi əsaslandırılması, dövlət müəssisələri ilə bağlanacaq müqavilənin forması, eləcə də bu işin təşkili üçün maliyyə vəsaiti barədə məlumat, alınması zəruri olan avadanlıqların siyahısı hazırlanaraq təqdim olunub, indi texniki məsələlər həll olunur. Növbəti hesabat müddətinə bu sistemin işə hazır olacağı gözlənilir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL