waplog

Özəlləşdirilmə zamanı keçirilən hərraclarda elektron idarəetmənin tətbiqi daha da genişləndiriləcək


Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış Kredit Sazişinə əsasən,  Azərbaycanda həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Beşillik Strateji Planının və Birillik Fəaliyyət Planının hazırlanması işlərinə başlanıb.

Beşillik Strateji Plan qarşıdakı dövrdə komitənin fəaliyyətinin daha çevik, modern və şəffaf mexanizmlər əsasında qurulması, dövlət əmlakından istifadənin və özəlləşdirmənin səmərəliliyinin artırılması, həmçinin daşınmaz əmlak idarəçiliyinin və qeydiyyat sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin geniş tətbiq edilməsi, vətəndaşların və biznes qurumlarının daha müasir xidmətlərlə təmin edilməsi hədəflərinə yönələcək.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib. Komitədən qeyd edilib ki, Beşillik Strateji Planda Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin əsas icraçı təşkilatı kimi Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət qurumu olaraq, fəaliyyətinin müasirləşdirilməsi əsas prioritetdir.

Beşillik Strateji Planın hazırlanması məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dünya Bankının dəstəyi ilə Niderland Krallığından və Almaniyadan olan müvafiq təcrübəyə malik dörd beynəlxalq məsləhətçi - Piter Plantinqa, Andre Kvitovski, Piter Laarakker, Fritz Diqmayer cəlb ediliblər. Beynəlxalq ekspertlər və komitə mütəxəssisləri tərəfindən bir il ərzində Beşillik Strateji Planının və Birillik Fəaliyyət Planının hazırlanması nəzərdə tutulur.

Hazırda beynəlxalq ekspertlər ikinci missiya çərçivəsində Bakıdadırlar: “Beynəlxalq məsləhətçilər Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmri ilə yaradılmış xüsusi işçi qrupunun iştirakı ilə dövlət əmlakının idarə edilməsi, ondan səmərəli istifadə, özəlləşdirmə, daşınmaz əmlakın qeydiyyatı və vahid kadastrı, ünvan reyestri sahəsində kompleks təhlil və monitorinqlər aparacaqlar.

Təhlil və araşdırmalar əsasında uzunmüddətli fəaliyyətlərin planlaşdırılması, maliyyə, texniki və kadr resurslarının səfərbər olunması, effektiv maliyyələşdirmə mexanizmləri, dövlət qurumu kimi əsas vəzifələrin icrası zamanı şəffaflıq və səmərəliliyin artırılması ilə bağlı hədəf və istiqamətlər müəyyən ediləcək. İşçi qrupuna komitənin aidiyyəti qurumları və beynəlxalq məsləhətçilərlə səmərəli fəaliyyətini təşkil etmək, öz fəaliyyətini Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi ilə çevik əlaqələndirmək barədə tapşırıqlar verilib”.

Beşillik Strateji Plan müvafiq xidmətlərin daha etibarlı göstərilməsi, xidmət standartlarının yüksəldilməsi, İT strategiyaları, kadr resurslarının inkişafı, texniki planlar, əhaliyə davamlı və qənaətcil xidmətlərin göstərilməsi sahəsində komitədaxili strategiyanın hazırlanmasını əhatə edəcək. Eyni zamanda insan resurslarının idarə edilməsi və inkişafı, vətəndaşlarla münasibətdə davranışın nizamlanması, peşəkarlığın daha da artırılması ilə bağlı araşdırmalar həyata keçiriləcək.

Komitənin dayanıqlı fəaliyyəti üçün investisiyalar, xərclərin planlaşdırılması və büdcə tərtibatı prosesləri, göstərilən xidmətlərin tarifləri üzrə qabaqcıl təcrübələr öyrəniləcək. Beşillik Strateji Planın həyata keçirilməsinin əsas məqsədləri dövlət əmlakının idarəçiliyi və özəlləşdirmənin səmərəliliyinin artırılması, bu sahədə yeni yanaşmalar və mexanizmlərin tətbiqi, dövlət əmlakının özəlləşdirilməsi zamanı keçirilən hərraclarda elektron idarəetmənin tətbiqinin daha da genişləndirilməsi, daşınmaz əmlakın qeydiyyatında xidmət keyfiyyətinin artırılması, kadastr və məkan məlumatları infrastrukturunun, elektron xidmətlərin tətbiqinin genişləndirilməsidir.

Bununla yanaşı, əmlak istifadəsindən dövlətin gəlirlərinin artırılması, özəlləşdirmənin sürətləndirilməsinə, daşınmaz əmlakın qeydiyyatının, kadastr və ünvan sisteminin daha müasir standartlar əsasında qurulmasına nail olunacaq.  


Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL