waplog

Bakıda İKT şirkətlərinin də təmsil olunduğu Azərbaycan-Niderland biznes forumu keçirilib


Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Niderlandın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Niderland biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, İKT, logistika, sənaye, kənd təsərrüfatı, xidmət, enerji, memarlıq, infrastruktur, tikinti və mühəndislik, tullantıların idarə olunması və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, biznes forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini və bu istiqamətdə “Yeni Qonşuluq”, “Şərq Tərəfdaşlığı” proqramlarının uğurla həyata keçirildiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və yüksəksəviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycanda bank və sığorta, tikinti, sənaye, rabitə, nəqliyyat, xidmət, ticarət, kənd təsərrüfatı və s. sahələrdə 70 Niderland investisiyalı şirkət fəaliyyət göstərir və bu sahələrə Niderland şirkətləri tərəfindən 365 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-a yaxın sənəd imzalanıb. Bu ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 42% artıb. Nazir Şahin Mustafayev biznes forumun iş adamları arasında əlaqələrin daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Niderland Krallığının Baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagen ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Biznes forum zamanı Azərbaycan və Niderland Krallığı arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” layihəsinə dair bəyanat imzalanıb. Sənədi iqtisadi inkişaf naziri Şahin Mustafayev və Niderland Krallığının Baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagen imzalayıblar. Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev Niderland Krallığının Baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagen ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL