waplog

Vergilər Nazirliyi ikitərəfli SMS xidmətini istifadəyə verib


Vergi öhdəliklərinə könüllü əməl edilməsi səviyyəsini yüksəltmək və vergi ödəyicilərinin vaxtına qənaət etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən “Azercell” abonentlərinin istifadə edə biləcəyi “İkitərəfli SMS xidməti” yaradılmışdır. Yeni xidmət vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılmasını nəzərdə tutur.

Belə ki, vergi ödəyiciləri Vergilər Nazirliyinin müəyyən etdiyi xüsusi nömrəyə - 8195-ə SMS göndərməklə vergi borcu, təqdim edilməli bəyannamələr və hesablanmış vergilər barədə daha bir informasiya mənbəyi əldə edərək vergi öhdəliklərini vaxtında yerinə yetirmək imkanı əldə edəcəklər. ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, “İkitərəfli SMS xidməti”ndən istifadə etmək üçün ilk növbədə mobil telefon nömrəsi qeydiyyatdan keçirilməlidir. Bunun üçün mobil telefonda *195*istifadəçi kodu*şifrə# yığılmaqla “Yes” düyməsi sıxılır. Nömrənin qeydiyyatdan keçirilməsi barədə müvafiq mesaj telefona gəldikdən sonra  vergi ödəyicisi abunə olmaqla və ya sorğu göndərməklə, yaxud hər ikisini seçməklə xidmətdən yararlana bilər.

Xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən 8195 nömrəsinə SMS göndərilməlidir. Bir nömrə iki və daha çox vergi ödəyicisi üzrə də qeydiyyatdan keçirilə bilər.

Abunə olmuş vergi ödəyicisi büdcəyə ödəniş etdikdə, onun büdcəyə borcu yarandıqda, təqdim edilən bəyannamə üzrə vergi hesablandıqda, bəyannamə üzrə uyğunsuzluq yarandıqda, gecikdirilən bəyannamələr olduqda, fəaliyyəti dayandırıldıqda və ya aktivləşdikdə, cari vergi ödəmələri barədə arayış təqdim etdikdə, cari vergi ödəmələri hesablandıqda, ləğv bəyannamələri göndərməli olduqda onun  telefonuna müvafiq məzmunlu SMS-lər göndərilir. Aylıq abunə haqqı 1 manat 18 qəpikdir və abunə ləğv olunanadək  hər ay nömrənin balansından sabit şəkildə həmin məbləğ mobil operator tərəfindən tutulur.

Qeydiyyatdan keçirilmiş nömrə vasitəsilə vergi ödəyicisi 1 yazıb 8195 nömrəsinə göndərməklə dövlət büdcəsinə olan borc, 2 yazıb 8195 nömrəsinə göndərməklə təqdim etməli bəyannamələr, 3 yazıb 8195 nömrəsinə göndərməklə isə fəaliyyətin aktiv və ya dayandırılmış olması barədə məlumat ala bilər. Göndərilmiş hər sorğuya görə nömrənin balansından 10 qəpik  xidmət haqqı tutulur.

Hazırda “İkitərəfli SMS xidməti”ndən yalnız “Azercell” abonentləri yararlana  bilər. Gələcəkdə bu xidmətdən digər mobil operator müştərilərinin də istifadə etməsi nəzərdə tutulur. Xidmətdən istifadə qaydaları barədə daha ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi saytından (http://www.taxes.gov.az/) və “195” Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə etmək olar.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL