waplog

Plastik kartlara tam keçid ölkənin bütün maliyyə sisteminə çox müsbət təsir göstərəcək


Bu gün Azərbaycanda gündəmdə olan əsas məsələlərdən biri də ölkədə nağdsız ödənişlərin həcminin artırılması, ödəniş sistemləri sahəsində həyata keçirilən islahatların əlaqələndirilməsidir. Təsadüfi deyil ki, ölkə başçısı tərəfindən respublikada nağdsız ödənişlər üzrə dövriyyənin ən qısa vaxtda inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması əsas vəzifə kimi irəli sürülüb.

Respublika prezidenti dəfələrlə çıxışında bildirib ki, “POS-terminalların geniş şəkildə tətbiq edilməsi Bakıda, böyük şəhərlərdə və ondan sonra bütövlükdə ölkə üzrə bu məsələnin - nağdsız ödəmələrin həlli ölkənin bütün maliyyə sisteminə çox müsbət təsir göstərəcək”.
 
Məlumatsızlıqdan yaranan problemlər
 
Nağdsız ödənişlərə keçid isə əhalinin plastik kartlardan istifadə bacarığını, o cümlədən prosesin kütləvi xarakter alması üçün bununla bağlı insanların maarifləndirilməsini gündəmə gətirir. İlk növbədə istifadəçilərin plastik kartların növləri ilə tanışlığı vacibdir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) də “Rabitə dünyası”na əhalinin plastik kartlarla bağlı kifayət qədər məlumatlı olmamasının onların hüquqlarının pozulmasına səbəb olduğunu deyir: “Hazırda dünyanın aparıcı ölkələrində insanlar əsasən ödənişləri plastik kartlar vasitəsilə həyata keçirirlər. Azərbaycanda da artıq bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir və plastik kartların istifadəçiləri durmadan artır. Lakin əhalinin plastik kartlarla bağlı kifayət qədər məlumatlı olmaması tez-tez onların hüquqlarının pozulmasına səbəb olur.

Plastik kartlar və ya ödəmə kartları vəsait ödənilməsində istifadə edilən müasir texniki vasitədir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur. Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır”.

Plastik kartın əsas cəhətləri və üstünlükləri müştəri üçün istifadə rahatlığı, pulların itirilməsi riskinin azalması, avtomatik konvertasiya və maliyyə cəlbediciliyi, faizlərin ödənilməsi, hesabın uzaqdan idarə edilməsi və s. deməkdir: “Eyni zamanda nəzərə alın ki, kart sahibi olmaq sizə fərqli ödənişlərin eyni vaxta evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsinə, vergi və rüsumların, kommunal xərclərin internet vasitəsilə ödənilməsinə, mal və xidmətlərin internet vasitəsilə alışına imkan verəcək”.
 
Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi 3 cür plastik kartlar
 
Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi plastik kartlar əsasən üç yerə ayrılır: debet, kredit və ödəmə kartları. Debet (elektron) plastik kartları bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilir: “Kartlar debet rejimində işləyir, yəni ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Azərbaycanda və dünyanın bir çox ölkələrində debet kartları alınan məhsul və xidmətlərin haqqının ödənilməsi üçün də istifadə edilir”. Kredit kartlar isə hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır: “Debet kartlarından fərqli olaraq kredit kartları öz sahibinə daha çox sərbəstlik verir.

Belə ki, lazım olduqda kart sahibi hesabında olduğu məbləğdən daha çox vəsait xərcləyə bilər, lakin yalnız bank tərəfindən təyin olunmuş kredit limiti çərçivəsində. Kredit kartları bankomat və ya müvafiq bankın filiallarının kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilə bilər. Bundan əlavə, onlar bütün dünyada məhsul və xidmətlərin haqqının ödənilməsi üçün qəbul edilirlər.

Kredit kartları öz sahibinin maliyyə cəhətdən sabitliyini göstərir. “Visa Gold”, “MasterCard Gold”, “Visa Platinum” və “MasterCard Platinum” kimi elit kartların sahibləri isə əlavə olaraq bir çox imtiyaz və güzəştlər alırlar”. Kredit kartları həmçinin internet şəbəkəsində də ödəniş üçün qəbul edilirlər. Amma risk istisna edilmir. Məsələn, Azərbaycan Beynəlxalq Bankı (ABB) təhlükəsizlik üçün bu hallarda müştərilərinə xüsusi “virtual” kartlardan istifadə etməyi məsləhət görür: “Kredit kart sahibləri Azərbaycan Beynəlxalq Bankından pulsuz tibbi sığorta polisləri də əldə edirlər”.Ödəmə kartları isə hesablaşmanın asan yolunu təmin edən kartlardır.
 
Böyük məbləğdə pul olan kartdan internet şəbəkəsində istifadə məsləhət deyil 
 
İnternet plastik kartlarına gəlincə, məsələn, ABB “Visa International” və “MasterCard International” beynəlxalq ödəniş sistemlərinin yalnız internet şəbəkəsində məhsul və xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan xüsusi kartlarını buraxır: “Bu kartlarda maqnit zolağı və PİN-kod olmadığından onlardan bankomatlar vasitəsilə nağd pul almaq və ya mağazalarda alınan malların haqqını ödəmək məqsədi ilə istifadə etmək qeyri-mümkündür.

Bu kartlar yalnız debet rejimində işləyir. ABB-də “VISA InterCard”, “MasterCard”, “WebCard” kimi  “virtual” kartları əldə etmək mümkündür. Kartlardan internet şəbəkəsində istifadə etmək niyyətindəsinizsə, ABB-nin xüsusi internet kartlarını almağı məsləhət görürük. Bu kartlar internet şəbəkəsində iş zamanı buraxdığınız səhvlər nəticəsində ortaya çıxa biləcək bir sıra problemlərin həllində sizə köməklik göstərəcək”.

Hər hansı başqa plastik kartda olduğu kimi, internet kartlarda da universal və təkrarsız 16 işarəli nömrə, kart sahibinin adı, kartın qüvvədə olma müddətinin bitəcəyi tarix, eləcə də “InterCard”ın üz tərəfində göstərilən xüsusi üç işarəli CVV2/CVC2 kodu var: “Amma bu kartı başqa kart tiplərindən fərqləndirən və onun istifadəsini daha təhlükəsiz edən başlıca cəhət ondan ibarətdir ki, siz yalnız kartınıza təhkim edilmiş hesaba qabaqcadan qoyduğunuz vəsaiti xərcləyirsiniz.  Kartın maqnit zolağı yoxdur ki, bu da ondan internet şəbəkəsindən kənarda istifadəni mümkünsüz edir”.

İnternet şəbəkəsində adi kartlardan da istifadə etmək olar. Amma bu halda müvafiq qaydalara riayət edilməlidir: “Tanımadığınız internet səhifələrində özünüz və kartınız barədə məlumat verməyin. Əvvəlcədən, pulunuzu köçürəcəyiniz təşkilatın hüquqi ünvanını öyrənin. Əgər ünvan göstərilməyibsə və ya təşkilat etibarınızı doğrultmursa, həmin internet səhifədə kartınızdan istifadə etməyin. Əgər kartınızda böyük məbləğdə pul varsa, bu kartdan internet şəbəkəsində istifadə etməyi məsləhət görmürük”.
 
Yeni kart almaq arzusunda olanlar bilsinlər ki...
 
Ümumiyyətlə, hazırda müxtəlif rejimlərdə işləyən çoxsaylı kart növləri mövcuddur. Ona görə də Dövlət Xidməti müraciət edəcəyiniz bankdan kartla bağlı zəruri məlumatları əldə etməyi və sizə lazım olanı seçməyi məsləhət görür: “Məlum olduğu kimi, ödəniş kartı ilə ticarət mərkəzlərində, mağazalarda, iaşə obyektlərində apa­rılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsi ilə həyata keçirilir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır.

POS-terminal həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün çox faydalıdır”. POS-terminal üzrə əməliyyatlar həyata keçirilərkən bir qayda olaraq iki nüsxədə qəbz çap olunur. İmzalanmış qəbzin bir nüsxəsi təsərrüfat subyektində qalır, digəri isə kart sahibinə verilir: “Bilin ki, bu qəbzin alınması malın dəyişdirilməsi, geri qaytarılması və istehlakçıların hüquqlarının müdafiəsi baxımından zəruridir.

Plastik kart istifadəçisi olaraq hər kəs bilməlidir ki, sahib olduğu kart üzərində yazılan ayın son gününədək etibarlıdır. Yeni kart almaq arzusundasınızsa, istifadə müddətinin bitməsinə ən azı bir həftə qalmış banka müraciət etməlisiniz”.
 
Kartınız oğurlandıqda və ya itirildikdə...
 
Kartınız oğurlandıqda və ya itirildikdə dərhal onu aldığınız banka məlumat verin. Yazılı məlumat vermək imkanına malik olmadığınız təqdirdə bankla digər vasitələrlə də əlaqə saxlamaq olar və bu, sizi gözlənilməz zərərlərdən qoruyacaq.  ASİHMDX alış-veriş əməliyyatları apararkən imzaladığınız sənədə, xüsusilə də tarix və məbləğ bölümlərinə diqqət yetirməyinizi vacib sayır: “Doldurulmamış sənəd imzalamayın.

Xərcləriniz barədə bankdan aldığınız hesab cıxarışlarını özünüzdə olan hesab surətləri ilə tutuşdurun. Fərq olduğu təqdirdə banka müraciət edin. Kartla verdiyiniz sifarişdən imtina edildikdə sifarişdən imtina kodunu almağı unutmayın. Əks halda müvafiq miqdar hesabınıza borc kimi yazıla bilər. Kartdan istifadə edərkən limiti aşdığınız təqdirdə sizi əlavə faizlər gözlədiyini yaddan çıxarmayın”.
 
Kartı mobil telefon, məişət və ofis avadanlığı ilə yanaşı saxlamaq olmaz
 
Hər kəs kartın saxlanma və istifadə şərtlərinə əməl etməlidir. Bilin ki, kart mexaniki, temperatur və elektromaqnit təsirlərdən qorunmalı, rütubətdən uzaq saxlanmalıdır. Kartı mobil telefon, məişət və ofis avadanlığı ilə yanaşı saxlamaq olmaz.

Ödəniş kartının təhlükəsizliyi üçün PİN kodu əzbərləyin və məxfi saxlayın. PİN-kodunuzu heç vaxt kartın üzərində yazmayın. Kartla kodu ayrı-ayrı yerlərdə saxlayın. Bu onların birlikdə itməsinin və ya oğurlanmasının qarşısını ala bilər və pulunuzun hesabınızda toxunulmaz vəziyyətdə qalmağını təmin edər.
 
Xəbərdarlıq: bank kartınızı üçüncü şəxslərin istifadəsinə verməyin!
 
Yaddaşda yerləşən təlimatlara əməl edilməsi bank kartlarının, onun rekvizitlərinin, PİN və digər məlumatların maksimum mühafizəsini təmin edər, eyni zamanda kartdan bankomatda, internet vasitəsilə istifadə edərkən ehtimal olunan risklərin qarşısını alar. Heç zaman bank kartınızı üçüncü şəxslərin istifadəsinə verməyin: “Bank kartını alarkən əgər arxada yer göstərilmişdirsə, ora qol çəkin. Bu onun təsadüfən itirildiyi zaman istifadə riskini azalda bilər. Hər hansı bir şəxs sizdən özünüz barədə və yaxud da kartın PİN kodu barədə məlumat istəsə, bu məlumatı təqdim etməyin”.

Dövlət Xidməti vurğulayır ki, kredit təşkilatının adından məlumat verilməsini xahiş edən elektron məktublara da cavab vermək məsləhət deyil. Belə hallarda kredit təşkilatına zəng vurub fakt barədə məlumat vermək lazımdır: “Əgər bankomatın klaviaturası və ya kartın qəbul edildiyi yerdə sizə tanış olmayan əlavə vasitələr yerləşdirilmişdirsə, bu halda həmin bankomatdan istifadə etməyərək onun üzərində əks olunan kredit təşkilatının nömrəsinə zəng edib öz şübhələriniz barədə onları məlumatlandırın. Bank kartını verən təşkilatın əlaqə telefonu kartın arxasında göstərilir”.
 
“Günahkar” bankomat
 
Bəzən bankomatın kartı qəbul etmədiyi hallar da baş verir ki, bu zaman bankomat müştərinin gözündə “günahkar” duruma düşür. Dövlət Xidmətinin bu vəziyyətlə bağlı tövsiyəsi də var: “Bankomat kartınızı qəbul etmədiyi halda fiziki güc tətbiq etməyin. Bankomatdan pulunuzu alan zaman dərhal yerində sayın, kartınızın geri qaytarıldığına əmin olduqdan sonra çeki çıxarın. Yalnız bundan sonra əldə etdiyiniz məbləği götürüb bankomatdan uzaqlaşın”.

ASİHMDX mal və xidmətlər internet, telefon və ya faks vasitəsilə sifariş olunduğu halda PİN-dən istifadə etməməyi də məsləhət görür: “Əməliyyat aparan zaman bankomat kartınızı geri qaytarmadığı halda kredit təşkilatına zəng vurub mövcud problemlə bağlı məlumat vermək və kredit təşkilatının əməkdaşının təlimatlarına uyğun hərəkət etmək lazımdır”.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL